Ölkənin böhranla üz-üzə olduğu bir vaxtda hakimiyət «talana davam» qərarı verib
Israfçılığın, ədalətsizliyin, nankorluğun da bir həddi olmalıdır. Ölkə böhranla üz-üzə qalıb, ixtisarlar aparılır, valyuta ehtiyatları azalır, sosial-iqtisadi vəziyyət getdikcə pisləşir, vətəndaşlar kredit borcunun əsirinə çevrilib. Belə bir məqamda hakimiyyət əhəmiyyətsiz layihələrə milyonlar xərcləməkdən imtina etmir.
8 milyardlıq Avropa Oyunları, xarici futbol klublarına hədiyyə edilən 70 milyon, ölkəmizə gələcək heyətin xərcinin ödənilməsi bəs etmirmiş kimi, bu il də Gül bayramını keçirməyə hazrlaşırlar. Martın 31-də Konservatoriya qarşısındakı bağ yenə bağlanıb. Bütün bu ərazi hasarlanıb və orada stendlər və konstruksiyalar quraşdırılır. Hakimiyyətin hər il mayın 10-da qeyd etdiyi Gül bayramında onların üzərində güllər və gül kompozisiyaları yerləşdiriləcək. Həmin gün Heydər Əliyevin ad günüdür, artıq neçə ildir ki, dövlət bayramı səviyyəsində qeyd olunur. Konservatoriya qarşısındakı bağ, həmçinin bulvar, Qış parkı bir ay əvvəldən hasarlanır. Bütün bu müddət ərzində orada stendlər quraşdırılır, bir çox ölkələrdən idxal edilmiş güllər yerləşdirilir. 1-2 gün sonra stendlər sökülür, güllər isə Balaxanı zibilliyinə atılır.
Bu qədər israfçılığa nə ehtiyac var. Axı bu həm də vətəndaşa və dövlətə qarşı ədalətsizlik və nankorluqdu. Şəhid ailələrinin sığorta pulunu vermirlər, müəllimin, həkimin əmək haqqı 150-200 manat təşkil edir, təqaüdçünü 70 qəpiklik artıma layiq görürlər, işsizlər ordusu hər gün artır. Belə bir reallıqda Gül bayramı adı altında 10 milyonları havaya sovurmaq cılızlığın, vətəndaşa xəyanətin, korrupsiyanın, oğurluğun göstəricisi deyilmi? Bir nəfərin ad günün qeyd olunacaq deyə, milyonlarla insanın haqqı talan edilməlidir?
Ölkə başçısı Ilham Əliyev çıxışında bildirdi ki, böhranlı vəziyyət yaranıb, valyuta ehtiyatları azalır və israfçılığa, əhəmiyyətsiz layihələrə son qoymaq lazımdır. Gül bayramı adı altında 10 milyonlarla manatı talan etməkdən böyük israfçılıq varmı? Bu ölkədə ən böyük talançılıq Gül bayramı ilə bağlı deyilmi.
Vətəndaş aylarla ət ala bilmir, valideynlər övladlarının zəruri ehtiyaclarını qarşılamaqda acizdilər, təhsil haqlarını ödəyə bilmədiyinə görə minlərlə tələbə təhsilini yarımçıq qoyur, sosial problemlərin ağırlığına görə insanlar intihar edir. Vətəndaşın ah-naləsini görə-görə milyonları talan etməyə nə ad verək? Xalqa bu qədər nifrət etmək olarmı? 2 milyon vətəndaşı dolanışıq üçün ölkə xaricinə pənah aparıbsa, həmin ölkənin Gül bayramı keçirməyə haqqı var? Bir günlük şouya görə 10 milyonları talan etmək vətəndaşa meydan oxumaqdır.
Bu milyonların talan edilməsi nifrətlə, qarğışla, ah-nalə ilə qarşılanır. Artıq Gül bayramı qara bayrama çevrilib. Səfalət qapımızı döydüyü saatlarda hakimiyyət büdcəni talamağa davam edir.
Bir daha sübut olunur ki. Bu hakimiyyət üçün vətəndaşın bir dəstə gül qədər də qiyməti yoxdur. Gülə bilməyən insanların ölkəsində 10 milyonlarla vəsait hesabına Gül bayramı keçirilir. Dünyanın heç bir sivil ölkəsində nə hakimiyyət bu addımı ata bilər, nə də vətəndaş buna biganə qalar.
S.Novruz