Sülhəddin Əkbər: «Böyük ehtimalla, bu, Azərbaycan vətəndaşlarının vuruşduğu ölkələrdir»
Milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində keçirilən tədbirdə milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxış edib.
Nazir son vaxtlar Azərbaycan vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının artmasının narahatlıq doğurduğunu bildirib. Qeyd edib ki, belə mənfi təzahürlər və ümumilikdə dini zəmində terrorçuluqla mübarizəyə cəmiyyətin də yaxından cəlb edilməsi zərurəti yaranır. Nazirin sözlərinə görə, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycana qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır.
Maraqlıdır, nazirin çıxışında hansı region ölkələri nəzərdə tutulur?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyir ki, bu məsələdə konkret olaraq baxış bucağı Azərbaycana hansı tərəfdən baxıldığı zaman müəyyən oluna bilər. Yəni Cənubi Qafqaz, Xəzər regionu, Yaxın və Orta Şərq ölkələri də nəzərdə tutula bilər: “Əsasən, son zamanlar bu məsələdə islam ölkələri, döyüş gedən ölkələr nəzərdə tutulur. Bu ölkələr isə çox geniş bir coğrafiyanı əhatə edir. Pakistandan tutmuş, Liviyaya qədər ölkələr ola bilər. Ona görə də konkret hansı ölkələrin nəzərdə tutulduğunu demək çətindir. Böyük ehtimalla, Azərbaycan vətəndaşlarının vuruşduğu ölkələr nəzərdə tutula bilər”.
Informasiya şöbəsi