Nazirlik vergi ödəyicilərinə martın 31-nə qədər vaxt qoydu
Ekspertlərə görə, devalvasiyanın təsirləri güclənməmiş müvafiq orqanlar onlara çatan gəliri geriyə almaq haqqında düşünür
Vergilər Nazirliyi vergi borcu olanlara xəbərdarlıq edib. Nazirliyin Analitik-informasiya şöbəsinin verdiyi məlumata görə, martın 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir.
2014-cü ilin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər isə mənfəət vergisinin bəyannaməsini bu il martın 31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini, Azərbaycan Respublikasının ərazisində 2014-cü ilin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyiciyə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə vergiödəyiciyə yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicidən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur (“Anspess”).
Ümumiyyətlə, Vergilər Nazirliyinin istər bu, istərsə də digər addımlarının ölkədə yaranmış son iqtisadi durumla bağlı olduğu hiss edilir. Belə görünür ki, büdcədə yaranmış maliyyə sıxıntısını hökumət məhz bu yolla qapatmaq niyyətindədir.
Bundan savayı, minimum əmək haqqının səviyyəsinin artırılacağının da bəyan edilməsi bu məqsədə xidmət edir. Çünki bu zaman da artan məbləğ büdcəyə əlavə vəsaitin cəlb olunması demək olacaq.
Çünki Azərbaycanda əksər müəssisə və təşkilatlarda ikili mühasibatlıq hökm sürür. Məsul şəxslər də bunu bilməmiş deyil. Ona görə minimum əmək haqqının artırılması ideyası təsadüfən gündəmə gətirilməyib.
Manatın devalvasiyasından sonra sahibkarlara qarşı tətbiq olunan cərimələr də etiraf olunmasa belə, məhz büdcəyə əlavə vəsait cəlb olunmasına xidmət edir.
Ekspertlər hesab edir ki, Vergilər Nazirliyinin əsaslandırmaları sadəcə söz yığnağında mahiyyəti gizlətməyə xidmət edir. Əslində devalvasiyanın təsirləri güclənməmiş və insanların, biznesin həyatında hiss olunmamış, müvafiq orqanlar onlara çatan gəliri daha tez geriyə almaq haqqında düşünür. Çünki, hər cür gecikmələr və keçən gün özündə hansısa risk amillərin daşıyır. Ona görə də Vergilər Nazirliyi xəbərdarlıq etməklə ödənişlərin zamanında edilməsini istəyir. Dövlət bu risklərdən mümkün qədər uzaq durmaq və vergi intizamının gücləndirilməsini daha vacib hesab edir. Və bu proses il boyu davam edəcək.
Hikmət