Bu cür vəzifələrə məni təyin etmirlər, mən təyin edirəm
İsa Sadıqov
NATO-Qafqaz Alyansının prezidenti
Bu günlərdə mənə bir link göndərdilər. Bu, Rusiyanın Ren TV kanalında İ. Proxorenkonun “Voennaya tayna” adlı proqramının növbəti buraxışı idi. Bu proqramda aparıcı elan edirdi ki, mən də daxil olmaqla bir sıra azərbaycanlılar Ukraynada Rusiyaya qaşı döyüşlərdə iştirak edirlər.
İlik növbədə, ötəri olaraq onu qeyd edim ki, aparıcının sifəti və üz cizgiləri qətiyyən etimad doğurmur və onu görənlərdə qarışıq təəssüratlar yaradır. Amma bunu boş verirəm.
Söhbətin məğzinə aid onu deyə bilərəm ki, mən aşağı-yuxarı, 1 ildir ki, Ukraynaya getməmişəm. Bundan əlavə, nəyə görə Ukraynada ruslra qarşı döyüşənlər “terrorist” adlandırılmalıdırlar ki? Axı, Şərqi Ukraynadakı rus terroristlərinin yanında moxlu sayda serblər, osetinlər, abxazlar, ermənilər, almanlar, ispanlar və başqa millətlərin nümayəndələri vuruşur. Eləcə də, bir zamanlar Rusiyaya qarşı döyüşən çeçenlər də Ukraynaya qarşı bu savaşlarda iştirak edir. O zaman nəyə görə, Çeçenistandan, hətta Rusiyadan da kənarda yaşayan çeçenlər Ukrayna tərəfdən döyüşə girəndə onlar “terrorist” adlandırılmalıdır? Burada hansı məntiq var? Yoxsa, belə hesab edirlər ki, onlar hər şey edə bilərlər,amma bunlara qarşı heç kim heç nə edə bilməz? Rus ictimai rəyi üzərində işləyənlər belə düşünürlər ki, ruslar öldürə bilərlər, amma ruslara toxunmaq olmaz. Ya da belə düşünürlər ki, ruslar başqa millətlərin ərazilərini işğal edə bilərlər və həmin millətlər də qeyd-şərtsiz təslim olmalıdırlar.
Son 20-25 il ərzində müstəqil dövlət olan Ukrayna heç kimə qarşı döyüşməyib, başqalarının ərazilərinə iddia etməyib, xalqları qardaş qırğınına təhrik etməyib. Əksinə, məhz Rusiya təkcə postsovet ölklərini deyil, dünyanın bir çox başqa ölkələrini də qarışılıqlı müharibələrə təhrik edib, birisini tərk silah edərək, o birini silahlandırıb, müharibələr alovlandırıb.
“Voennaya tayna” kimi proqramların rus ictimai rəyini aldatmaq məqsədinə xidmət etdiyi aydındır, amma rusların neçə faizi bu axmaq yalanlara inanır, o da başqa söhbətin mövzusudur. O ki qaldı, şəxsən mənə, mənim həmvtənlərimə, bizim başqa təəssüratlarımız var. Biz 20 yanvar fəlakətini, Xocalı faciəsini unutmamışıq və Rusiyanın hərb maşının bütövlükdə hansı başqa cinayətlərə imza atdığını da yaxşı bilirik. Eləcə də, bütün Dağlıq Qarabağın işğalında onların iştirakını yaxşı bilirik və unutmuruq.
Rusiyanın “patriot” jurnalistləri buna bənzər nağıllarla rusların beynini xarab edə, onları əyləndirə, diqqəti əsas problemlərdən yayındırmaqla məşğul olsunlar. Bu yaxınlarda rusları əyləndirmək üçün daha yaxşı sensasiyalar olacaq: aclıq, bahalıq, qıtlıq,.. O zaman qonşuların evinə burunlarını soxmaqdan əl çəkib öz evlərində sahman yaratmağa başlayarlar, nəhayət.
Amma təəssüf ki, rusların bu mənasız təbliğatənən yalanlarına bizim Azərbaycan mediyasından da dəstək verənlər oldu. Amma sadəcə olaraq, soruşa bilərdilər…
Mən ümumiyyətlə, Avakovu- Ukraynanın Daxili İşlər nazirini tanımıram. Onunla görüşməmişəm və buna ehtiyac da duymamışam. Mənin Ukraynada görüşdüyüm adamlar daha səlahiyyətli adamlar olub. O zaman bu görüşlərdə Ukrayna rəhbərliyi kənardan bizim təklif edə biləcəyimiz dəstəkdən imtina etdi və əslində, düz də etdilər. Ukraynalıların özlərinin döyüş qabiliyyətli bir ordu yaratmaq üçün potensialları az deyil.
Başqa bir detala da toxunmaq istərdim. Guya kimsə məni hansısa batalyona qərargah rəisi təyin edibmiş. Üstəlik, hansısa batalyon ranqında. Məni kimsə hansısa vəzifəyə təyin edə bilməz, mən özüm kimlərisə hansısa vəzifələrə təyin edə bilərəm.
Bundan əlavə. Deyək ki, mən Avakovla görüşmüş olsaydım…. Mən onunla bir erməni kimi deyil, Ukraynanın- Rus işğalına qarşı savaşa başlayan bir ölkənin Daxili İşlər naziri kimi görüşə bilərdim. Amma bir başqaları vardı ki, öz ölkələrində OMON-u məhv etmək üçün Ermənistanın prezidentindən müvəqqəti atəşkəs istəmişdi.
Ukraynada 500 min nəfərdən çox azərbaycanlı yaşayır və Avakov da bu ölkənin Daxili İşlər naziridir. Avakovun adını bu şəkildə hallandıranlar orada yaşayan azərbayanlılar haqqında nəsə düşünə bilirlərmi? Yoxsa, onlar da sifariş verən böyükləri kimi kütbeyindirlər?
Hakimiyyət platformasında dayanan mediyadan istəyim budur ki, millətin mənafelərini kimlərinsə mənafelərinə qurban verməsinlər. Ruslar lazım və zəruri hesab etsələr Azərbaycanı öz maraqları naminə “uf” demədən qurban verərlər. Onlardan Azərbaycan xalqına və Azərbaycana dost olmaz. Rusiya ilə təmaslarda da öz millətinizi və millətinizin nümayəndələrini əskik düşürməyə çalışmayın. Qürurlu olmağa çalışın.
Amma hər kəs öz vəzifəsinin öhdəsindən gəlməlidir
Amma qürurlu olmaq o demək deyil ki, saxta vətənpərvərlik naminə ağzından qan saçasan. (Burası, artıq jurnalistlərə aid deyil).
Mən də düşünürəm ki, indi Səfər Əbiyevin zamanına isbətən orduda hansı müsbət tendensiyalar nəzərə çarpır. Səfər Əbiyevin zamanındakı “lazım gəlsə” terminindən də daha istifadə edilmir. Əvəzində faizlə danışırlar: 70 faiz, 100 faiz. “Hər bir şəhidimizə görə 100 düşmən əsgəri öldürəcəyik” kimi bəyanatlar.
Hardan götürülür bu rəqəmlər? Bu qədər kateqorik olmaq nəyə lazımdır ki? Birdən 100 olmadı, 99 oldu və ya 11 oldu? Yaxud heç, olmadı? Neyləyəcəksiz, istefa verəcəksiz?
Müdafiə naziri 100 yox, hətta 300 düşmən əsgərinin də məhv edilməsi üçün əmr verə bilər. Amma bu, cəmiyyətə və dünyaya açıqlanacaq əmr olmamalıdır, axı! Mən şübhə etmirəm ki, nazirin yanında təcrübəli generallar var və onlar nazirin qulağına pıçıldaya bilərlər ki, belə populist əmrləri sağa-sola səpələmək, bəlkə, hərbi səhra komandirinin ifasında normal səslənə bilər, amma nazir özünə bunu rəva görməməlidir.
Müdafiə naziri yalnız hərb demək deyil, həm də hərbi diplomatiya deməkdir. “İlk hücumda düşmənin 70 faizini məhv edərik” şəklində hərbə-zorba Müdafiə nazirinin leksikonunda olmamalı olan ifadələrdir.
Ola bilər ki, mənim bu qeydlərim özünü “vətənpərvər” elan edən kimlərinsə xoşuna gəlməsin. Amma elə şeylər var ki, onları kiminsə xoşuna gəlib-gəlməyəcəyindən asılı olmayaraq demək lazımdır.
Şəkil çəkdirmək yaxşı şeydir, amma bu, hərbi strategiyaya çevrilməməlidir.
Mənə elə gəlir ki, Azərbaycanda peşəkar orduya ehtiyac var və dərhal belə ordu yaradılmalıdır. Ön cəbhə, o səngərlər peşəkar ordunun əsgərlərinə həvalə edilməlidir. Yeni müdafiə nazirinin ən ciddi islahatı və ən ciddi niyyəti bu ola bilər.
Yoxsa, hansısa rəqəmlər və ya faizlər səsləndirməklə bir şeyə nail olmaq olmaz. Əliyevlər də 20 ildən artıqdır ki, buna bənzər bəyanatlar səsləndirirlər. “Gedərik, hücum edərik, dağıdarıq, tökərik”… Bütün bunlar həddini aşanda komediyaya çevrilir.
Ordu isə bizim hamımızındır və onun reputasiyası ilə oynamaq olmaz. Ordu yarımçıq siyasi niyyətləri nəzərdə tutan bəyanatların obyektinə çevrilməməlidir.
Əlbəttə, mən Zakir Həsənovu başa düşürəm. O, sadəcə olaraq, müdafiə naziridir və ona geniş səlahiyyətlər verilməyə bilər. Amma nazir bir qədər daha tələbkar olmalı, orduda bütün ciddi islahatların məsuliyyətini öz üzərinə götürərək yeniləşdirmə aparmalıdır.
Əgər bu yeniləşməni, ciddi hərbi islahatları ölkənin siyasi rəhbərliyi istəmirsə, deməli nazirin hansı hərbi hissələrdə nahar etməsi və ya hansı pozisiyalarda şəkil çəkdirib paylaşmasının hərbi vətənpərvərliyə və ya perspektiv hərbi uğurlara dəxli yoxdur…