Jurnalist araşdırmaları Təşkilatı Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın cinayət əməllərilə bağlı yeni faktlar açıqlayıb. Güman olunur ki, prezidentin qızı rüşvət, şantaj, təsir imkanından sui istifadə yolu ilə telekomunikasiya şirkətlərindən təxminən bir milyard dollar pul əldə edib.
Təşkilatın hesabatında bildirlir ki, araşdırmalar Gülnarə Kərimovanın korrupsiya sahəsinin bu vaxta qədər təsəsvvür edildiyindən daha geniş olduğunu ortaya qoyur. İddiaya görə, Gülnarə Kərimova telekomunikasiya şirkətlərindən lisensiya məsələsində kömək etmək adıyla böyük pullar qoparıb. 2001-ci ildə o, mobil rabitə sahəsində xidmət göstərən Uzdunrobita şirkətindən səhmlərin 20 faizini tələb edib. Əks halda şirkətin sıradan çıxarılması ilə hədələyib. Kərimova bu yolla şirkətin səhmlərinin xeyli hissəsini əldə edə bilib və sonradan onları Rusiya şirkətinə 100 milyon dollardan baha qiymətə satıb. Prezident qızı Özbəkistandakı 6 rabitə şirkətindən 1 mlrd dollar rüşvət alıb.
Araşdırmalar göstərir ki, mobil rabitə kompaniyalarından əldə etdiyi vəsaitlər onun gəlirlərinin yalnız bir hissəsini təşkil edir. İslam Kərimovun qızı bundan əlavə, aviasiya, sement, moda, dərman və digər biznes sahələrinə müdaxilə etməklə də böyük vəsaitlər əldə edib.
azadliq.info