Beynəlxalq Bankın sədrinin istefasının iqtisadi səbəbləri nədir?
Azərbaycan Beynəlxalq Bankının Idarə Heyətinin sədri (prezidenti) Cahangir Hacıyevin istefası bir sıra suallar yaratmamış deyil. Bankın yaydığı rəsmi məlumata görə, Hacıyevin istefası səhhətilə bağlıdır. Məlumatda deyilir ki, bankın Müşahidə Şurasının 18 mart tarixli iclasında Idarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar vəzifədən azad edilməsi haqda ərizəsinə baxılıb və ərizə təmin olunub.
Azərbaycanda ciddi nüfuza sahib olan bankın rəhbərinin Azərbaycan iqtisadiyyatının böhrandan əziyyət çəkdiyi bir zamanda istefa verməsi suallar yaradır. Eyni zamanda manatın devalvasiyasının davam edəcəyinin vurğulanmasının fonunda bu addım diqqətəlayiqdir.
Məhəmməd Talıblı: “Ola bilsin ki, Beynəlxalq Bankın rəhbərliyi Mərkəzi Bankın indiki siyasəti ilə razı deyil”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın bank sistemindəki iri banklardan birində baş verən proseslər maraq doğurur. Hakimiyyətin Beynəlxalq Bankın rəhbərliyinə etibar etdiyini deyən M.Talıblı bildirdi ki, bank birbaşa dövlətin mühüm əməliyyatlarını aparırdı: “Beynəlxalq Bank Azərbaycanda kredit bazarının 45 faizinə nəzarət edə bilirdi. Bu o deməkdir ki, bu bankın ölkədəki bank sistemində əlahiddə çəkisi var. Amma o məqam aydın deyil ki, bu bankın rəhbərliyi indiyə qədər Mərkəzi Bankın həyata keçirdiyi siyasətə uyğun olaraq davranıb. Amma bu bankın rəhbərliyində dəyişiklik baş verir. Bu iki məqamdan xəbər verir. Ola bilsin ki, Beynəlxalq Bankın rəhbərliyi Mərkəzi Bankın indiki siyasəti ilə razı deyil. Istefa da məhz bu üzdən baş verib. Yaxud da bundan sonra həyata keçiriləcək siyasətdə Mərkəzi Bankın daha fərqli baxışları var və Beynəlxalq Bankın rəhbərliyinə daha münasib, hökumətin siyasətini həyata keçirəcək şəxsi gətirmək istəyir”.
M.Talıblı onu da bildirdi ki, belə bir keçid dövründə bu addımın ikinci devalvasiyaya hazırlıq olduğu istisna edilmir. M.Talıblı bildirdi ki, neftin qiymətinin bir qədər də aşağı düşməsi ikinci devalvasiya üçün imkanlar açır: “Belə bir vəziyyətdə Beynəlxalq Bankın rəhbərliyi maliyyə bazarında yarana biləcək riskləri nəzərə alaraq, özünü bu prosesdən kənarda saxlayır. Digər tərəfdən, Azərbaycan təcrübəsində belədir ki, belə vəzifəli şəxslərin istefa verməsi onların özündən asılı olmur. Baş verən hadisə həm də onu deməyə əsas verir ki, Mərkəzi Bankın həyata keçirmək istədiyi siyasət tamamilə fərqlidir. Beynəlxalq Bankın rəhbərliyindəki dəyişiklik də ondan xəbər verir ki, bu siyasət davam etdiriləcəkdir”.
M.Talıblı hesab edir ki, baş verənlər digər banklarda bir tərəddüdə yol açır. Çünki həmin banklar hiss etməyə başlayıblar ki, Beynəlxalq Bankın da təmsil olunduğu bazarda fərqli tendensiyalar baş verə bilər.
Samir Əliyev: “Beynəlxalq Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb”
Iqtisadçı Samir Əliyevin isə sözlərinə görə, Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın çoxlu problemləri var. Bankın problemli kreditlərinin həcmi həddindən artıq şişib və bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. S.Əliyevin fikrincə, C.Hacıyevin istefaya göndərilməsində də əsas səbəb bankın düşdüyü indiki ağır durumdur: “Fitch” agentliyinə inansaq, Beynəlxalq Bankın qısa açıq valyuta mövqeyi 2014-cü ilin sonuna 1.4 milyard dollar olub. Yəni bankın öhdəliyi aktivlərini 1.4 milyard dollar üstələyib. Bu isə bankın kapitalının 1,3 mislinə bərabər olub. Məlumat üçün bildirim ki, Mərkəzi Bankın açıq valyuta mövqeyinə tətbiq etdiyi limit 10% olub və fevraldan etibarən ilin sonuna qədər müvəqqəti dondurulub. Limitə əməl etsəydi Beynəlxalq Bankın valyuta mövqeyi həmin dövrə təxminən 100 milyon dollardan ÿbir qədər çox olmalı idi. Amma Beynəlxalq Bank həddindən artıq təhlükəli riskə gedərək valyuta mövqeyini pozub. Maraqlıdır ki, bank yanvar-fevral aylarında valyuta mövqeyini bağlamağa müvəffəq olub. Bu dövrdə kredit portfelinin 17%-ni manatdan dollara keçirərək portfelini yüksək dollarlaşma səviyyəsinə qaldırıb". S.Əliyevin sözlərinə görə, devalvasiyadan sonra bankın valyuta kreditlərinin payı 65%-ə yüksəlib: “Açığı, qısa müddətdə valyuta mövqeyini bağlamaq çox çətin görünür. Xüsusən də qısa müddətdə portfeldə manatın payını dolların xeyirinə azaltmaq mümkünsüz görünür. Burda xeyli suallar yaranır”.
Qubad Ibadoğlu: “Istefa bank kapitalı uğrunda oliqarxların mübarizəsinin ilkin nəticəsidir”
Iqtisadçı ekspert Qubad Ibadoğlunun da C.Hacıyevin qəfil istefasının səbəbləri bağlı söylədikləri maraq doğurur. Q.Ibadoğlu sosial şəbəkədə paylaşdığı statusunda qeyd edib ki, baş verənlər oliqarxlar arasında artıq uzun müddətdir başlayan savaşın tərkib hissəsidir: “Bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın Idarə Heyəti sədrinin istefası bu bazarda riskləri bir az da artıracaq. Bundan daha çox itirən bankın səhmlərinin 49,8%-nə sahib olan özəl səhmdarlar ola bilər. Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur. Hesab edirəm ki, Beynəlxalq Bankın rəhbərinin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər”.
Q.Ibadoğlunun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən missiyası dəfələrlə Beynəlxalq Bankın kapitalizasiyası planı barədə ciddi narahatlıq bildirib: “Missiya bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib. Odur ki, hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdirilməyə açılması arasında əlaqə olması şübhə doğurmur və bu istefanı bank kapitalı uğrunda oliqarxlar arasında çoxdan başlamış gizli mübarizənin ilkin nəticəsi kimi qiymətləndirmək mümkündür”.
Xəyal