Fevralın 27-də qətlə yetirilən müxalifət lideri Nemtsov, Rusiya qoşunlarının Donbas ərazisində yerləşdiyini təsdiq edən sənədlərin onda olduğunu, yaxın zamanlarda bunu ictimailəşdirəcəyini bildirmişdi. Amma onun qətlə yetirilməsi, bu ciddi hadisəni önlədi. Lakin Nemtsovun partiyadaşları bu sənədlərin onlarda olduğunu, yaxın vaxtlarda həmin faktları ictimaiyyətə təqdim olunacağını bəyan ediblər. Hazırda Rusiya müxalifəti Nemtsovda olan bu materiallarla bağlı məruzə hazırlayır. Nemtsovun partiyasının Moskva şöbəsinin sədri İlia Yaşin bildirib ki, sənəddə Rusiya qoşunlarının Donbasda olması ilə bağlı çox ciddi faktlar var. Həmin sənədlərdə Ukraynanın şərqində gedən döyüşlər zamanı öldürülən rus əsgərlərinin valideynlərinin etirafları da öz əksini tapıb. İlia Yaşin bildirib ki, Nemtsov qətlə yetiriləndən sonra onun yaşadığı evdə axtarış aparan hüquq mühafizə orqanları məlum sənədləri götürsələr də, bu sənədlər yenidən müxtəlif mənbələrdən yığılaraq bərpa olunub. Xatırladaq ki, qətlindən bir neçə həftə öncə Nemtsov əlində olan faktlarla bağlı Ukrayna prezidenti Poroşenko ilə telefon müzakirəsi apardığı da bildirilir. Poroşenkonun hadisəyə münasibəti belə olub: “Nemtsov bu sənədləri toplamaqdan qorxmasa da, qatillər qorxdu, onu öldürdü”.
azadliq.info