“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 10 il ötdü. Həmişə olduğu kimi, mərhum baş redaktoru qələm yoldaşları, siyasilər yada saldı. II Fəxri xiyabana Elmarı yad etməyə gələnlər arasında onun qələm dostları, Milli Şuranın sədri, professor Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və Milli Şuranın digər üzvləri də olub.
Milli Şuranın sədri, professor Cəmil Həsənli çıxışında Elmar Hüseynovun azad sözün, fikrin qurbanı olduğunu bildirib. Cəmil Həsənli eyni zamanda, Azərbaycanda siyasi motivli qətillərin üstünün açılmadığına da toxunub: “Elmar söz üstündə öldürüldü, fikir üstündə öldürüldü. Elmar azad sözün, azad fikrin qurbanıdır. Bu gün bura gələnlərin sayı qat-qat çox olmalıydı. Çünki bir mətbuat adamı, bir vicdan adamı Azərbaycanda ictimai fikrin inkişafı, vətəndaş cəmiyyətinin yaranması, azad mətbuatın bərqərar olması uğrunda canını fəda etmişdi. Çox qəribə olsa da, siyasi zəmində törədilən qətllərin qatilləri bir qayda olaraq tapılmır. Üstündən 10 il keçməsinə baxmayaraq, bu qətlə görə bir nəfər də cəzalandırılmayıb”,- deyə Cəmil Həsənli bildirib.
“Mən əminəm ki, Elmar tarixin haqlı və qalib tərəfindədi”
Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli isə Elmarın adının hər zaman hörmətlə anılacağını və heç zaman unudulmayacağını deyib: “Mən əminəm ki, Elmar tarixin haqlı və qalib tərəfindədir. O, bu gün bizi tərk edibsə də, onun adı hər zaman Azərbaycan tarixində hörmətlə yazılacaq, heç bir zaman unudulmayacaq. Azərbaycan tarixinin gələcək araşdırmaçıları bizim hansı qaranlıq səhifələrdən keçdiyimizi və nələrin bahasına Azərbaycanda demokratiyanı bərqərar etdiyimizi öyrənən zaman, mütləq Elmar səhifəsini vərəqləyəcəklər. Amma onun qatilləri, onun qatillərini himayə edənlər, bu iyrənc cinayətin arxasında duranlar bütün tarix boyu lənətlə anılacaq”.