Onsuz da bahalaşan siqaret və digər məhsullara yeni aksiz vergisi tətbiq olunur
Məhəmməd Talıblı: «Bu sosial qruplar üçün ciddi itkidir və bahalaşmanın müəyyən məhsullar üzrə artımını göstərir»
Martın 1-dən “Azərbaycana gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib. Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. Nəticədə manatın devalvasiyasından sonra bahalaşan bir sıra məhsulların qiyməti bir qədər də artacaq.
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bu addım Gömrük Komitəsi vasitəsilə yığımların daha da yaxşılaşmasına xidmət edir. Bu əslində o deməkdir ki, siqaret, spirtli içkilərin qiyməti bir qədər də artacaq: «Aksiz vergisinin artırılması kütləvi istehlak vasitələrindən istifadə edən vətəndaşların ailə büdcəsinə təsir edəcək. Onlar daha artıq vəsait ödəyərək həmin vəsaitləri almaq məcburiyyətində qalacaqlar. Bu ailələrin xərclərinin artmasına gətirib çıxaracaqdır. Digər tərəfdən də vətəndaşların xərclədiyi vəsaitlər büdcənin vergi yığımlarını artıracaqdır. Amma bu sosial qruplar üçün ciddi itkidir və bahalaşmanın müəyyən məhsullar üzrə artımını göstərir».
M.Talıblı bildirdi ki, artıq hökumət Vergilər Nazirliyi xətti ilə bahalaşmaya start verib.
Xəyal