Vahid Məhərrəmov: «Azərbaycanın iqtisadiyyatı zəif olduğu üçün onun valyutası da güclü ola bilməz»
Dövlət başçısı Ilham Əliyev nəhayət ki, ölkədə yaşanan son hadisələrə – manatın kəskin şəkildə dəyərini itirməsi və nəticədə yaranan bahalaşmaya münasibət bildirdi. Daim çıxışlarında Azərbaycanın iqtisadi uğurlarından danışan, dünyadakı böhranın bizə heç bir təsir göstərmədiyini deyən Əliyev bu dəfə etiraf etdi ki, son bir ildə MDB məkanında yaşanan gərginlik ölkəmizə təsirsiz ötüşməyib.
Onun sözlərinə görə, qonşuluqda baş verən hadisələr, o cümlədən qonşu dövlətlərdə milli valyutaların kəskin ucuzlaşması ölkəmizə də mənfi təsir göstərib. Bu həm də o anlama gəlir ki, Azərbaycanda son günlərdə yaşananlar Rusiyadakı iqtisadi kataklizmlərlə əlaqəlidir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov isə fərqli fikirdədir. Deyir ki, dünyada gedən proseslər Azərbaycanda son günlərdə baş verən hadisələri reallaşdırıb. ABŞ bir müddət öncə dövriyyəyə 600 milyard dollar əlavə valyuta buraxmışdı, lakin son vaxtlar dövriyyədəki əlavə vəsaitlərini geri çəkmək istəyib. Dövriyyədə dollar çatışmazlığı olduğu üçün bu məsələ reallaşıb. Nəticədə iqtisadiyyatı zəif olan ölkələrə sözügedən olay ciddi təsir göstərib: “Bu proses iqtisadiyyatı zəif olan ölkələrin milli valyutasının dəyərdən düşməsinə səbəb olub. Iqtisadiyyatı kifayət qədər güclü olan ölkələrin valyutasına isə bu hadisələr təsir etmədi. Azərbaycan uzun müddətdir ki, milli valyutanın məzənnəsini süni şəkildə saxlayırdı. Yəni bu, uzun müddət gedə bilməzdi. Məsələni heç də qonşularda olan iqtisadi vəziyətlə əlaqələndirmək düzgün deyil. Bəzi ölkələrdə, hətta post-sovet ölkələrində milli valyuta bir və ya bir neçə dəfə dəyərdən düşüb. Bu isə ölkələrin iqtisadiyyatının nə dərəcədə güclü olmasından asılı idi”.
Beləliklə, Amerikanın Federal Ehtiyat Sistemi bir neçə il öncə iqtisadiyyatını gücləndirmək üçün dövriyyəyə əlavə 600 milyard həcmində dollar kütləsi buraxdığı üçün proses sonradan dolların ucuzlaşmasına və dünya bazarında bir sıra malların qiymətinin ciddi artımına səbəb olmuşdu. Yəni, neftin qiyməti də buna görə artmışdı. Lakin son zamanlar Federal Ehtiyat Sisteminin dövriyyəyə buraxdığı valyutanı geri çəkməsi dünyada dolların azalmasına, o cümlədən əsas strateji məhsulların, neftin qiymətində kəskin azalmaya səbəb oldu. Ekspert söyləyir ki, Azərbaycan iqtisadiyyatı zəif olduğu üçün onun valyutası da güclü ola bilməzdi:
“O ölkələrin milli valyutası güclü olur ki, onların iqtisadiyyatı güclü olur. Bu gün ixrac qabiliyyətimizi artırmaq barədə danışılır. Belə əsaslandırmanın özü gülməlidir. Amerikanın ixrac potensialı kifayət qədər güclü olduğu üçün orda belə hallar tənzimlənir. Amma Azərbaycanın nəyi var ki, onu da ixrac etsin? Məsələni belə əsaslandırmaq istehza doğurur”.
Nigar