Lamiyə olayından yazmağı mənəviyyatsızlıq hesab edənlər vətəndaşın cibinə girənlərdən niyə yazmırlar?
Saxtakar, qeyri-səmimi, yalançı adamların əsl kimliyi mütləq üzə çıxır. Yaranmış situasiyalar belə adamları ifşa edir, onların maskalandığını göstərir. Çox təəssüf ki, yaşadığımız ölkədə də belələri çoxdur. Başqa vaxt vətənpərvərlikdən, milli dəyərlərdən, mənəviyyatdan ağızdolusu danışsalar da, məqam yetişəndə susmağa üstünlük verərlər. Müstəqil mətbuat orduda baş verənlərdən, ölkədəki korrupsiyadan, siyasi məhbuslardan yazanda dərhal hərəkətə keçərlər və həqiqəti yazanları “vətən xaini” adlandırarlar.
Məsələn, son dövrlərin ən əsas müzakirə mövzusu olan Lamiyə Quliyeva olayından yazılanda “dəyərli” televiziya işçilərindən tutmuş, “mənəviyyat” saçan millət vəkillərinə qədər xeyli adam münasibət bildirdilər və bu məsələni işıqlandırmağı mənəviyyatsızlıq kimi qiymətləndirdilər. Hətta bu haqda yazan jurnalsitlərə məsləhət verdilər ki, dövlətçiliyə xidmət edən, ölkə üçün həssas olan, vətəndaşın xeyirinə işləyən yazılar yazmaq lazımdır. Belə “nəsihət” verənlərdən biri də “Azərbaycan” qəzetinin redaktoru, millət vəkili Bəxtiyar Sadıqov olmuşdu. Təbii ki, biz bu “irad”lara münasibət bildirdik və əsaslandırdıq ki, Lamiyə Quliyeva olayı mənəviyyat məsələsidi, bu haqda yazmaq vacibdir.
Amma sonradan baş verənlər bir daha sübut etdi ki, bu adamlar dövlət və millət üçün mühüm hesab edilən heç bir hadisədən yazmaq iqtidarında deyillər. Əvvəlcə, ölkənin taleyinə birbaşa təsiri olan təhsildəki vəziyyət gündəmə gəldi və bəlli oldu ki, abituriyentlərin 65 faizi 200-dən az bal tolayıb. Amma bu dövlətçilik vurğunları bu haqda heç nə yazmadılar.
Daha sonra isə ikinci mühüm hadisə baş verdi. Mərkəzi Bankın vədlərinə baxmayaraq manatın qiyməti 35 faiz endi. Nəticədə ərzaq məhsullarının qiyməti qalxdı, banklarda əmanət yerləşdirmiş vətəndaşlara 1 milyard ziyan dəydi. Bugün ölkə vətəndaşını ən çox narahat edən bu məsələdir. Amma bu “vətənpərvər”lərdən yenə də səs çıxmadı. Xalqa qarşı ən böyük mənəviyyatsızlqı baş verib, vətəndaş ən ağır sınaqla üz-üzə qalıb. Dövlətçiliyə “xidmət” edən qəzetlərdən, millət vəkillərindən etiraz yoxdur. Heç biri hakimiyyətdən hesabat tələb etmir. Əksinə, bu qədər açıq ifşadan sonra yenə də hakimiyyəti müdafiə etməyə, yaranmış vəziyyətin müsbətə doğru getdiyini söyləməyə başlayıblar.
Bir daha təsdiq olundu ki, boğazdan yuxarı danışan bu adamlar xalqa yox, hakimiyyətə xidmət edirlər. Bu milləti yerlə sürüsələr də, güllələslər də, bu saxta qəhrəmanlardan səs çıxmayacaq. Ona görə də vəziyyətin gərginləşməsi həm də bu adamların maskasının cırılması ilə sonuclanır.
Akif