Oqtay Haqverdiyev: «Hökumətin atdığı addım olduqca anormal və məntiqsizdir»
Müzəffər Baxışov: «Bu məsələ çox mübahisələrə səbəb olacaq»
Manatın dollar və avroya nisbətdə dəyərini itirməsi ölkənin iqtisadi həyatını alt-üst edib. Bundan əvvəl neftin qiymətinin kəskin şəkildə ucuzlaşması fonunda ölkənin bütün sektorlarında ağırlaşan vəziyyət, son olaydan sonra böhran həddinə çatıb.
Xatırladaq ki, əhalinin banklara olan kredit borcunun böyük əksəriyyəti xarici valyutayladır. Ölkə vətəndaşlarının banklardakı əmanətlərinin manatla olması da vəziyyəti bir tərəfdən mürəkkəbləşdirir. Ölkənin iqtisadi-ticari münasibətlərində bir növ fors-major vəziyyəti yaranıb. Belə bir durumda görəsən, vəziyyət necə tənzimlənmədir? Əhaliyə dəyən zərbədən, bugünlərdə yaşanan çıxılmaz durumdan necə çıxmaq lazımdır?
Məsələni şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, hökumət belə bir addım atmamışdan öncə nəticələri görməli və ortaya çıxan problemlərin həlli istiqamətində bəri başdan tədbirlər fikirləşməlidir. Ekspertin fikrincə, əhalinin banklarda olan əmanətləri 7 milyarddan çoxdur. Onların 3 milyard yarımı manat, qalan hissəsi isə xarici valyutayladır: “Manat dollara nisbətdə 33 faiz dəyərini itiribsə, təxminən 1 milyarddan bir qədər çox azalıbsa, bunun cavabını kim və necə verməlidir? Bu barədə ciddi düşünməlidirlər. Bu proses tədricən, yavaş-yavaş olsaydı, misal üçün, dollar bir neçə ay ərzində 85-90 qəpiyə çatdırılsaydı, o qədər də iqtisadi təsiri olmazdı. Indi isə manatın valyutaya nisbətdə birdən-birə bu qədər dəyər itirməsi, aşağı düşməsi şok vəziyyət yaradıb. Vacib tədbirlər sırasında əməkhaqlarının artırılmasının da əhəmiyyəti olmayacaq. Manatın alıcılıq qabiliyyəti onsuz da aşağı düşüb. Bu itkinin qarşısını almaq üçün ilk növbədə ağlagələn variant pensiya və maaşların artırılması olardı. Amma çıxış yolu kimi, maaş və pensiyalar artırılacaqdısa, hökumət daha manatla bağlı addımı niyə atırdı? Belə olan halda, hökumət bundan nə udur? Hökumətin atdığı addım olduqca anormal və məntiqsizdir”.
Məsələnin hüquqi tərəfindən bəhs edən hüquqşünas Müzəffər Baxışov da deyir ki, sözügedən məsələ çox mübahisələrə səbəb olacaq. Hüquqşünas yada salır ki, Mülki Məcəllənin 439.7 maddəsində pul öhdəliklərilə bağlı müddəa nəzərdə tutulub. Həmin maddəyə görə, ödəniş müddəti başa çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, həmçinin valyuta dəyişmişsə, borclunun ödənişi müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Yəni müqavilədə başqa şərt göstərilməyibsə, müştərilərlə, xüsusən də ABŞ dollarıyla kredit götürən şəxslərlə banklar arasında mübahisələrin yaranması mümkündür: “Düşünürəm ki, müştərilərin məhkəməyə müraciəti nəticəsində məhkəmə müddəaya Konstitusiya Məhkəməsinin şərh verməsini hesab edəcək. Konstitusiya Məhkəməsinə müştərilərin müraciəti də həmin məsələyə şərh verilməsi üçün olacaq. Çünki bu müddəa çox anlaşılmazdır və buna hökmən Konstitusiya Məhkəməsi şərh verməlidir. Buna şərh verilsə və həmin şərh müştərilərin xeyrinə olsa, onlar ziyan çəkməyəcək. Digər halda, şərt müştərinin xeyrinə olmasa, onlar krediti dollarla götürərək manatla ödəniş edəcəksə, bundan ziyan çəkəcəklər”.
Nigar