Yaxud, hakimiyyət Qarabağdan imtina etdi
Avropa Şurası Parlamnet Assambleyası yeni qətnaməsi ilə Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzatdı. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətinə tətbiq edilmişdi və daha bir neçə ay qüvvədə qalacaq.
Amma Azərbaycan hökuməti növbəti dəfə öz “ənənə”sinə sadiq qaldı və işğalçını dəstəklədi. Yəni, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sənədin əleyhinə səs verdi. Rusiyanın quberniyası hesab edilən Ermənistan nümayəndə heyəti isə tam tərkibdə bitərəf qaldı.
Bu biabırçı siyasi addıma Milli Məclisin vitse-spikeri Bahar Muradovaÿ belə münasibət bildirib:ÿ”Azərbaycan Ukrayna dövlətinin ərazi bütövlüyünü ən yüksək səviyyədə dəstəkləyib. Ölkənin rəsmiləri hər uyğun məqamda da bunu vurğulayırlar. Azərbaycanın rəsmi mövqeyi belədir, hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulmasına qarşıyıq. Bunu açıq şəkildə bəyan edirik. Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyət məsələsinə gəldikdə, biz ikili yanaşmanın, ikili standartların əleyhinə səs veririk”.
Bəzi adamlar var ki, ədalətsizliyi, oğurluğu, şər-böhtanı həyat tərzinə çevirir. Amma danışanda “Allahla ürəyim düzdür” deyir. Hakimiyyətin bu məsələyə münasibəti də eyni mənzərəni yaradır.
Əslində, 20 faiz torpağı işğal altında olan bir ölkənin nümayəndə heyətinin bu addımı, işğala haqq qazandırmaq kimi qiymətləndirilməlidir. Rusiyaya qarşı sanksiyalar Krımın işğalına görə gündəmə gəldi. Azərbaycan hakimiyyəti isə işğal faktına “yaşıl işıq” yandırdı.
Bu addımdan sonra hakimiyyət Qarabağ məsələsini necə gündəmə gətirəcək? Hansı üzlə dünyadan Qarabağa ədalət tələb edəcəklər?
Bu hadisə göstərdi ki, hakimiyyət Qarabağ məsələsində səmimi deyil və bu problemin həlli prioritet olmayıb. Eyni zamanda hakimiyyətin “milli maraq” arqumenti də iflasa uğradı. Azərbaycan hakimiyyəti milli maraqları növbəti dəfə Rusiyaya qurban verdi. Məlum oldu ki, hakimiyyət Ermənistan qədər də müstəqil deyil. Bütün parametrlər üzrə Rusiyadan asılı olan ölkə bu qərarın əleyhinə səs verməyi özünə rəva bilmədi və öz simasını qorumağa çalışdı.
Bəlli oldu ki, Azərbaycan hakimiyyətinin “milli maraq”, “müstəqil siyasət” anlayışları Rusiyaya xidməti nəzərdə tutur.
Bir sözlə, AŞPA-da baş verənlər yalnız Rusiyaya dəstək vermək deyildi. Həm də Qarabağdan imtina etmək idi. O Qarabağdan ki, onun işğalını da Rusiya həyata keçirib.
Bundan sonra dünyanı ikili standartlarda, qərəzli mövqedə ittiham etmək, yalnız ikiüzlülük kimi qiymətləndirilə bilər. Bu həm də Qarabağı növbəti dəfə işğal altına salmaq idi.
Akif