Razi Nurullayev: «Iqtidarın sərgilədiyi mövqeyin müqabilində ona qarşı beynəlxalq təzyiqlər daha da artacaq»
Böyük Britaniya parlamentinin Aşağı Palatasının bir qrup deputatının Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasətini pisləyən sənəd qəbul etməsi barədə məlumat vermişdik. Kifayət qədər sərt tonda verilən sənəd Azərbaycan hakimiyyətindən dərhal yürütdüyü anti-demokratik addımları dayandırmağı, siyasi məhbusları azad etməyi tələb edir.
Oxşar mövqe dövlət başçısı Ilham Əliyevin Almaniyaya səfəri zamanı da dilə gətirildi. Azərbaycandan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsi, siyasi məhbus problemini həll etməsi tələb olundu. Eyni məzmunlu çağrışlar dəfələrlə ABŞ-dan və Avropa Birliyindən də səslənib. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti yürütdüyü siyasətlə dünyanın aparıcı ölkələri ilə üz-üzə gəlib.
Bəs bu siyasətin dəyişdirilməməsi, olduğu kimi davam etməsi rəsmi Bakıya nə vəd edir?
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı ciddi qüsurların olması artıq heç bir ölkəyə sirr deyil. Ona görə dünya dövlətləri qarşılarında hesabat verdikləri seçicilərinin tənqidindən qorunmaq üçün Azərbaycanla bağlı sərt mövqelərini ortaya qoymalıdırlar. Azərbaycan hakimiyyətinin əvvəllər müəyyən dərəcədə demokratiya imitasiyası yarada bildiyini deyən R.Nurullayev vurğuladı ki, son zamanlar hakimiyyətin nə demokratiya imitasiyası yaratmaq niyyəti var, nə də beynəlxalq aləmdən gələn tövsiyyələrə əməl etmək istəyir: “Ona görə dünya ölkələri də Azərbaycanın bu mövqeyini anlayır və mövqelərini daha da sərtləşdirirlər. Düşünürəm ki, bu baxımdan Azərbaycan hakimiyyətinin sərgilədiyi mövqeyin müqabilində ona qarşı beynəlxalq təzyiqlər daha da artacaq. Nəzərə almaq lazımdır ki, Avropanın ilk Olimpiya Oyunları da Azərbaycanda keçiriləcək. Ölkəyə iki mindən artıq jurnalistin gəlməsi gözlənilir. Bu isə Azərbaycanı beynəlxalq aləmin gündəminə gətirəcək”.
Azərbaycan hakimiyyətinin uzun müddət beynəlxalq aləmdə lobbistlərə külli miqdarda vəsait xərclədiyini deyən R.Nurullayev vurğuladı ki, müəyyən müddət yürüdülən bu siyasət effekt verirdi. Amma indi hakimiyyətin açıq formada vətəndaş cəmiyyətinin üzərinə getməsi, demokratik prinsipləri tapdalaması iqtidarın pul ilə tutduğu lobbi təşkilatlarını da Bakını müdafiə etməyə vadar edə bilmir.
Xəyal