Səadət Qasımova: «Hər iki şahid öz çıxışında bildirdi ki, istintaqda onlara təzyiq edib istədikləri yalan izahatı yazdırıblar»
Naxçıvanda AXCP fəalını Hicran Qasımovun məhkəməsi şahidl ifadələriylə davam edib. Bu gün sayca 3-cü məhkəmə prosesi baş tutub. Bu barədə qəzetimizə məlumatı H.Qasımovun həyat yoldaşı Səadət Qasımova verib. Səadət Qasımova deyir ki, hakim və dövlət ittihamçısı şahidlərin sərbəst ifadə verməsinə mane olublar. Şahidlərə bildirilib ki, əgər onlar ifadələrində dəyişiklik edərlərsə, hadisəni görüb xəbər verməyiblərsə, o zaman məsuliyyətə cəlb olunacaqlar. Hakim Mehman Allahverdiyev və dövlət ittihamçısı eyni zamanda proses zamanı vəkilə də təzyiq ediblər. Vəkil şahidləri yönləndirməkdə ittiham olunub. S.Qasımovanın sözlərinə görə, halbuki vəkil öz borcunu yerinə yetirərək, həqiqətin ortaya çıxmasına çalışdığı üçün belə bir təzyiqə məruz qalıb: «İki nəfər şahid dindirdilər. Onlar Məmmədov Yalçın və Quliyev Bağır idi. Həmin şahidlər Hicran avtomobilinə qoyulan qara bükülünü maşından çıxarıb zibil qabına atarkən görüblər. Hər iki şahid öz çıxışında bildirdi ki, istintaqda onlara təzyiq edib istədikləri yalan izahatı yazdırıblar. Bildirdilər ki, Hicranın günahı yoxdu, məhkəmədə həqiqəti demək istəyirik. Hakim buna şərait yaratmaq yerinə, dedi ki, istintaqa verdiyiniz ifadəni dəyişə bilməzsiz. Həm hakim, həm də prokuror onları hədələdi ki, ifadəni dəyişsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Onlar da qorxudan dedi ki, əvvəlki ifadələrinin üstündə dururlar. Belə qanunsuzluq olmaz axı. Günahsız insanı həbs etmək üçün əllərindən gələni edirlər.»
Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin olunub. AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.
Hikmət