Müzəffər Məmmədov: «Bu söz-söhbətə görə ailəm dağılır»
“Mən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən 5 il bundan əvvəl azad olunmuşam, sonra ora getməmişəm”. Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Müzəffər Məmmədov deyib.
Müzəffər Məmmədov bildirib ki, müəssisəyə hər kəsin daxil olması qeyri-mümkündür: “Müəssisəyə daxil olanda buraxılış vərəqi yazılır, hər yerdə kameralar quraşdırılıb. Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov orada cəza çəkən Lamiyə Quliyevanın övladı olması ilə bağlı məsələlərdə mənim adımı hallandırıb. Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır. Elçin Behbudov mən işləyən zaman dəfələrlə müəssisədə monitorinq keçirib. Hər dəfə öz maraq dairəsində olan bir neçə məhkumla görüşürdü. Ona məhkumlar üçün maarifləndirici söhbət etməyi təklif edirdim, razılaşmırdı. Bundan başqa məndən dəfələrlə şəxsi işləri ilə bağlı xahişlər edirdi. Xahişlərini yerinə yetirmədiyim üçün münasibətimiz bir qədər soyuq idi. Evdə yoldaşım deyir ki, yalan deyirsə, Elçin Behbudovu məhkəməyə ver. Mən ağsaqqal adamam, uşaq deyiləm. Mənim orda nə işim var axı?”
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən Lamiyə Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Lamiyə Quliyeva isə bir müddət əvvəl ana olub. Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar Isakov APA-ya açıqlamasında məhkumun öz istəyi ilə ana olduğunu, uşağın atasının kimliyi barəsində isə araşdırma aparıldığını deyib.
Bu arada Işgəncələrə Qarşı Azərbaycan Komitəsi sədrinin hazırda həbsdə olan keçmiş köməkçisi Süleyman Süleymanovun KIV-ə müraciəti yayılıb. Süleyman Süleymanov 2007-ci ildən 2014-cü ilədək Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, Elçin Behbudovun köməkçisi olduğunu bildirib. Emira Mayılova və Briliyant Əfəndiyeva adlı şəxslər 19 fevral 2014-cü il tarixdə 1-ci polis bölməsinə barəsində şər və böhtan xarakteri daşıyan ərizə ilə müraciət ediblər. Bu müraciətin nəticəsində Süleyman Süleymanov həbs olunub. Onun sözlərinə görə, baş verənlərdən Elçin Behbudovun da xəbəri olub: “Ona müraciət edərək hüquqlarımın qorunmasında mənə köməklik göstərməsini, aidiyyati orqanlara müraciət edilməsini diqqətdə saxlamasını xahiş etmişəm. Əfsuslar olsun ki, Elçin Behbudov bir hüquq müdafiəçisi olaraq nə məni müdafiə edib, nə də məsələnin ədalətli araşdırılması üçün aidiyyatı orqanlara müraciət edib. Əksinə olaraq hər vəchlə bu məsələləri gizlətməyə cəhd edib” .
“Azadlıq” həm Müzəffər Məmmədov, həm də Süleyman Süleymanovun dedikləri ilə bağlı Elçin Behbudovun mövqeyini öyrənib. Komitə sədri bildirib ki, o, Müzəffər Məmmədovu bu məsələdə ittiham etməyib: “Mən heç kimi ittiham etməmişəm. Bu məsələni ona görə gündəmə gətirmişəm ki, Lamiyə Quliyevanın təcavüzə məruz qalıb-qalmadığı araşdırılsın. Bu barədə baş prokuror Zakir Qaralova da müraciət etmişəm. Müzəffər Məmmədovun digər fikirlərinə gəlincə, bunlar həqiqətəuyğun deyil. Mənim qadın həbsxanası ilə bağlı nə şəxsi işim ola bilər ki, Müzəffər Məmmədovdan xahiş edib? Bunlar əsassız iddialardır”.
Süleyman Süleymanovun məsələsilə bağlı isə Elçin Behbudov bunloarı deyib: “Mən onun müraciətini araşdırılması üçün Daxili Işlər Nazirliyinə göndərmişəm. Başqa nə etməli idim ki? Mən məhkəmə deyiləm, prokuror deyiləm. Onun danışdıqları cəfəngiyyatdır. Süleyman Süleymanovun işi ilə bağlı hakimlə də danışmışam. Hakim mənə bildirib ki, o, dəfələrlə məhkum həyatı yaşadığı üçün şərti azadlığa buraxıla bilməz. Süleyman Süleymanov işində verdiyi nöqsanlara görə, bizim komitənin qərarı ilə 2013-cü ildə vəzifəsindən azad edilib. Maraqlıdır ki, mən Lamiyə Quliyeva məsələsini qaldırdıqdan sonra bu məsələni gündəmə gətiriblər. Hesab edirəm ki, bu mənə qarşı məqsədyönlü kampaniyadır”.