“Gərək partiyanızın üzvləri olan Rauf Arifoğlu, Azər Ayxan və digər yazarlar real müxalifət düşərgəsini, Əli Kərimlini ağır təhqirlərə məruz qoyanda onları durdurardınız”
Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimliyə və “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna müraciət edərək, cəbhəçilərlə qəzet arasında “söz atışmasını” dayandırmağa çağırıb. AXCP sədrinin müavini Gözəl Bayramlı özünün facebook səhifəsində onun bu çağırışına cavab verib. Gözəl Bayramlı yazır:
Müsavat başqanı Arif Hacılı Əli Kərimliyə və Rauf Arifoğluya müraciət edib ki, tərəfdarlarını durdursunlar, daha münaqişə etməsinlər. İlk baxışda Müsavat başqanı ağıllı gediş edib. Xüsusilə nəzərə alanda ki, Müsavat başqanı bu müraciəti edənə qədər münaqişənin temperaturunu artırmış iki məsələ artıq həll olunmuş kimi görünürdü. Rauf Arifoğlunun özünün də yazdığı kimi, Əli bəy İnqilab bəyin paylaşdığı kollajdan xəbər tutan kimi onun bu hərəkətini pisləmiş və kollajı sildirmişdi. Baxmayaraq ki, son vaxtlarda AXCP sədri özü də dəfələrlə Rauf Arifoğlu və qardaşı tərəfindən ağır təhqirlərə məruz qalmışdı. Rauf Arifoğlu da motivinin nə olmasından asılı olmayaraq artıq “Azadlıq” qəzetini məhkəməyə verməyəcəyini bildirmişdi.
Yəqin, Arif bəy hesablayıb ki, çətin mərhələ arxada qalıb, əsl müdriklik zamanıdır. Bu müraciətlə bir tərəfdən özünün bu münaqişələrdə iştirakçı olmadığını, digər tərəfdən də sülhpərvər olduğunu vurğulayıb. Üstəlik, mümkün qədər Rauf Arifoğluya da kömək edib. Son vaxtlar bir dəfə də olsun heç Rauf Arifoğlunun adını çəkməsə də, Müsavat başqanı Əli Kərimlini Rauf Arifoğlu səviyyəsinə endirib və ya Rauf Arifoğlunu Əli Kərimli səviyyəsinə qədər qaldırıb. Həm də baş verənləri cəmiyyətə Rauf Arifoğlunun istəyinə uyğun olaraq şəxsi zəmində münaqişə kimi təqdim edib.
Hər şey yaxşı planlaşdırılıb, amma bir şey nəzərə alınmayıb. Sosial şəbəkənin hesabına indi hamı hər şeyi bilir. İndi adamları aldatmaq çətinləşib. Əksəriyyət bilir ki, müxalifətdə olduğunu bəyan edən Müsavat partiyasının hələ də üzvü olan Rauf Arifoğlu qəzeti, saytları, komandası ilə birlikdə hökumətə xidmət edir. Özü də bunu gizlətmir, heç gizlətmək də mümkün deyil. İlham Əliyevi mətbuatın, deməli, özünün dostu sayır, onun gözündən düşməkdən qorxur. Əli Kərimlinin hakimiyyətə gəlməsindənsə, İlham Əliyevin iqtidarda qalmasına tərəfdar olduğunu gizlətmir. Ramiz Mehdiyevin müşavirələrində iştirak edib, tapşırıq alır. Qəzeti və saytı hökumət rəsmilərinin əsas tribunasına çevrilib, üstəlik DİN-nin mətbuat xidməti funksiyasını da yerinə yetirir. Hökumətin hədəfində olan adamlar həm də onun qəzetinin hədəfində olur. Son əl işləri də Xədicə xanıma və Sabirabadda həbs olunmuş gənc cəbhəçi Mirağa bəyə arxadan vurduğu zərbələrdir. Xədicə xanım həbs olunandan “Yeni Müsavat” bütün yazıları ilə ictimai fikrə çatdırmaq istəyir ki, Xədicə xanımı həbs etdirən doğrudan da bu bədbəxt Turaldır. Baş verənlər də məişət zəminində baş verib. Mitinqdə İlham Əliyevlə bağlı plakat qaldırdığına görə həbs olunmuş gənc cəbhəçi Mirağanı isə Rauf Arifoğlu DİN-in istəyilə dərhal qəzetində ordudan yayınan və polisə müqavimət göstərən elan etdi.
Arif bəy, özünüz bilirsiniz ki, belə misallar olduqca çoxdur. Belə hərəkətlər isə bütün həqiqi müxalifətçilərin etirazına səbəb olur. Sizin də mahiyyətini təhrif edərək cəmiyyətə təqdim etmək istədiyiniz son münaqişə isə qətiyyən təqdim etdiyiniz kimi şəxsi zəmində olan münaqişə deyil. Bütün ölkə şahiddir ki, Batumidəki tədbirdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edən beynəlxalq təşkilata qarşı hökumətin adamları tərəfindən ermənipərəst kampaniyası başlandı. Rauf Arifoğlu bu kampaniyada baş rolda idi. Onun bu əməllərini ifşa edən isə nəinki Əli Kərimli, heç biz cəbhəçilər də deyildik. Onu vətəndaş cəmiyyəti fəalları ifşa etdi. Sübut etdilər ki, siyasi məhbusların plakatlarının hökumət adamları tərəfindən cırılmasına haqq qazandıran, siyasi məhbuslara azadlıq tələb edən qətnamənin qarşısının alınmasını böyük qələbə kimi YAP-çılarla birlikdə yeyib-içməklə qutlayan Rauf Arifoğlu hökumətə xidmət məqsədilə Batumidə baş verənləri xalqa təhrif edərək çatdırıb. “Azadlıq” qəzeti isə yalnız həmin vətəndaş cəmiyyəti fəallarının artıq yazıb, paylaşdığı mövqeləri oxuculara çatdırıb.
Rauf Arifoğlu isə Batumi biabırçılığından diqqəti yayındırmaq məqsədilə Əli Kərimliyə hücumlara başlayib. Bu hücumlara cavab verildikcə isə təhqirlərə keçib. Arif bəy, siz gərək partiyanızın üzvləri olan Rauf Arifoğlu, Azər Ayxan və digər müsavatçı yazarlar son həftələrdə “Yeni Müsavat”da, xüsusilə saytın manşetindən real müxalifət düşərgəsini, xüsusilə Əli Kərimlini ağır təhqirlərə məruz qoyanda partiyadaşlarınızı durdurardınız. Bunun ədəbdən kənar olduğunu onların nəzərinə çatdıraydınız. Mənim bu fikirlərimi qətiyyən İnqilab bəyə haqq qazandırmaq kimi qəbul etməyin. Belə bir fikrim yoxdur. Amma axı bu gözlənilən idi ki, Əli Kərimlinin məruz qaldığı bu qədər ağır təhqirlər kiminsə əsəblərini partladacaq. O məqamı gözləmək lazım deyildi axı!
İndi isə sizin müraciətinizə heç bir ehtiyac yoxdur. Bizim tərəfdən yalnız İnqilab bəy təhqir edib. Onun da hərəkəti sizin müraciətiniz olmadan da pislənilib, yazdığı da silinib, sizin təbirinizcə desək, durdurulub. Siz də gərək başqanı olduğunuz partiyanın üzvlərinin təhqirlərini durdurmağı, yazdıqlarını sildirməyi bacarasınız, ya da etiraf edəsiniz ki, onlara gücünüz çatmır, onların lideri prezident aparatında oturur və partiya tədbirinizi görəsiniz…