İsrail də artıq Azərbaycan iqtidarına kömək edə bilməyəcəyinin mesajını verir
Bir neçə gün əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycana qarşı sanksiyaların gündəmə gətirilməsi, ardınca Avropa Parlamentinin bu məsələyə diqqət ayırması hakimiyyətin narahatlığına səbəb olub.
Qeyd edək ki, Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə forum keçirib. Tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn Instutunun icraçı direktoru Devid Kramer, AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər.
Yada salaq ki, Kozlariç və Kramer hələ bir müddət əvvəl Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiqini gündəmə gətiriblər.
Avropa Parlamentinə gəlincə, bu qurumun üzvü Robert Zile bildirib ki, Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqları ilə bağlı öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün Avropa Birliyinin güclü müdaxiləsi lazımdır.
“Azadlıq”a gələn məlumatlara görə, hakimiyyətdə bütün bunlar Qərbin sonuncu xəbərdarlığı kimi dəyərləndirilir. Hakimiyyətdə fərqindədirlər ki, artıq sanksiyalar “qapının ağzını” kəsdirib. Əgər ciddi islahatlara gedilməsə, sanksiyaların tətbiqi realdır. Bu arada Israilin məşhur “Haares” nəşri yazıb ki, Azərbaycanın Rusiyaya yaxınlaşması Təl-Əvivi çətin duruma salıb. Qeyd edək ki, Azərbaycanla Israil arasında sıx əməkdaşlıq var. Israil hökumətinə yaxın “Haares” qəzetinin Azərbaycanın Rusiya ilə yaxınlaşdığını, ölkəni SSRI ilə müqayisə etməsi artıq Təl-Əvivin də Bakıya yardım etmək imkanlarının tükəndiyinin mesajı sayıla bilər.