Məhəmməd Talıblı
İqtisadçı-ekspert
Fərqli ssenarilər və dəyişən rollar
ABŞ-ın neft bazarında rolu artıqca OPEK (Neft İxrac edən Ölkələr İttifaqı) daxilində qərar qəbuletməsində daha çox mülayim münasibət hiss olunmağa başlanacaq. Ötən həftə OPEK-in məlum qərarı ilə bunu bir daha isbatlamış oldu. Söhbət Vyana sammitində hasilat kvotasının dəyişməməsi ilə bağlı qərardan gedir. Qərarın maraqlı tərəfi başqadır. OPEK-in məlum qərarı zamanı indiyə qədər fərqli pozisiyalarda duran dövlətlərin maraqlarının bu dəfə üst-üstə düşməsi oldu. ABŞ neft qiymətinin artmasında və hasilatın azalmasında maraqlı olmadığı halda OPEK-in bu mərhələdəki ABŞ-la eyni mövqedən çıxış etməsi sinxronluq təşkil edirdi. Hətta maraqlıdır ki, İranın da bu məsələdə mövqeyi ABŞ-la üst-üstə düşüb. Hər halda sezilən odur ki, bu dəfə Rusiyaya qarşı sərt sanksiyaların geniş vüsət aldığı məqamda neft bazarındakı əsas oyunçuların sinxron mövqeləri sanki razılaşdıırlmış səhnəarxası ssenaridən xəbər verirdi. Halbuki, OPEK-in daxilində qərar qəbuletmə səviyyəsinə görə hər zaman barışmaz iki qanad mövcud olub. Bir qanad özünün loyal mövqeyi ilə seçilən və lazım gələndə Qərb dairələrinə güzəşt etməyi bacaran qrupdur. Çünki, onlar Qərbin əsas neft istehlakçılarından olduğunu bilirlər. Onlar neftdən məhrum ölkələrə neft qiymətinin artırılması ilə sərt tədbirlər tərəfdarı deyillər. Səudiyyə Ərəbistanı başda olmaqla Birləşmiş Ərəb Əmirliyi və Küveyt kimi ölkələr bu qanadda yer alır. Bu bloka rəhbərlik edən Səudiyyə Ərəbistanı halbuki OPEK-in 3 “tikəsindən” biridir və qərarlara böyük təsir gücü var. Yəni, hətta sərt qərarları həyata keçirmək imkanı belə olduqca böyükdür. Şərti olaraq adlandırığımız radikal qanaq isə bütün vəclə neftin qiymətinin endirilməsinə imkan verməyən və buna qarşı dəyişməz daimi mövqeyi ilə seçilən qrupdur. Bu qrupa İran, Liviya və Əlcəzair kimi dövlətlər daxildir. Maraqlıdır ki, Vyana sammitdə İran da hasilatın saxlanması qərarına dəstək verib. Halbuki, İran da bilir ki, bu qərardan daha çox itirənlərdən biri də Rusiya olacaq. Rusiya isə İranın ən yaxın strateji müttəfiqidir. Bazarda fərqli konfiqurasiyalar yaranır.
OPEK-in gücü nədədir?
1960-ci ildə yaradılan OPEK ilk vaxtlar dünyada neftin qiyməti ilə bağlı epizodik olaraq yumşaq təsir imkanları var idi. Sonradan isə illər üzrə OPEK-in bazarda tələb-təklif rəqsinə çevik reaksiyası ona bir təşkilat olaraq marağı artırırdı. Nəhayət 1974-cü ildə OPEK neft ixrac etdiyi ölkələrdə qiy¬mətləri sərbəst şəkildə qoy¬maq üçün kifayət qədər təsir imkanı olan güclü kartelə çevrildi. Nəzəriyyədən bilirik ki, gizli sövdələşmənin nisbətən sadə forması karteldir. Kartel həm istehsalın həcmi, həmdə qiymətə dair yazılı razılaşma əsasında yaranır. OPEK bu tələbələrə cavab verən qurumdur.
O zaman OPEK-in bazar oyunçusu kimi gücü nə ilə ölüçülür? Əgər OPEK-in yarandığı ilk illərdəki təsir gücün dünyadakı neft hasilatındakı payı ilə əlaqələndirsək, onda illər üzrə artan təsir gücünü asanlıqla görə bilərik. Təşkilat yarandığı ildə dünyadakı neftin hasilatındakı payı cəmi 28 faiz idi. 1970-ci ildən başlayaraq 74-cü ilə qədər OPEK sürətlə neft bazarındakı xüsusi çəkisini artırmağa nail oldu. 1970-ci ildə OPEK-in bazar payı 41 faizə yüksəldi. Bu həddə qədər yüksələn bazar payı OPEK-in hegemon mövqeyi ilə müşahidə edilməyə başladı. Əbəs yerə 1974-78-ci illəri OPEK-in “qızıl dövrü” kimi xarakteriza olunur. Hazırda isə onun dünyadakı neft hasilatındakı xüsusi çəkisi 40-42 faiz arasında dəyişir. Demək onun qiymətlərə təsir gücü hələ də dominantdır. Ümumilikdə dünyada neftin qiymətinə təsir edən əsas bazar oyunçuları var. Onların hasilat səviyyələri bazara təsir göstərməkdədir. Yəni bazarda bəzən 2 və 3 hasilatçı subyektlərin bazar payının əhəmiyyətli bir həddə gəlib çatması dünyada neftin qiymətinə önəmli təsir göstərə bilir. Məsələn, təkcə OPEK və Rusiyanın(12%) bazar payı dünyadakı neft hasilatının yarısından çoxunu təşkil edir. Neftlə zəngin ölkələrdə isə fiskal potensial daha çox resurslardan asılı olduğu üçün onlar neftin qiymətinin artırılması məqsədilə hasilatı azaltmağa meylli olurlar.
Təbii ki, bazar üçün nəzərdə tutulan hasilat qiymətlə əlaqəlidir. Amma eyni zamanda hasilatın səviyyəsi məcmu təklif yaradırsa, onun istehlakı da bazar tələbi formalaşdırır. Demək, neftin hasilatı ilə yanaşı onun istehlakçı tərəfi də nəzərə alınmalıdır. Dünyada iri həcmdə neft istehlak edən ölkələrin davranışları və tələbləri bu baxımdan nəzərə alınmalıdır. Bu sırada ABŞ (20%), Çin (13%), AB-ə daxil olan ölkələrin ehtiyacları mühüm rol oynayır. Demək, yuxarıda qeyd etdiyimiz hasilatla bərabər istehlakçı davranışlarda əlaqəli şəkildə təhlil olunmalıdır. Əgər iri neft istehlakçılarının iqtisadiyyatlarında neft və neft məhsullarından istifadəsi ilə bağlı problem yaranarsa, bu heç şübhəsiz ki, neftin qiymətinə təsirsiz ötüşmür.
OPEK: Bundan sonra…
OPEK-in qərarlarının bəzən effektiv nəticə verməməsinin səbəbi təkcə neft istehlakçılarının bazardakı tələb formalaşdırması ilə bağlı olmur. Çünki, hasilat kvotasına az da olsa təsir edən amillərən biri OPEK üzvlərinin öhdəlikləri icra etməməsi ilə bağlı olur. Bəzən OPEK-in hasilat kvotasına dair verdiyi qərar və öhdəliklər yerinə yetirilməyəndə qiymətlər nəzərdə tutulan həddə olmur. Belə hallar OPEK-in yaxın tarixində daha çox müşahidə olunur. 3 il bundan öncə OPEK özünün hasilatının 4,2 milyon barel aşağı salınması barədə qərar qəbul etsə də reallıqda 800 min barel qədər bundan aşağı göstəriciyə əməl etmişdi.Bu isə qiymətlərin artımını şərtləndirmədi.
ABŞ şist neftinin hasilatına başlanması və soyuq nüvə enerjisi amillərinə görə neftin qiymətində təsirli rola sahib olub. Belə bir vəziyyətdə OPEK-in əvvəlki tək təsir gücü və qiymət diqtəsi mümkün olmayacaq. Bu isə o deməkdir ki, neftin qiymətinin uzun müddət yüksək qiymətlərlə dünyanın başından “demokl qılıncı” kimi asılmayacaq. Başqa sözlə, bahalı neft erası artıq geridə qalır.
OPEK-in qiymətinin diqtə imkanları gələn ildən başlayaraq təsir gücünün müəyyən nisbətdə itməsi ilə müşahidə olunacaq. Çünki, enerji bazarına ABŞ-ın bir oyunçu olaraq sürətlə daxil olması qiymət dalğalanmaları yaradacaq. Şist nefti və soyuq nüvə enerjisinin istehsalı enerji bazarında ABŞ-ın mövqeyini gücləndirdi.
ABŞ qaz hasilatına görə AB-i enerji asıllığında saxlayan Rusiyanı belə ixracat imkanlarına görə bu il ötüb keçdi. Amma növbəti onilliklərdə dünyanın enerji xəritəsində fərqli konfiqurasiyalar da istisna olunmur. Bunlardan əsas nəzərə alınası məqam dünyanın məcmu neft ehtiyatlarının daha çox hansı bazar oyunçularına məxsus olmasındadır. Əgər məsələyə bu rakursdan yanaşsaq, məlum olacaq ki, yaxın illər üçün OPEK-də asanlıqla “səndviç” kimi əzilməyəcək. Çünki, dunya üzrə neft ehtiyatlarinin 77%-i məhz OPEK ölkələrinin payına düşür. Demək, yaxın perspektiv üçün ABŞ-ın parlaq üstünlüyünün olmasına baxmayaraq OPEK-in bir neft oyunçusu kimi gücü hələ uzun müddət enerji müstəvisində qalacaq. Söhbət bu təsir dairəsinin nisbətən daralmasından və pay nisbətinin dəyişməsindən gedə bilər.
Neftin qiymətindən təsirlənən dövlətlər
OPEK-in mövqeyinin zəifləməsi həm də neft qiymətinin ucuzlaşması ilə müşahidə olunacaq. Bu zaman isə bu qiymətdən təsirlənən dövlətlərdə heç şübhəsiz olacaq.
Hazırda dünyada neftin qiymətinin aşağı düşməsindən daha çox təşvişə düşən Rusiya, İran və Venesueladır. Venesuela istisna olmaqla hər iki ölkə üçün bu mərhələdə neft təkcə iqtisadi amil və fiskal potensial deyil, daha çox bəlkə də siyasi təlatüm doğracaq faktordur. Ona görə daha çox neft qiymətləri üzərində bu qədər həssaslıqla davranış sərgiləyirlər. Əslində isə neftlə zəngin ölkələrin müvazinət gücü onunla ölçülməlidir ki, neftin qiyməti 100 dollar olanda da iqtisadiyyatı inkişaf etməyi bacardığı kimi 50 dollar olanda da yaşamağı bacarsın. Əgər ölkələrin iqtisadiyyatları resurs asıllığından bu həddə qədər böyüyə biliblərsə, demək kənar təsirlərə iqtisadiyyatları çox həssasdır. Resurs asıllığı böyük olan dövlətlər o zaman həssas qiymətə tab gətirə bilmir ki, onun indiyə qədər müəyyənləşdirdiyi xərclər həmin resurs gəlirlərindən birbaşa asılı olub. Rusiyanın da məhz bütün narahatlıqlarının əsasında bu amil durur. Əslində Rusiya neftin qiymətinin enməsi fonunda da zərərə düşmür. Hasilat xərcləri bazar qiymətindən yuxarı deyil. Hətta dünyada neftin qiyməti 25 dollara düşsə belə Rusiya bundan gəlirlə çıxacaq. Neft və neft məhsullarına tətbiq edilən vergi qanunvericiliyi buna imkan verir. Sadəcə Rusiyanın neftin qiymətinin aşağı düşməsi onun daha çox qazanmaq imkanlarından məhrum edir. Yəni, xəyali olaraq neftdən qazana biləcəklərindən olan zərərdir. Demək, neftin qiymətinin ucuzlaşması Rusiyanın birbaşa və konkret itkisi sayılmamlıdır. Sadəcə Rusiya kimi digər resurs asıllığı olan ölkələr neft “iynəsi” üzərində xərclərini müəyyənləşdirdiyi üçün neft gəlirləri olmayanda da həmin xərc maddələrini maliyyələşdirə bilmirlər. Deməli, neftin qiymətinin şiddətli təsiri daha çox avtoritar hökumətləri, o cümlədən İran, Rusiya kimi radikal siyasi xətt yürüdən dövlətlərə təsir edəcək. OPEC-in əksər üzvləri daxil olmaqla öz dövlət büdcələrindəki neftin bir barrelinin 80 dollar olduğu səviyyədə az-çox saxlaya bilirdilərsə, ondan aşağıda olan qiymət həddində nəzərdə tutduğu xərcləri təmin edə bilməyəcəklər. Neftin ən çox təsirləndirdiyi ölkələr də məhz bunlar olacaq.
Amma istər ABŞ, istərsə də OPEK üçün əlverişli və ədalətli qiymət səviyyəsi 60-80 dollar civarı hesab olunur. Bu hədd dünyada ölkələrin iqtisadi inkişafı üçün yaxşı plastarm yaradan və müvazinəti təmin edən ədalətli qiymət həddi də məhz bu səviyyə hesab olunur. Bundan yüksək qiymət səviyyəsi qeyri-iqtisadi amillərin təsiri altında formalaşır. Bu isə konyuktur qiymət həddidir.