Sergey Puqaçov İnterpolun axtarışına niyə verilib?
Britaniya mətbuatı xəbər verir ki, bir vaxtlar Rusiya prezidenti Putinin “bankiri” kimi tanınan Sergey Puqaçevin adı İnterpolun axtarış siyahısına daxil edilib.
Bu da xəbər verilir ki, Rusiya liderinin müttəfiqindən onun düşməninə çevrilmiş Puqaçev hazırda Londondadır və hələ də bank hesabından pul çıxarmaq imkanı var.
“The Guardian” qəzeti yazır ki, sərvəti “Forbes” jurnalının varlılar siyahısında 2 milyard dollar civarında göstərilən Puqaçevin İnterpolun siyahısına düşməsinə mühacirətdə yaşayan oliqarxla onun Kremldəki himayədarlarının arasında baş vermiş ixtilaf səbəb olub.
O, Rusiyadan biznesinin zorla əlindən alınması üçün cəhdlər edildiyini bildirərək qaçmışdı.
Lakin Puqaçev ölkədən qaçdıqdan sonra nəinki susmayıb, əksinə, son həftələrdə Vladimir Putini və Rusiyanın siyasi sistemini kəskin tənqid edən müsahibələr verib.
Mətbuat yazır ki, əvvəllər Rusiyanın keçmiş prezidenti Yeltsinlə yaxın olmuş Puqaçev sonradan Putinin də yaxın çevrəsinə daxil ola bilmişdi.
Onun maraqlar paketi tikinti, bank və gəmiqayırma kimi sahələri əhatə edir.
Lakin bir müddət də senator olmuş Puqaçevin bəxti 2010-cu ildən tərsinə dönməyə başlayıb. Həmin vaxt onun sahibi olduğu bank borca düşmüş və lisenziyasından məhrum edilmişdi.
Rusiya prokurorluğu Puqaçevi bank hesabından şəxsi məqsədləri üçün vəsait oğurlamaqda ittiham edir.
Puqaçev bu ittihamları rədd edir və bildirir ki, ona qarşı ittihamlar mülkiyyətinin əlindən alınması üçün qondarılıb.
“Bu gün Rusiyada xüsusi mülkiyyət yoxdur. Orada yalnız Putinə məxsus təhkimlilər var” – deyib Puqaçev “Financial Times” qəzetinə verdiyi müsahibədə.
“Time” jurnalına verdiyi başqa bir müsahibədə isə oliqarx belə deyir: “Əgər Putin deyirsə ki, nəyisə “almaq istəyirəm”, sən ona deyə bilməzsən ki, “mən həmin şeyi satmıram”. O deyəndə ki, “mən bunu almaq istəyirəm”, sən gərək deyəsən ki, “çox sağ ol ki, əlimdən zorla almırsan”.
Bu ay Puqaçevin vəkilləri Londonda Ali Məhkəməyə bildiriblər ki, oliqarxın mülkiyyəti dondurulandan sonra onun ixtiyarında yalnız 70 milyon dollar vəsaiti qalıb.
İnterpolun saytındakı elanda deyilir ki, Puqaçev Rusiya hakimiyyət orqanları tərəfindən qanunsuz mənimsəməyə görə axtarışa verilib.
Bununla belə, “The Guardian” yazır ki, Britaniya cətin, oliqarxı İnterpolun tapşırığı ilə həbs və ya Rusiyanın tələbi ilə ekstradisiya etsin.
Rusiyanın belə ricaları əvvəllər də bir qayda olaraq “siyasi motivli” kimi rədd edilib.
Buna misal olaraq Putinin daha qüdrətli müttəfiqi olmuş mərhum Berezovskinin ekstradisiya tələbinin rədd edilməsini göstərmək olar.
Rusiya həmçinin ölkədən qaçmış mobil telefon maqnatı Yevgeni Çiçvarkini Londondan geri ala bilməyib.
Britaniya mediası yazır ki, Puqaçevə gəldikdə, o, Rusiyada hakimiyyətə son dərəcə yaxın olsa da, adətən mətbuatdan gizlənib və diqqətdən yayınıb. İndi isə Rusiya hakimiyyətinin gözündən tamamilə düşmüş Puqaçev Kremlin və Putinin qatı tənqidçisinə çevrilib.
O mətbuata müsahibələrində Putinin “zehni qabiliyyətini” dolamaqdan çəkinmir və onun “iqtisadiyyatdan başı çıxmayan birisi” olduğunu söyləyir. “Vladimir Putin iqtisadiyyatdan heç nə qanmır. Hesabatları oxumaq onun üçün maraqsızdır. Onun aşkar şeylərdən xoşu gəlir: “Rusiya irəliləyir və ya hər şey yaxşıdır”. O baş verənlər barədə dərin anlayışa malik deyil. Putinin həndəvərindəkilər bilirlər ki, o yaxşı xəbərləri xoşlayır və onlar da ona həmişə yaxşı xəbərləri gətirirlər. Nə baş verirsə, hamısı yaxşıdır. Təki onun kefi kök olsun” – deyir Puqaçev “Times” müxbirinə.
“The Guardian” yazır ki, Puqaçev Putini, o hələ 1996-cı ildə prezident administrasiyasında işləmək üçün Sankt-Peterburqdan paytaxta gətiriləndən tanıyır. Puqaçev deyir ki, o vaxt “bu çəlimsiz bürokratın Rusiyanın hakimi olacağını” ağla belə gətirmək mümkün deyildi.
“Onun masasının üstündə həmişə iti yonulmuş karandaşlar, ağ vərəq və qəzet olardı. Masanın üstündə bircə dənə də olsun sənəd görməzdin. Mən on ildir ki, siyasətdəyəm və çox vəzifəli adamlar görmüşəm. Onların masalarının üstündə tonlarla kağız-kuğuz olurdu. Onlar həmişə nə isə edirdilər. Bu isə sakitcə otururdu, tək-tənha. Nə bir iclas, nə bir yığıncaq. Bütün günü oturub televizora baxırdı. Televozora baxmağı doğrudan da çox xoşlayır” – deyə xatırlayır oliqarx.