Martin Şultsun fikirləri hakimiyyəti narahat edib
Noyabrın 26-da Strasburqda Avropa Parlamentində 2014-cü il Saxarov mükafatının təqdimatı mərasimi olub. Mərasimdə çıxış edən Avropa parlamentinin spikeri Martin Şults bu mükafata digər namizəd Leyla Yunsun qanunsuz həbsindən danışıb və Azərbaycan hakimiyyətini bu qadını azad etməyə çağırıb.
Daha sonra Şults deyib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu alınmayıb. O qeyd edib ki, Avropa Parlamenti üzvlərinə Azərbaycana getməyə imkan verilməməsinə etirazını bildirir. O bunu yolverilməz adlandırıb.
Martin Şultsun fikirlərinə Azərbaycan XIN-dən reaksiya gəlib.
“Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur”. “Trend”in məlumatına görə, bunu Azərbaycanın Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XIN rəsmisinin sözlərinə görə, Martin Şultsun səsləndirdiyi məsələ – Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmamışdır.
H.Hacıyev qeyd edib ki, Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa Birliyi üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır: “Martin Şultsun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifədə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı”.
Göründüyü kimi, Avropa Birliyi ilə rəsmi Bakı arasında münasibətlər getdikcə gərginləşir. Avropa Birliyinin siyasi məhbus məsələsində israrlı olması, Leyla Yunusla bağlı konkret tələblər irəli sürməsi hakimiyyətin maraqlarını ifadə etmir.
Indi isə XIN rəsmisi bildirir ki, Martin Şults yalan danışır və bu qurumdan heç bir müraciət daxil olmayıb.
Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Martin Şultsun səsləndirdiyi fikirlərrə münasibət bildirib və onu fürsətcillikdə qınayıb: “Cənab Şults Azərbaycanla bağlı neqativ mövqe bildirmək üçün sanki fürsət axtarır və onu da deyək ki, heç vaxt fürsəti əldən vermir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ikincisi isə cənab Şults öz təqdimatını insan hüquqları ilə əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə çalışır. Guya günahsız insanları müdafiə etməklə məşğuldur. Üçüncüsü isə o, beynəlxalq ictimaiyyətə özü bilə-bilə düzgün məlumat vermir, çaşdırır, yanlış mövqe formalaşdırır”- deyə Novruz Məmmədov bildirib.
Deməli, siyasi məhbus məsələsinin qabardılması, insanlara azadlıq tələb edilməsi fürsətcillikdir. Novruz Məmmədov gözəl bilir ki, indiki mərhələdə Avropa Birliyinin Azərbaycana qarşı münasibəti kəskinləşib və Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilib.
Ona görə də hakimiyyət Avropa Birliyinin rəhbərliyi ilə təmasda olmaqdan, fikir mübadiləsi aparmaqdan çəkinir. Bu mənada Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinə əngəl yaradılması inandırıcıdır. Çünki, hakimiyyət bilir ki, bu nümayəndə heyəti Azərbaycanda da ciddi mesajlar verəcək və hakimiyyəti tənqid atəşinə tutacaq. Eyni zamanda nümayəndə heyəti siyasi məhbuslarla, vətəndaş cəmiyyəti və müxalifətlə görüşə bilər. Bu isə vəziyyətin daha da çılpaq şəkildə üzə çıxara bilər. Təkcə Leyla Yunusun səhhətinin ağırlaşması və hakimiyyətin bu qadına münasibətini əyani şəkildə görmək nümayəndə heyəti üçün yetərli faktdır.
Bütün bunları nəzərə alnada hakimiyyətin israrını başa düşmək olur.
Onsuz da bütün dövrlərdə hakimiyyət Qərblə yalnız iqtisadi sahədə əməkdaşlığa can atıb. Siyasi məqamlar müzakirə mövzusu olanda isə “ikili standartlar”, “qərəzli mövqe” kimi ifadələrdən istifadə edərək, Qərbə qarşı kampaniya aparıblar.
Cənab Şultsun bir daha Leyla Yunusun adını çəkməsi və Azərbaycan hakimiyyətinin addımlarını yolverilməz adlandırması, bu “ənənə”nin davamını zəruri edib.
Real vəziyyət onu göstərir ki, hakimiyyətin “vətən xaini”, “dələduz” adlandırdığı adamlar, dünya miqyasında yüksək mükafatlara layiq görülür və bu adamların günahsız olduğu bildirilir.
Belə bir ziddiyyətin yaranması isə Avriopa Birliyi ilə Azərbaycan arasında gərginliyi daha da artırır.
Akif