Müsavat Beynəlxalq Insan Haqları Günü ilə əlaqədar mitinq keçirəcək
Partiyadan istefa verən Rüfət Əliyev: «Müsavat əvvəlcə özü insan hüquqlarına hörmətlə yanaşsın, sonra belə bir mitinq keçirsin»
Müsavatın Suraxanı rayon təşkilatının iki üzvü – Faiq Nağıyev və Niyaməddin Qocayev də partiyadan istefa verib. Partiyanın fəal üzvlərindən olan bu iki şəxsin, hətta 2005-ci ilin parlament seçkilərindəki fəaliyyətlərilə əlaqədar həbs olunduğu bildirilir.
Bu arada, Müsavat partiyası Beynəlxalq Insan Haqları Günü ilə əlaqədar 14 dekabr saat 15.00-a mitinq təyin edib. Maraqlıdır, Müsavatın son qurultayında baş verənlər, həmçinin ondan sonra partiya daxilində yaşanan proseslərlə əlaqədar təşkilatdan istefa verən şəxslər həmin mitinqdə iştirak edəcəkmi?
Müsavatın Zəngilan rayon təşkilatının sabiq sədri, bugünlərdə partiyadan istefa verən Rüfət Əliyev “moderator.az”ın bu barədə sualını belə cavablandırıb: “Müsavat ilk öncə özü insan hüquqlarına hörmətlə yanaşsın, sonra belə bir mitinq keçirsin”.
Xatırladaq ki, Rüfət Əliyev partiyanın qurultayında, o cümlədən başqan seçkisində saxtakarlığına yol verildiyini iddia edən narazılar qrupundan idi. O, partiyanın noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsində Isa Qəmbərin narazı müsavatçılara qapı göstərməsinə etiraz əlaməti olaraq, Müsavatdan istefa verdi.
Qardaşından Isa Qəmbərə ultimatum
“Isa bəy təcili şəkildə Qubad Ibadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada xanımı (Qadınlar Şurasının sədri Ellada Məmmədli-red.) və digərlərini dəvət edib Müsavat Partiyasındakı vəziyyətə yenidən baxmalıdır. Ya da Ana Torpaq partiyasını Müsavatdan ayıracam və Qubad bəyin tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağıq” – bunu Isa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər “hafta.az”a müsahibəsində deyib.
O, qeyd edib ki, bu addımları Isa Qəmbərə qarşı xəyanət kimi təqdim olunmamalıdır: “Biz Azərbaycan üçün, birlik üçün çalışırıq”.
“İsa Qəmbərin sözü hökm deyil”
Müsavat Məclisinin üzvü, partiyadakı narazılar qrupuna daxil olan Vurğun Əyyub qurultayda yol verilmiş saxtakarlıqda əli olanların cəzalandırılmasını istəyir. Bu barədə o, APA-ya açıqlamasında deyib: “Mübarizəmin məqsədi odur ki, qurultayda baş verən ədalətsizliklərə görə heç olmasa, kimlərsə cəzalandırılsın və partiyanın idarə edilməsində demokratik ənənələr bərpa olunsun. Problemlərin həllinin bir yolu olan növbədənkənar qurultayın çağırılması Nizamnamə ilə təsbit olunmuş bir haldır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr, təkid edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və Nizamnamədən kənar bir addımdır..
Qeyd edək ki, Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan Isa Qəmbər yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideya sayıb, partiyanı hədələməyi xəyanət kimi dəyərləndirib. O, Müsavat Partiyasının qurultayında başqan seçilən Arif Hacılı ilə bir yerdə olduğunu da vurğulayıb.
Vurğun Əyyub isə növbədənkənar qurultay ideyasının müşavirədən sonra da aktuallığını itirmədiyini deyir. O, Isa Qəmbərin Arif Hacılıya artıq açıq dəstək verməsindən sonra növbədənkənar qurultayın mənasını itirdiyi, narazıların qurultayda uğur qazanmaq ehtimalının olmadığı yönündə qənaəti də bölüşmədiyini dilə gətirib: “Isa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, Isa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür”.
Vurğun Əyyub partiyanın qurumlarını legitim saymaması ilə bağlı açıqlamalarının partiyanın nüfuzuna zərbə vurduğu və buna görə cəzalandırıla biləcəyi barədə xəbərdarlığa da münasibət bildirib: “Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur. Bu gün Müsavat Partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir”.
Xatırladaq ki, Müsavat başqanının müavini Elman Fəttah isə Vurğun Əyyubun partiyadakı strukturları saymaması və tanımamasına münasibət bildirərkən deyib ki, bu, məsuliyyətsiz yanaşmadır: “Vurğun Əyyubun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. Kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda, Nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacaq”.
“Vurğun Əyyub Siyavuş Novruzovla eyni mövqe sərgiləyir”
Müsavat Divanının üzvü Osman Kazımov da Vurğun Əyyubu ittiham edib. O, “AzNews”a açıqlamasında deyib ki, Vurğun Əyyub Müsavata qarşı YAP üzvü Siyavuş Novruzovla eyni mövqe sərgiləyir.
Vurğun Əyyubun “Mənə elə gəlmir ki, Isa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür” fikrinə münasibət bildirən Osman Kazımov onu “istiqamətlənmiş planlı bir qaralama prosesi aparmaqda” ittiham edib: “Müsavat partiyasının başqanı Arif Hacılı Qubad Ibadoğlunun, Vurğun Əyyubun və Səxavət Əlisoyun birlikdə topladığı səsdən çox səs toplayıb. Vurğun Əyyub namizəd olmasa da, Qubad Ibadoğluna dəstək verib. Vurğun Əyyub 3 noyabr 2014-cü il tarixli müşavirədə Isa bəyin etdiyi çıxışı dinləsə yaxşı olar. Arif Hacılı başqan kimi öz fəaliyyəti ilə məşğuldur və hesab edirəm ki kifayət qədər gərgin işləyir, Müsavat partiyasının nüfuzunun qorunması üçün effektli fəaliyyət göstərir. Şəxsən mən Müsavat partiyası başqanının müavini kimi öz işimlə məşğulam”.
Vurğun Əyyubun “Bu gün Müsavat partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir” ittihamına gəlincə, Osman Kazımovun cavabı belə olub: “Müsavat partiyasının və rəhbərlikdə təmsil olunan şəxslərin nüfuzuna hansı zərbəni vururam? Biz Vurğun Əyyub kimi həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, böhtan atmaqla, tərəfdaşları kimi Müsavata düşmən mövqe sərgiləyən televiziya kanallarına gen-bol müsahibələr verməklə, Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləməklə məşğul deyilik. Təəssüf ki, Vurğun bəy qərəz və hikkədən əl çəkmir, sanki istiqamətlənmiş planlı bir qaralama prosesi aparırlar”.
Siyasət şöbəsi