Rövşən Qəmbər: «İsa Qəmbər yarım saat vaxt ayırıb suallarıma cavab verməsə, özündən küssün…»
Zəngilan təşkilatının rəhbəri də Müsavatı tərk etdi
Rüfət Əliyev: «Son qurultay sübut etdi ki, Müsavatla YAP-ın heç bir fərqi yoxdur»
Müsavatın keçmiş başqanı Isa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər partiyadan çıxarılıb, lakin ona bu haqda məlumat verilməyib. Bunu Rövşən Qəmbər “facebook” sosial şəbəkəsində partiyanın yeni başqanı Arif Hacılıya ünvanlanmış müraciətində qeyd edib. Onun sözlərinə görə, partiyadan hansı səbəbdən çıxarılmasına indiyədək aydınlıq gətirilməyib: “Müsavat Partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaradılmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara da cavab verilmədi. Bir daha bilmək istəyirəm, nə zaman ”Skayp” və ya WhatsApp ilə danışaraq, Müsavatın üzvü olmağıma aid, təzadlı vəziyyətin aydınlaşmasına aid, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?
Əgər əlimlə yazdığım ərizəyə sizə çatdırıldığı gün – 9 sentyabr 2014-cü il tarixində cavab verilsəydi, partiyaya üzvülüyüm bərpa edilər və başqanlığa namizəd olardım”.
Rövşən Qəmbər bildirir ki, Müsavatın son qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad Ibadoğluya səs verməyə çağıracaqdı: “Qurultayda, həmçinin Qarabağ probleminin həllində mühüm təsiri olacaq Müsavat partiyasının daha xeyirli fəaliyyət göstərməsinə aid təkliflərimi qurultay nümayəndələrinə bildirmək istəyirdim və sonra namizədliyimi geri çəkərək, mənə inananların Qubad bəyə səs vermələrini istəyəcəkdim.
Müsavat partiyasının rəhbərliyi, 2011-ci ildə partiyanın yüzilliyi münasibətilə fəxri fərmanla təltif olunmağıma baxmayaraq, mənim 2009-cu ildə partiyadan çıxarıldığımı bildirdiniz. Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi”.
Qeyd edək ki, Müsavata başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında Rövşən Qəmbərin hələ 2009-cu ildə partiyadan öz ərizəsilə çıxdığını bildirib. Onun sözlərinə görə, Rövşən Qəmbərin son qurultay öncəsi də belə bir müraciəti olub: “Bu məsələ qurultaydan əvvəl Divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib”.
Rövşən Qəmbər dünən “facebook” vasitəsilə yayılan başqa bir müraciətində Müsavatın növbədənkənar qurultayının keçirilməsini təklif edib. O, müraciətində seçki prosedurunu da izah edib. Bildirib ki, qurultayın partiyanın qərargahında 3 gün ərzində sərbəst keçirilməsi daha məqsədəuyğundur. Çünki hökumətin təklif etdiyi, saatı pulla hesablanan saraylarda qurultay keçirmək həm maliyyə, həm də vaxt problemi yaradır.
Rövşən Qəmbərin digər bir müraciətini isə “teleqraf.com” yayıb. Həmin müraciətdə o, suallarının cavablandırılması üçün Isa Qəmbərə vaxt verib. Hətta Isa Qəmbərə xəbərdarlıq da edib:
“Indiyədək inanmışam ki, Azərbaycanın problemlərinin həllində qardaşım Isa Yunisoğlu çox böyük imkanlara malik olduğuna görə Azərbaycanda ən çox sevdiyim vətəndaş odur. Lakin mənim çoxsaylı suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, Isa Qəmbər özündən küssün…ÿ Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda ən çox sevdiyim vətəndaş Isa Qəmbər olsa da, Müsavat Partiyasını ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan, haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından 2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan kimlərə Müsavat Partiyasının Yüzilliyi münasibətilə fəxri fərmanın verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də fəxri fərmanla təltif olunmazdım! Qubad Ibadoğlunu dəstəklədiyim üçün və 8-ci qurultayda on dəqiqəlik çıxışımı istəmədikləri üçün və əsasən bu niyyətlə başqanlığa namizədliyim haqda ərizəmə 17 sentyabr 2014-cü il tarixində ”inboks”uma yazılan kiçik məktubu Rəsulzadənin Davamçılarına layiq saymıram!
Bu sualın aydınlaşmasına çalışan Arif bəyə “Skayp” və ya “WhatsApp” ilə istənilən vaxtlarda incəliklərinə qədər əsaslandırılmış izahat verməyə hazıram!
Müsavatın bugünkü rəhbərliyindən xahiş edirəm ki, mənim partiyadakı qeyri-müəyyən statusuma son qoyulsun”.
“Isa Qəmbər bu sözlərlə əsl siyasi xarakterini ortaya qoydu”
Bu arada, Müsavat partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev partiyadan çıxdığını bəyan edib. O, “moderator.az”a istefasının səbəbini belə izah edib: “Mən Müsavatda baş verən qeyri-demokratik proseslərə artıq laqeyd qala bilmir və illərlə ən müxtəlif postlarında yer aldığım partiyadan istefa verirəm. Hesab edirəm ki, Arif Hacılı, Gülağa Aslanlı, Səxavət Soltanlı kimi adamlarla bir yerdə qalmaq keçdiyimiz mübarizə yoluna ləkədir”.
Rüfət Əliyevin sözlərinə görə, son qurultay bir daha sübut etdi ki, Müsavatla YAP-ın heç bir fərqi yoxdur: “Hətta YAP öz üzvlərinə münasibətdə indiki Müsavat rəhbərliyindən daha ədalətlidir. Hər halda, hakim partiyanın yetkililəri narazı elektorada qapını göstərməz, ”kim getmək istəyirsə, yolu açıqdır” deməzdi. Nə yazıq ki, biz bu sözləri illərlə arxasınca süründüyümüz adamın dilindən eşidirik”.
Rüfət Əliyev deyir ki, Isa Qəmbər dilə gətirdiyi bu sözlərlə əsl siyasi xarakterini ortaya qoydu: “Onun qapı göstərdiyi bu adamlar Müsavatın qaymaqlarıdır. Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad Ibadoğlu, hazırda öz davası uğrunda məhbəsdə yatan Tofiq Yaqublu kimi ziyalılar Arif Hacılının başqanlığıyla razılaşmırlar. Belə çıxır ki, məhz bu mövqelərinə görə onlar Müsavat sıralarını tərk etməlidirlər? Bu necə demokratik düşüncədir? Bu düşüncəyə malik olan insanlar hakimiyyətə gələrsə, Azərbaycan ağ günə çıxa bilərmi?
Uzun illər arxasınca sürünüb, min cür mərhumiyyətlərə dözdüyümüz bu adam öz vicdanını aynaya çevirib həm özünün, həm də diktator hesab etdiyimiz Ilham Əliyevin simasına baxsın. Insafı varsa kimin daha çox diktator olduğuna qərar versin. Yaratdığı avtoritar rejimlə bütün dünyanın qınağını üzərinə çəkən Ilham Əliyev heç olmasa, öz komandasının qədrini bilir.
Isa Qəmbər isə illərlə onun uğrunda qeyri-adekvat güclər mübarizəsində heç nədən çəkinməyən, ən amansız təqiblərə, işgəncələrə məruz qalan, tutulan, döyülüb söyülən, işsizlik ucbatından aclıqla sınağa çəkilən tərəfdarlarına “sizin mövqeyinizin mənim üçün zərrə qədər də əhəmiyyəti yoxdur” mənasına gələn sözlər deyir. Onlara apardıqları haqq mübarizəsində nəinki arxasını çevirir, hətta müsavatçıları öz təşkilatlarından qovur. Halbuki, müsavatçılar bu partiya üçün öz ailə səadətlərini belə qurban veriblər”.
Başqan müavini partiyadakı narazıları hədələdi
Başqanlığa keçmiş namizəd, partiyadakı narazı kəsimin lideri sayılan Qubad Ibadoğlu da bildirib ki, növbədənkənar qurultayın çağırılmasına nail olmaq üçün, bir vasitə kimi fraksiya yaradılması məsələsi gündəmdədir.
Müsavat başqanının müavini Nüşabə Sadıxlı “mediaforum”a açıqlamasında deyib ki, fraksiya yaradılması partiya nizamnaməsində nəzərdə tutulmayıb: “Fraksiya yaradılsa, bu, nizamnaməyə zidd addım olacaq. Onlar öz sözlərini eşitdirmək üçün fraksiya yaratmaq istədiklərini bildirirlər. Lakin hər bir müsavatçı öz sözünü partiyanın Divanında, Məclisində deyə bilər, təkliflərinin müzakirəyə çıxarılmasına nail ola bilər. Yəni bundan ötrü fraksiyaya ehtiyac qalmır. Yox, kimsə ayrıca təşkilat yaratmaq istəyirsə, bu artıq onun öz işidir, bunun partiyaya aidiyyəti yoxdur. Ayrıca təşkilat yaratmaq niyyətini Müsavata aid etməyə çalışmaq partiyamızın nizamnaməsini pozmaqdır, bunu edən hər bir şəxs cəzalandırılacaq”.
Nüşabə Sadıxlı onu da qeyd edib ki, Qubad Ibadoğlunun növbədənkənar qurultayın keçirilməsi, Müsavatdan çıxarılan şəxslərin partiyaya qaytarılması kimi təklifləri qəbul edilə bilməz.
Siyasət şöbəsi