Vəfa Quluzadə: «Bakı-Ceyhan-Tiflis kəməri Azərbaycanın qərbyönümlü dövlət olmasının təməlini qoydu»
ABŞ vitse-prezidenti Co Bayden Ukraynadan sonra Türkiyəyə səfər edib. Co Bayden ABŞ Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda Istanbulda keçirilən zirvə toplantısında iştirak edib. C.Bayden çıxışında Istanbulun Atlantik Şurası toplantısını keçirmək üçün ən uyğun yer olduğunu bildirib: “Həyati əhəmiyyətli bir bölgədəyik. Buraya Ukraynadan gəldim. Rusiyanın Ukraynadakı fəaliyyətləri və Krımın işğalı qəbul edilə bilməz və buna qarşı mübarizəmizi davam etdirəcəyik.
NATO məkanını müdafiə etmək, NATO-nun təsirini artırmaq üçün hər şeyi etmək niyyətindəyik. Avropanın enerji təhlükəsizliyi də prioritet mövzularımız sırasındadır. Rusiya beynəlxalq normaları tapdayaraq enerjidən silah kimi istifadə edir. Bir mənbədən asılılıq Avropa üçün çox uzun zamandır problem yaradır. Artıq hərəkətə keçmək lazımdır. Rusiya tədarükçü olmasın demirəm. Lakin Avropa öz enerji mənbələrini müxtəlifləşdirməlidir. Rusiya beynəlxalq qaydalara əməl edərək burada oyunçu olmağa davam edə bilər”. ÿ
C. Bayden daha sonra bəyan edib ki, “əsrin layihəsi” olan və Xəzərin enerji ehtiyatlarını Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan bir çoxları inanmasa da, gerçək oldu: “Bu, oyun qaydalarını dəyişdirən bir hadisədir. Aralıq dənizi regionunda Azərbaycan və Iranın da iştirakı ilə daha etibarlı bir enerji bölgəsi yaradacağıq. Bunun gətirəcəyi strateji faydadan bütün bölgə yararlanacaq. Israil, Türkiyə, Yunanıstan, Misir və Kiprin bir araya gəlməsi ilə bölgədə rifah səviyyəsi yüksəldilə bilər. Bu, enerji təhlükəsizliyinin təminatı ilə mümkün olacaq”. ÿ
Politoloq Vəfa Quluzadə bildirdi ki, Baydenin Türkiyəyə səfəri təsadüfi deyil. Belə ki, dekabrın 1-də Putinin Türkiyəyə səfəri gözlənilir. Bayden isə onu qabaqlayaraq Türkiyəyə səfər etdi və Putinin səfərinin məqsdələri müzakirə olundu. Ekspert hesab edir ki, bu səfər Türkiyə- ABŞ münasibətlərini dəqiqləşdirdi və bu çox önəmlidir.
Baydenin enerji məsələləri ilə bağlı fikirlərinə gəlincə, Vəfa Quluzadə bildirdi ki, “Azərbaycan olduqca kövrək vəziyyətdə idi. Bakı-Tiflis-Ceyhan kəmərinin şaxələnməsi, Azərbaycanın Qərbyönümlü dövlət olmasının təməlini qoydu. Bu kəmərin çəkilməməsi üçün çox cəhdlər oldu. Həmin dövrdə Rusiyanın təzyiqi güclü idi. Onlar sübut etməyə çalşırdılar ki, bu kəmər Azərbaycan üçün əlverişli deyil. Hətta, ABŞ-ın QHT-ləri də buna qarşı çıxırdı. Ancaq bu layihə baş tutdu və Türkiyə, Gürcüstan və Azərbaycanı Qərbə müttəfiq etdi”.
Ekspert onu da bildirdi ki, Baydenin fikirləri ABŞ-ın siyasətinin prinsipial olacağını və bu kəmərin sıradan çıxarılmasına imkan verməyəcəyini göstərir: “Bu bəyanat olduqca əhəmiyyətlidir. Bu onu sübut edir ki, ABŞ- Azərbaycan əlaqələri ümumidir və perspektivlidir”.
Akif