Hakimiyyətin azad fikirli insanlardan ailə üzvlərilə qisas alması cəmiyyətdə ikrah doğurur
Azərbaycanda siyasi əqidəsinə görə insanların özlərilə yanaşı, yaxın ətrafının, o cümlədən ailə üzvlərinin də repressiyalara məruz qalması yeni xəbər deyil. Müxalif fikirli insanların, tənqidçi jurnalistlərin özlərinə qarşı təqib və təzyiqlər azmış kimi, üstəlik, ailə üzvləri sınağa çəkilməsi ikrah hissi yaradır. Təsadüfi deyil ki, həm yerli, həm də beynəlxalq ictimaiyyət bu cür iyrənc addımlardan çəkinməsi üçün dəfələrlə hakimiyyətə çağırış edib. Amma hökumət bu cür özünəməxsus mübarizə metodundan əl çəkmək istəmir.
AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, əqidə insanlarının özlərilə yanaşı, yaxınlarının da təzyiqlərə, repressiyalara məruz qalması halları hakimiyyətə başucalığı gətirmir. O, AXCP sədri Əli Kərimlinin qaynına qarşı olan münasibəti yada salır. Qeyd edək ki, Əli Kərimli ilə yaxın qohumluğuna görə həbs olunan Elnur Seyidov ağır xəstə olmasına baxmayaraq, dözülməz şəraitdə saxlanılır. Bundan başqa, “Azadlıq” qəzetinin əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilova görə qardaşı Muradın, partiyanın təşkilat şöbəsinin sədri Rafiq Daşdəmirliyə görə oğlu Sənanın narkotiklə şərlənərək həbs olunması ikrah yaradan hadisələrdir: “Belə hadisələrlə mövcud hakimiyyət öz mahiyyətini ortaya qoyur və ölkədə vətəndaş qarşıdurması yaradır. Buna yol vermək olmaz. Mübarizəni sivil formada aparmaq lazımdır. Əqidəsinə görə insanların yaxınlarını təzyiqlərə məruz qoymaq hakimiyyətin anti-demokratik, avtoritar mahiyyətini göstərir. Normal, sivil mübarizə aparmaq qabiliyyətinin olmaması çox pisdir. Siyasilərlə hansısa problemi varsa, hakimiyyət bunun qisasını onların yaxınlarından almamalıdır”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da insanların siyasi mənsubiyyətinə görə onların yaxınlarının təqib və təzyiqlərə məruz qalmasını qəti şəkildə pisləyir: “Bu addımlara son qoymağın vaxtıdır. Çünki son vaxtlar belə faktlar daha da çoxalıb. Son hadisə kimi, Rafiq Daşdəmirlinin oğlunun da həbs edilməsi məni üzür. Məni narahat edən odur ki, siyasilər, dindarlar daha çox narkotik maddəsilə ittiham edilir. Bir azdan ölkəmizi ən çox narkotik alverilə məşğul olan adamların ölkəsi kimi qələmə verəcəklər. Düşünmürəm ki, gənclərimiz narkotik satışı və qəbul edilməsilə çox məşğuldur. Ironiya ilə demək istəyirəm ki, siyasilərə heç olmasa, başqa bir həbs vasitəsi axtarıb tapsınlar. Bu, qəbuledilməz haldır və təcili son qoyulmalıdır”.
Milli Şuranın komissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəyli də hökuməti bu cür addımlarına görə qınayır: “Təəssüf ki, bu taktika, sovet dövrünün, stalinizmin belə çirkin praktikası bu gün Azərbaycanda davam etməkdədir. Keçən il mən 9 yaşlı övladımın əlimdən alınmasıyla təhdid edilirdim. Bundan başqa, Milli Şuranın dəyərli üzvü Oqtay Gülalıyevin yetkinlik yaşına çatmayan oğluna qarşı saxta və gülünc olan xuliqanlıq ittihamıyla məhkəmə prosesinin şahidi olduq. Bu, başdan-ayağa uydurma xarakterli bir məhkəmə prosesi idi. Natiq Ədilovun qardaşı Murad Ədilovun başına gələnlər də göz qarşısındadır. Bu hallar birmənalı olaraq hər birimizdə hiddət doğurur. Bu, düzgün yol deyil, bu yolun sonu hakimiyyətə də uğur vəd etmir. Belə hadisələr ölkənin beynəlxalq imicinə çox böyük zərbə vurur. Ölkə daxilində də ciddi narazılığa səbəb olan bir yoldur. Bu yolun ölkə içində və xaricində heç bir effekti yoxdur. Mən hakimiyyəti seçdiyi belə mübarizə yolundan çəkinməyə çağırıram”.
Nigar