Narazıların yaratdığı Işçi Qrup bu gün partiyanın qərargahındakı qapalı toplantıda mühüm qərarlar verəcək
Müsavatın keçmiş başqanı Isa Qəmbərin partiyada baş verənləri bir tərəfin Əliyev hökumətilə savaşı kimi qiymətləndirməsi onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırdı. Eyni zamanda, partiya rəhbərliyinə etiraz edənlərin Müsavatdan xaric edilməklə cəzalandırılması narazılıqları dərinləşdirdi. Hikmət Hacızadə, Əlövsət Talışxanla kimi tanınmış simalar etiraz əlaməti olaraq, Müsavatı tərk etdiyini açıqladı. Vəziyyət o həddə çatıb ki, narazılar artıq ayrıca partiya yaratmaq haqda düşünürlər.
Yeni başqan Arif Hacılını ən çox tənqid edənlərdən biri də başqanlığa keçmiş namizəd Səxavət Əlisoy idi ki, onu da partiyadan uzaqlaşdırdılar. Buna baxmayaraq, Səxavət Əlisoy bu gün də özünü Müsavat Partiyasının üzvü sayır. Bu barədə o, APA-ya açıqlamasında bildirib: “Saxtakar saydığım qurum tərəfindən partiyadan çıxarılmağım barədə verilən qərarın heç bir anlamı yoxdur. Işçi qrupun üzvü kimi də fəaliyyətimi davam etdirirəm.
Ədalətin bərqərar olacağını vurğulayan Səxavət Əlisoy bildirib ki, başqalarının necə düşünməsindən asılı olmayaraq, müsavatçı olaraq qalır. O, qurultayın nəticələrindən narazı qalan müsavatçıların yaratdıqları, partiyada fraksiya və növbədənkənar qurultayın keçirilməsi imkanlarını araşdıran işçi qrupun noyabrın 22-də keçiriləcək iclasında müzakirələrin yekunlaşacağını və gələn həftə hansı addımların atılacağının açıqlanacağını söyləyib: “Işçi qrupun üzvü olan Tural Abbaslı partiya daxilində fraksiya yaradılmasının tərəfdarıdır. Ancaq əks tərəf, qaragüruh haray-həşir qaldırır, bunun mümkün olmadığını bəyan edir. Qubad Ibadoğlu bu gün xaricdən qayıdacaq, biz sabah yekun müzakirə aparacağıq”.
Işçi qrupun üzvü, Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı isə noyabrın 22-də partiyanın qərargahında qapalı toplantı keçirəcək işçi qrupun artıq tərkibinin də genişləndiyini, qrupun 20-dən çox üzvü olduğunu açıqlayıb. O, Səxavət Əlisoyu da işçi qrupun üzvü hesab etdiyini bildirib: “Səxavət Əlisoy partiyadan çıxarılıb. Ancaq mən bu qərarı ədalətsiz hesab edirəm və onu da işçi qrupun üzvü sayıram. Səxavət Əlisoy əgər istəyəcəksə, sabah qrupun iclasında iştirak edəcək. Kamil Xəlilbəyli və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının qərarı ilə haqsız yerə partiyadan çıxarılan üzvlər də qrupun iclaslarında iştirak edə bilərlər. Çünki biz hesab edirik ki, hər şey Nizamnamə çərçivəsində olmalıdır. Işçi qrupun yaradılmasının məqsədi də partiyadaxili münasibətlərin Nizamnamə çərçivəsində tənzimlənməsi, partiya daxilində fəaliyyət göstərmək üçün demokratik mühitin yaradılmasıdır. Mən və tərəfdarlarım əsasən fraksiya məsələsinə görə işçi qrupda fəaliyyət göstərmək istəyirik. Növbədənkənar qurultayın keçirilməsi də gündəlikdə var. Yəqin ki, yaranacaq fraksiya adından növbədənkənar qurultayın keçirilməsi tələb olunacaq. Nizamnamədə növbədənkənar qurultayın çağırılması ilə bağlı tələblər əksini tapıb. Ola bilsin ki, Nizamnamənin o tələblərinə uyğun qaydada hansısa addımlar atıldı. Hazırda işlər fraksiyanın formalaşdırılması, idarə olunması zəminində gedir”.
Müsavat partiyasında qurultayın nəticələrindən narazı qalanlar gələcək fəaliyyətlərilə bağlı öz aralarında müzakirələr aparırlar. Danışıqların nəticəsində ya yeni birlik, ya da partiya yaranacağı deyilir.
Bugünlərdə partiyada baş verənlərə etiraz olaraq, Müsavatdan istefa verən Əlövsət Talışxanlı “AzNews.az”a açıqlamasında yeni partiyanın yaradılması məsələsini təsdiqləyib: “Danışıqlar hələ ki, mətbəxt səviyyəsində aparılır. Partiya yaratmaq fikrimiz aktuallaşarsa, onu yaxın günlərdə elan edəcəyik”.
Başqanlığa keçmiş namizəd, narazıların dəstəklədiyi Qubad Ibadoğlunun Müsavat partiyasından ayrılıb-ayrılmayacağı haqda suala isə Əlövsət Talışxanlı belə cavab verib: “Bu sual Qubad bəyə ünvanlanmalıdır. Mən onun adından heç nə deyə bilmərəm. Hər halda, Müsavatdakı indiki durum orda fəaliyyət göstərməyi mümkünsüz edib. Qubad Ibadoğlu iqtisadçı və gənc alimdir. Gənc və yaşlı nəsil arasında bir körpüdür. Mən ona inanıram. Başqa cür mümkün deyil”.
Informasiya şöbəsi