D18 və Avropa Demokratiyaya Dəstək Alyansı Sənan Daşdəmirliyə azadlıq tələb etdi
Bəlli olduğu kimi, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli atasının siyasi fəaliyyətinə görə narkotiklə şərlənərək həbs edilib. Məhkəmənin qərarı ilə artıq onun barəsində istintaq müddəti kimi 3 aylıq həbs-qətimlan tədbiri seçilib.
Azərbaycanın demokratik ictimaiyyəti bu həbsi birmənalı olaraq ciddi etirazla qarşılayıb və siyasi mübarizədə yolverilməz hal, mənəvi prinsiplərin pozulması kimi qiymətləndirib.
Bu həbslə əlaqədar D18 Hərəkatı da bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, D18 Sənan Daşdəmirlinin həbsini siyasi həbs hesab edir. Onun həbsi təbii ki, atasının apardığı mübarizə və prinsipial mövqeyə görədir.
“Son həbslər göstərir ki, hakimiyyət ölkədə nə baş verdiyini anlamağa çətinlik çəkir, hələ də xalqın ucalan etiraz səsini repressiya və hədə-qorxularla batıra biləcəyini düşünür. D18 bəyan edir ki, hakimiyyətin hadisələrə belə yanaşması kökündən yanlışdır və nə onun özünə, nə də bütövlükdə ölkəmizə və xaqlımıza yaxşı gələcək vəd edir.
Azərbaycan iqtidarı tutduğu yanlış siyəsətdən imtina etməli və ölkənin dözülməz həddə çatan problemlərini ictimai-siyasi institutlarla müzakirə etməli, cəmiyyətlə sağlam dialoqa başlamalıdır. D18 Hərəkatı insanların siyasi düşüncələrinə görə həbslərə, təqib və təzyiqlərə son qoymağı, siyasi məhbusların buraxılmasını tələb edir. D18 Hərəkatı eyni zamanda son zamanlar AXCP-yə qarşı təxribatçı fəaliyyətə son qoymağı, qurama cinayət işini dayandırmağı və təşkilatın həbs olunan üzvlərini sərbəst buraxmağı tələb edir”, – deyə bəyanatda bildirilir.
Daha bir bəyanatı isə Avropa Demokratiyaya Dəstək Alyansı verib. Alyans bildirir ki, Sənan Daşdəmirlinin həbsini Azərbaycan hakimiyyətinin müxalifətə qarşı repressiyasının tərkib hissəsi kimi qiymətləndirir. Alyans Sənan Daşdəmirlinin azad olunmasını tələb edir.
“Valideynin siyasi düşüncəsinə görə övladın cəzalandırılması nə Azərbaycan hüquq sisteminə, nə də Azərbaycanın siyasi hakimiyyətinə baş ucalığı gətirəcək. Azərbaycanın hakimiyyəti vətəndaş cəmiyyətinin və müxalif siyasi mənsubluğu olan fəalların repressiyasını dərhal dayandırmalı, Sənan Daşdəmirlinin və digər siyasi məhbusların azad olunmasını təmin etməlidir. Azərbaycan hakimiyyəti anlamalıdır ki, Azərbaycanda siyasi məhbusların sayı çoxaldıqca, Avropanın və beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə təzyiqi də artır. Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməli, ölkədə azad və demokratik seçki keçirməli, vətəndaş cəmiyyətinin inkişafına təkan verməli, Avropa demokratik dəyərlərinin təbliğini və tətbiqini təmin etməlidir”, – deyə bəyanatda qeyd olunur.