“Mən yenidən məhkəmə prosesinə cəlb ediləcəyim haqda informasiyalar alıram”, – Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Turan-ın müxbirilə söhbətində bildirib.
Yol polisi haqqında yazdığı statusa görə bu ilin oktyabrında daxili işlər naziri Ramil Usubov xüsusi ittiham qaydasında E.Quliyevin barəsində Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Oktyabrın sonu noyabrın əvvəlində Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələrilə məhkəmə prosesi keçirilib. Məhkəmə E.Quliyevin 1000 manat cərimə və 480 saatlıq ictimai işə cəlb edilməsi barədə qərar çıxarıb.
E.Quliyev qeyd edib ki, hələ məhkəmə prosesi gedən zaman vəkili yol polisinin daha iki müfəttişinin bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyi haqda informasiya verib. “Mən yenidən məhkəməyə verilməyim haqda infromasiyanın nə dərəcədə dəqiq olduğunu bilmirəm. Amma bu varsa, vaxtilə nazirin qaldırdığı məsələ ilə bağlıdır, amma bu məsələ üzrə artıq məhkəmə qərarı var, bir məsələ haqda iki qərar çıxarıla bilməz ki?”, – E.Quliyev bildirib.
Müzəffər Baxışov: “Eldəniz Quliyev Ramil Usubovun müraciəti əsasında məhkum olunubsa, ona qarşı yenidən eyni ittiham irəli sürülə bilməz”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər E.Quliyev R.Usubovun müraciəti əsasında məhkum olunubsa, ona qarşı yenidən eyni ittiham irəli sürülə bilməz. Çünki bu Konstitusiyanın 83-cı maddəsinə görə ziddir. Bir şəxs törətdiyi əmələ görə bir dəfə məhkum oluna bilər. Amma bu işdə adı keçən polis ona dəymiş maddi və mənəvi ziyanın təmin edilməsi üçün mülkü qaydada da məhkəməyə müraciət edə bilər.
Xəyal