Qubad Ibadoğlu: «Büdcədəki hər 100 manatın 53 manat 40 qəpiyi Neft Fondundan götürüləcək»
Gələn ilin büdcəsi ilə bağlı müzakirələr mətbuatın gündəmindədir. Neftin qiymətindəki düşüş neftdən asılı olan Azərbaycan büdcəsini ciddi təhlükələr qarşısında qoyur. Iqtisadçı Qubad Ibadoğlu hesab edir ki, büdcə layihəsinin parlament müzakirəsi göstərir ki, yenə də təkliflər büdcə rəqəmləri əsasında neft gəlirlərindən daha çox pay götürmək üzrəində qurulub:
“Bu konteksdə olan təkliflərin əksəriyyəti bır sıra istiqamətlər üzrə xərclərin ədalətli bölüşürülməməsindən və eyni zamanda bəzi deputatların bu müzakirədən sui-istifadə edib, hökumətin ayrı-ayrı üzvlərinə xoş gəlmək istəklərindən irəli gəlir. Struktur təhlili göstərir ki, gələn ilin büdcəsində hər 100 manatın 53 manat 40 qəpiyi Neft Fondundan götürülməli, əlavə olaraq da onun 20 manata qədərini Azərbaycan neft bölməsi təmsil edən yerli (ARDNŞ və s.) və xarici (BP və s.) şirkətlər verməlidir. Beləliklə də büdcəyə toplanacaq hər 4 manatın 3 manatının neft bölməsi ilə əlaqəli olan gəlirlərdən formalaşdırılacağı gözlənilir. Gəlirlər sahəsində başlıca risk dünya bazarında xam neftin qiymətinin ucuzlaşması səbəbindən ola, gələn il Neft Fondunun büdcəsinin gəlirlər hissəsi onun büdcə öhdəliklərindən az olmasına görə büdcəyə transfertlərin vaxtında köçürülməsi ilə bağlı yarana bilər”.
Q.Ibadoğlunun fikrincə, eyni problemlərlə üzləşən yerli və xarici neft şirkətləri də büdcə qarşısında öhdəliklərini yerinə yetirməyə bilər. Bu zaman əsas ağırlığın qeyri-neft bölməsinin, xüsusilə də xırda və orta sahibkarların üzərinə düşəcəyi şübhəsizdir.ÿ
“Büdcənin xərclər hissəsinə gəlincə, onun hər 100 manatından 51 manat 90 qəpiyi ölkənin cari xərclərinə (dövlət aapratının saxlanması, təhsil, səhiyyə, sosial və s. sahələrdə istehlaka), 44 manat 40 qəpiyi tikint və təmirə, yerdə qalan 3 manat 70 qəpiyi isə dövlət borcuna xidmətlərə yönəldiləcək. Konkret olaraq gələn ilin büdcəsindən hər 100 manatdan 33 manatı birbaşa tikintiyə, 12 manat 78 qəpiyi hətta parlament üzvlərinin də təyinatını bilmədiyi istiqamətlərə, 9 manat 80 qəpiyi sosial müdafiə və təminata, 9 manat 70 qəpiyi idarəetmə aparatının saxlanmasına, 8 manat 43 qəpiyi müdafiəyə, 8 manat 10 qəpiyi təhsilə, 3 manat 70 qəpiyi səhiyyəyə, 1 manat 60 qəpiyi mədəniyyətə, incəsənətə, idmana və informasiyaya, 70 qəpiyi elmə, yerdə qalan da digər (kommunal, nəqliyyat, rabitə və sair) məsələlərə xərclənəcək. Odur ki, gələn il üçün formalaşdırılan dövlət büdcəsi reallıqdan uzaq və riskləri yüksək olması ilə əvvəlkilərdən xeyli fərqlənir. Təəssüflər olsun ki, bu ilin büdcəsi də parlamentdə proqramlar üzrə təsnifat olmadan müzakirəyə çıxarıldı. Bu fakt ilk növbədə büdcənin səmərəliliiyinə və şəffaflığının qiymətləndiirlməsinə mənfi təsir göstərəcək”, deyə Q.Ibadoğlu vurğulayıb.
Xəyal