«Məni təhlükəli və islahedilməz vətəndaş sayırsınızsa, onda mən həqiqətən də islah olmamışam»
Saxta ittihamlarla 3 il azadlığı əlindən alınmış tanınmış vəkil Qurban Məmmədov Qaradağ Rayon Məhkəməsinin 07 noyabr 2014-ci il tarixli qərarından Bakı Apelyasiya Məhkəməsinə göndərdiyi şikayətin bir nüsxəsini vəkili Fəxrəddin Mehdiyev vasitəsilə redaksiyamıza yollayıb.
“Hörmətli hakimlər!
Qərarın surəti mənə 12 noyabr 2014-cü ildə təqdim edilib. Həmin qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv olunmalı və mənim ərizəmin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdim ki, cəzamın üçdə birindən (1/3) artığını çəkdiyim üçün, CM-nin 77-ci maddəsinə uyğun olaraq, cəzamın qalan hissəsini daha yüngül cəza növü ilə – CM-nin 42.0.6-cı maddəsində nəzərdə tutulan islah işləri ilə əvəz etsin.
Məhkəmə ərizəmi rədd etmək üçün öz qərarını belə əsaslandırıb: “məhkəmə… 14 saylı Cəzaçəkmə Müəssisəsinin mənfi mülahizəsini, Məmmədov Qurban Cəlal oğlunun əməyə münasibətinin qənaətbəxş olmamasını, törətdiyi cinayətə münasibətini, ictimai və mədəni tədbirlərdə iştirak etməməsini, mülahizədə qeyd olunan mənfi cəhətlərə malik olmasının şəxsi işində olan sənədlərdə öz əksini tapdığını və onun islah yolunda olmamasını nəzərə alaraq hesab edir ki, məhkumun ərizəsi təmin edilə bilməz”. Məhkəmənin əsaslandığı bu “dəlillər” tamamilə əsassız və uydurmadır.
Əvvəla, “mülahizə”də göstərilənləri əsaslandıran, sübut edən dəlillərin məhkəməyə təqdim edilməsi barədə verdiyim vəsatətə cavab olaraq heç bir sübut təqdim edilməyib və məhkəmədə bu barədə heç bir sübut növü müzakirə edilməyib və araşdırılmayıb. “Mülahizə”, sadəcə olaraq, kiminsə şəxsi fikirlərindən ibarətdir. Məhkəmə isə, sübutlara yox, bu uydurma “mülahizə”yə əsaslanıb.
Ikincisi, “əməyə müasibətimin qənaətbəxş olmaması” barədə göstərilən fikrin nə demək olduğu başa düşülmür. Mən orta məktəbi 1976-cı ildə bitirdikdən sonra həbs edilənədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşam. Həmişə vergi ödəyicisi olmuşam. Ailəmi halal əməyimlə saxlamışam. “Əməyə münasibətin qənaətbəxş olması” necə olur? Məhkəmə qərarında bu barədə heç nə yazılmayıb. 14 saylı CÇM-nin rəhbərliyi mənim azadlıqda olarkən əməyə münasibətimin necə olmasını haradan, hansı yollarla öyrənib? Mən hüquqşünasam. Hətta, CÇM-də ixtisasıma uyğun iş olarsa, ailəmin büdcəsini artırmaq üçün can-başla çalışaram. Mənə belə bir iş təklif edilibmi? Iş materiallarında bu barədə heç bir sübut yoxdur. Mən azadlıqdan məhrum edilmişəm, məcburi əməyə cəlb olunmamışam və AR CM-də “məcburi əmək” adlı bir cəza növü də yoxdur. Məhkəmə nəzərə almayıb ki, beynəlxalq hüquq normalarına və Konvensiyalara əsasən, insanların məcburi əməyə cəlb edilməsi qadağandır.
Üçüncüsü, “törətdiyi cinayətə münasibəti” sözləri ilə məhkəmə nəyi nəzərdə tutub? Bunun ərizəmə, tələbimə nə aidiyyəti var? Törədilən cinayətə münasibət necə olmalıdır? Bu mücərrəd fikrə əsaslanarkən məhkəmə cinayət qanunun hansı normasını nəzərdə tutub? Belə bir norma varmı?
O ki qaldı mənə qarşı qondarılmış cinayətə münasibətimə, təbii ki, mən öz əməlimdən peşimanam. Həm də çox peşimanam.
Peşmanam ona görə ki:
– gərək mən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsini XIII hissəsinin tələblərinə əməl edib parklanma işini həyata keçirən şəxsin (“stoyanşik”) köməyindən istifadə etməyəydim;
– yaralanmasında heç bir təqsirim olmayan zərərçəkmişi təcili xəstəxanaya aparmayaydım və ona yardım göstərməyəydim;
– dövlətin milyonlarla milli sərvətimizi xərcləyib qurdurduğu nəzarət kameralarına gərək güvənməyəydim, müxalifət nümayəndələrinin haqlı olduğu halları (jurnalist Sərdar Əlibəylidə, müsavatçı Yadigar Sadıqlıda və onlarla siyasi məhbusda olduğu kimi) bu kameraların çəkmədiyini nəzərə alıb, öz maşınıma 4 tərəfi də çəkən video kameralar quraşdırardım;
– gərək “stoyanşik”i arxadan mənim maşınıma sıxıb ayağını sındıran Maliyyə Nazirliyinin maşınının sürücüsünün və arxa oturacaqda oturan Cavanşir Yusifovun əl-qolunu bağlayıb elə hadisə yerinə uzadardım ki, sonradan yalan ifadə verməyə imkanları olmayaydı, gərək hadisə yerindən qaçmalarına imkan verməyəydim, daşla da olsa qarşılarını kəsəydim;
– ölkəmizi bürüyən total rüşvətxorluq, korrupsiya və bütün sahələri öz məhvedici cənginə alan monopoliyadan, məhkəmələrin icra hakimiyyətinin əlində “qisas dəyənəyi”nə çevrilməsindən TV ekranlarında və qəzet səhifələrində danışmayaydım;
– ölkədəki mövcud cinayətkar, talançı, basqıçı, dərəbəylik mühitindən, sürükləndiyimiz bataqlıqdan və başımıza gələ biləcək bəlalardan qurtulmaq üçün, XILAS DÜSTURU ilə çıxış etməyəydim;
– gərək, heç bu ölkədə doğulmayaydım.
Siz necə hesab edirsiniz: etmədiyim cinayəti boynuma alıb etiraf etsəydim necə vətəndaş olardım? Ərizəmi təmin edəcəkdinizmi? Məni azadlığa buraxardınızmı? Siz ki həbsimdə maraqlı olan, həbsimə göstəriş verən ali siyasi iradənin əlində şəxsi “döyüş silahısınız”. Bu silah öz sahibinə qarşı atarmı? Əlbəttə, yox! Heç olmasa qanunları öyrənin, formal da olsa öz qanunsuz və əsassız qərarlarınıza qanuni don geyindirməyə çalışın.
Konstitusiyanın 66-cı maddəsinə əsasən, “heç kəs özünə, …qarşı ifadə verməyə məcbur edilə bilməz”. Siz hakimlər Cinayət Prosessual Məcəlləni oxuyursunuzmu? Oxuyursunuzsa, həmin məcəllənin 91.5 və 91.5.10-cu yarımbəndlərini bir də oxuyun. Orada sizin də başa düşəcəyiniz gözəl türk dilində yazılıb: “ifadə (izahat) vermək özünə… qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə, ifadə (izahat) verməkdən imtina etmək, habelə, haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək” təqsirləndirilən şəxsin hüququdur. Olmaya, müxalifətçilər, bu cinayətkar rejimə qarşı mübarizə aparanlar, bu hüquqdan məhrum edilib mənim xəbərim yoxdur?! Əcəba, siz mənim CM-nin 77-ci maddəsində nəzərdə tutulan “üçdə bir hüququ”mla məni şantaj edərək Konstitusiyanın 66-cı, CPM-nin 91.5 və 91.5.10-cu yarımbəndlərində nəzərdə tutulan “öz ələyhinə ifadə verməkdən imtina hüququ”mdan məni imtina etməyə məcbur edərək törətmədiyim cinayəti etiraf etməyimimi istəyirsiz?
Bunu etmədiyimə görə məni təhlükəli və islahedilməz vətəndaş sayırsınızsa, onda həqiqətən də islah olmamışam.
Ancaq söz verirəm ki, azadlığa çıxdıqdan sonra, sürücülük hüquqlarımdakı məhrumiyyət üzərimdən götürülərsə, bir daha hər hansı “stoyanşik”in təlimatı ilə avtomaşınımı park etməyəcəyəm, yaralanmasında rolum olub-olmamasına baxmayaraq, yerdə yaralı və əlacsız vəziyyətdə gördüyüm tanımadığım şəxsə, yanlış anlaşılmamağım və şərlənməməyim üçün bir daha heç bir yardım etməyəcəyəm, bundan sonra ehtiyatlı sürücü və layiqli vətəndaş olaraq, həmişəki kimi Xalqıma və Dövlətimə xidmət edəcəyəm.
Hətta, Ilham Əliyevin, digər uğurlu addımları kimi, həbsimdə müstəsna rolu olan, məhkəmə posesində verdiyim və təmin edilməyən vəsatətlərlə hüquqi statuslarını müəyyən etməyə çalışdığım “stoyanşik”lərlə bağlı verdiyi göstərişi, atdığı addımı və sərgilədiyi çox prinsipial münasibəti alqışlayır, təşəkkürümü bildirirəm.
Dördüncüsü, məhkəmə mənim “ictimai və mədəni tədbirlərdə iştirak etməməyimi” hansı sübutlarla əsaslandırıb? “Mülahizə”də və məhkəmə qərarında söhbətin hansı “ictimai və mədəni tədbirlər”dən getdiyi məlum deyil. 14 saylı CÇM-də məskunlaşan göyərçinlərin qorunması, qidalanması və çoxaldılması barədə tədbir keçirilib, mən iştirak etməmişəmmi? Yoxsa CÇM-də dolaşan pişiklərin acından ölməməsi və ya xəstələnməməsi uğrunda hansısa ictimai hərəkat başlanıb, mənim xəbərim yoxdur? Bəlkə, aldığı əmək haqqı ilə ailəsinə insan ləyaqətinə layiq həyat tərzi qura bilmədiyinə görə gözü məhbusların əlində, fikri isə məhbusları “yandırmaq”da olan nəzarətçilərə, gözü xəstənin əlində olan həkimlərə, gözü şagirdin və tələbənin əlində olan müəllimlərə, gözü vətəndaşın əlində olan məmurlara, gözü təqsirləndirilən şəxsin əlində olan hakimlərə, müstəntiqlərə, prokuror və polislərə yardım kampaniyasında iştirakdan imtina etmişəm? Yoxsa, ölkəni xərçəng kimi məhv etməkdə olan total rüşvətxorluq və korrupsiya, monopoliya və məhkəmə, polis özbaşınalığına qarşı keçirilən piket və ya yürüşlərdə iştirakdan yayınmışam? Bir sözlə, hansı ictimai işdən yayınmağım barədə məhkəmə materiallarında heç bir konkrekt sübut yoxdur.
Mədəni tədbirlərə gəldikdə isə, heç bir musiqi alətində ifa edə bilmədiyim üçün (sol əlimdə şəhadət barmağımı 5 yaşımda itirmişəm) musiqi kollektivində iştirak edə bilməməyim məndən asılı deyil. Hələ orta məktəbdə oxuyanda, xoru pozduğum üçün, nəğmə dərsindən aldığım əla qiymət isə, başqa fənlərdən əla qiymət almağımla bağlı olub. Mənə oxumaq üçün lazım olan məlahətli səsi Allah verməyib. Bu günədək heç bir qohumumun toyunda düz-əməlli rəqs də edə bilməmişəm ki, CÇM-nin olmayan rəqs ansamblında iştirak edim. “Mülahizə”də və məhkəmə qərarında hansı mədəni tədbirlərdən söhbət getdiyi məlum deyil. Belə tədbirlər olubmu? Keçirilibmi? Bu barədə “mülahizə”də yazılanları sübut etmək üçün CÇM-nin nümayəndəsi N.B.Hacıyevdən keçirilən tədbirlərin protokollarını, məni hansısa tədbirə dəvət etmələrini sübut edən dəlillərini məhkəməyə verməsini tələb etsəm də, o bunu yerinə yetirmədi. Çünki mən CÇM-də olduğum bu 3 ay ərzində heç bir ictimai və mədəni tədbir keçirilməyib. Olmayan tədbirdə iştirak etməməyimə görə mənim “ittiham edilməyim” isə, sadəcə, siyasi məhbus olmağımla bağlıdır.
Bunu sübut etmək üçün isə son 3 ayda 14 saylı CÇM-dən AR CM-nin 76 və 77-ci, CIM-nin 70-ci maddəsinə uyğun olaraq buraxılan məhbusların (oğrular, narkomanlar, dələduzlar, quldurlar, qatillər və s.) şəxsi işlərinə baxmaq mənə qarşı irəli sürülən tələblərin onlara da aid edilib-edilməməsini yoxlamaq kifayətdir. Məsələn, həmin şəxslər hansı ictimai və mədəni tədbirlərdə iştirak ediblər, müəssisədə hansı abadalıq işləri aparıblar və s.? Bu da mənə qarşı ayrı-seçkiliyin sübutudur. Həm də tək mənə qarşı yox.
Ancaq, hörmətli hakimlər, Cəzaların Icrası Məcəlləsinin 11-ci maddəsində (məhkumların əsas vəzifələri) “ictimai və mədəni tədbirlərdə iştirak etmək” kimi bir vəzifə nəzərdə tutulmadığına görə, heç kim məni və ya istənilən məhbusu nəğmə oxumağa, rəqs etməyə, atılıb-düşməyə məcbur edə bilməz. Nə vaxt istərəm, o vaxt da oxuyub-oynayaram. Özüm bilərəm.
“Mülahizə”də yazılıb ki, mən özümdən razı və inadcılam, başqalarından fərqlənməyə və özümü üstün tutmağa çalışıram.
Çox hörmətli və müstəqil hakimlər!
Mən özümdən qətiyyən razı deyiləm, “bircə ondan razıyam ki, özümdən narazıyam”, şair demişkən. Ancaq həqiqətən inadcılam. Elə ölkəni və sizin məhkəmələri, DƏDRX-i və gömrük, vergi və polis orqanlarını bürüyən cinayətkarlıq və rüşvətxorluğa, korrupsiya və monopoliyaya qarşı inadcıl mübarizə apardığım, insan hüquqlarını inadcıl olaraq müdafiə etdiyim üçün həbs olunmuşam.
Həqiqətən də, başqalarından fərqlənməyə çalışıram, ancaq qətiyyən özümü üstün tutmağa çalışmıram. Quran-i Kərimdə deyilir: “Yaxşı işlər görməkdə yarışın”. Mən bunu etməyə çalışıram. Orada həm də yazılır: “Allah təkəbbürlü bəndəni sevməz”. Bundan isə qaçmağa çalışıram, inşallah! Ancaq başa düşmürəm, bütün bunların CM-nin 77-ci maddəsinə nə aidiyyəti var?
Hörmətli hakimlər! Həmin gün digər siyasi məhbus Yadigar Sadıqovun da ərizəsi təmin edilmədi. “Əsaslar” isə eynidir. Bu isə siyasi sifarişin vahid mərkəzdən gəlməsinin göstəricisidir.
Məhkəmə qərarında “mülahizədə qeyd olunan mənfi cəhətlərə malik olmasının şəxsi işində olan sənədlərlə öz əksini tapması” barədə yazılanlar isə, sadəcə olaraq, yalandır. Iş materiallarında belə sənədlər yoxdur və ola da bilməz. Çünki mövcud olmayan şey ola bilməz! Olsaydı, surətləri mənə və müdafiəçimə də təqdim edilərdi. Bu isə baş verməyib.
Hörmətli hakimlər!
Qaradağ rayon məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu AR CM-nin 77.1-ci maddəsini düzgün təfsir etməyib. Həmin maddədə yazılır: “…az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər…”
Göründüyü kimi, indiki işdə məhkəmə mənim yalnız “cəzanı çəkdiyim dövrdə davranışımı nəzərə almalıdır”. Məhkəmə isə xarakterimlə bağlı şəxsi rəydən ibarət olan “mülahizə”yə əsaslanıb. Hansısa mənfi, qanuna zidd davranışlarım barədə isə iş materiallarında heç bir sübut yoxdur.
“Mülahizə”də qeyd edilib ki, “mən müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət” şəraitinin yaxşılaşdırılması işlərində iştirak etməyə həvəs göstərmirəm”.
Hörmətli müstəqil hakimlər!
Yəqin siz də etiraf edərsiniz ki, bu fikirlər olduqca böyük siyasi səhvdir və yolverilməzdir. Bu dəlillə “mülahizə” müəllifi və ona əsaslanan məhkəmə, dövlət başçısının analoqsuz və yavaşlamayan inkişafımız haqqında verdiyi bəyanatların yalan olduğunu sübut edib. Sual verə bilərlər: yavaşlamayan analoqsuz inkişaf edən Parisdə “Luvr”u, Romada tarixi abidələri təmir edən, Rusiyanın müxtəlif şəhərlərində və Avropanın bir çox ölkəsində parklar salan, heykəllər qoyan bir rejimin cəza müəssisəsi niyə bərbad haldadır ki, onun da abadlaşdırılmasında Qurban Məmmədovun əməyinə ehtiyac olsun? Soruşmazlarmı? Soruşarlar! Mən isə azadlıqdan, yəni sərbəst yerdəyişmə, hərəkət etmə imkanından məhrum edilmişəm, hansısa müəssisəni “abadlaşdırmaq vəzifəsinə” təyin edilməmişəm.
Bu barədə də qanunları bilməyiniz, öyrənməyiniz pis olmazdı. CIM-nin 95.1-ci maddəsinə əsasən, “…cəzaçəkmə müəssisəsinin müdiriyyəti… məhkumları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində… əməyə cəlb olunurlar…” 14 saylı CÇM-də isə bir dənə də olsun istehsalat sahəsi yoxdur. Belə olduğu halda, “mülahizə”də hansı əməyə münasibətdən söhbət gedir? Yoxsa, mən hüquqşünaslıq təcrübəmdən nərd düzəldilməsində istifadə etməliyəm. Əlbəttə, siz də bunun ağlabatan hərəkət olmadığını qəbul edərsiniz.
Qalır bircə, Qaradağ Rayon Məhkəməsinin bu qanunsuz qərarının qəbul edilməsinə əsas olan əsl motivlər barədə düşünmək.
Düşünün, cənab “müstəqil” hakimlər. Bilirəm ki, mən indiki cinayətkar və qanunsuz olan siyasi rejimə qarşı barışmaz mövqeyimə görə həbs edilmişəm. Bəs siz bu qərarın qanuniliyini necə əsaslandırırsız? Sizin qərarınız isə mənə məlumdur və qərar mənə, sadəcə olaraq, Avropa Məhkəməsindəki işimə əlavə etmək üçün lazımdır.
Bütün bunlar mənim, eləcə də, Yadigar Sadıqovun siyasi məhbus olduğunu sübut edir.
Siyasi məhbus olduğum üçün ərizəm təmin edilməyib. Mənə qarşı ayrı-seçkilik edilir”.
Vəkil Qaradağ Rayon Məhkəməsinin qərarının ləğvini, yeni qərar qəbul olunmasını, eyni zamanda işə onun iştirakı olmadan baxılmasını xahiş edir.