Türkiyənin Bakıdakı keçmiş səfiri ölkəsinə Ermənistanla sərhədləri açmağı təklif edib
Istefada olan diplomat, Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz ölkəsinin Ermənistanla sərhədləri açmasının tərəfdarıdır. O, “Hürriyet” qəzetində dərc edilmiş məqaləsində yazıb ki, Ankara ilə Yerevan arasında dalana dirənmiş normallaşma prosesi yalnız Türkiyə hakimiyyəti yeni təşəbbüslə çıxış etdiyi halda irəliləyə bilər.
Çeviközün fikrincə, Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Daha sonra Qarabağ prosesində əldə edilmiş irəliləyişi qiymətləndirərək, sərhəd məsələsini daha funksional alətə çevirər.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu ərəfədə verdiyi müsahibədə Ermənistanla təmas xəttində baş verən hadisələrlə bağlı Türkiyədən gözləntiləri dilə gətirib. O deyib ki, Türkiyə tərəfi də təmas xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirməlidir: “Bunu gözləməyə bizim haqqımız var.ÿAvropanın bu işlərlə məşğul olan qurumları bilirlər ki, Ermənistan haqsızdır və beynəlxalq hüququ pozub”.
Deməli, erməni helikopterinin vurulması məsələsinə Avropa dövlətləri qısa müddətdə reaksiya verdiyi halda, Türkiyə tərəfinin rəsmi münasibət bildirməməsi Azərbaycan hökumətini dilə gətirib.
Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycanın erməni helikopterinin vurulmasıyla bağlı Türkiyə tərəfindən geniş açıqlama gözləməsi təbii haldır. Çünki Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməklə yanaşı, münaqişənin də ərazimizin bütövlüyü çərçivəsində həllini istəyir: “Türkiyənin açıqlama verməsi hələ də gec deyil, çünki onunla bir çox dövlətlər hesablaşır. Başqa dövlətlər son hadisə ilə bağlı açıqlamalar verirsə, Türkiyənin də məsələyə münasibət bildirməsi yerinə düşərdi”.
Nigar