Deputat həmkarına qarşı kampaniya aparır
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, deputat Elxan Süleymanov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidova qarşı kampaniya aparır.
Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Qəzet yazır ki, son vaxtlar Səməd Seyidovun “kölgədə” qalması səbəbsiz deyil. Deputatın AŞ PA-dakı fəaliyyəti hakimiyyəti qane etmədiyindən ona etimad azalıb. Iqtidarda düşünürlər ki, beynəlxalq aləmin təzyiqləri məhz rektor-deputatın yarıtmaz fəaliyyətinin nəticəsidir. Qəzet iddia edir ki, Səməd Seyidovun işinin öhdəsindən gələ bilməməsi barədə hakimiyyətin yuxarı eşelonunda rəy yaradanların başında Elxan Süleymanov dayanır. “Qocaman deputat siyasi hakimiyyəti inandırmağa çalışır ki, o, beynəlxalq təşkilatların ”ağzını yummaq” üçün AŞ PA-dakı nümayəndə heyətimizdən daha çox iş görür”, – deyə qəzet yazır.
Məlumatda həmçinin bildirilir ki, Səməd Seyidov da məsələdən xəbərdardır və rəqibini sıradan çıxarmaq səylər göstərir. Bildirilir ki, rektor-deputat və yaxın ətrafı beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərində Elxan Süleymanovun rüşvətxor obrazını yaratmağa çalışırlar.