Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri noyabrın 17-də Brüsseldə toplaşaraq Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.
Rusiyaya qarşı yeni sanksiyalar haqda dünyanın bir neçə lideri eyni vaxtda – Avstraliyada həftəsonu keçirilən G20 sammitində danışıb.
Avropa Birliyinin xarici siyasət rəhbəri Mogherini deyib ki, nazirlər noyabrın 2-də Ukraynanın şərqində keçirilmiş seçkilərə “ən düzgün cavabı” müzakirə ediblər. O bildirib ki, bu seçkilər qanunsuz idi və Avropa Birliyinin cavabını tələb edir. O qeyd edib ki, sanksiyalar məqsəd deyil. Onlar başqa tədbirlərlə yanaşı faydalı vasitə ola bilər.
Brüsselə yola düşməzdən əvvəl Danimarkanın xarici işlər naziri Martin Lidegaard deyib ki, Rusiyaya diplomatik və iqtisadi təzyiqi saxlamaq lazımdır. Onun sözlərinə görə, Moskvaya qarşı addımlar mütənasib olmalıdır.
NÖVBƏDƏ NEFTDİRMİ?
BBC xəbər verir ki, son həftələr Rusiya neftinə embarqo qoyulacağı haqda xəbərlərlər mediada yer alır. Həmin məlumatlarda deyilir ki, Avropa Komissiyası Rusiya neftini almayacağı təqdirdə Avropa ölkələrinin hansı çətinliklərlə üzləşə biləcəyini araşdırır.
Noyabrın 14-də bu xəbərləri dolayı şəkildə Rusiyanın iqtisadi inkişaf naziri Ulyukayev təsdiqlədi. O dedi ki. “Əgər Avropa Rusiya neftinə qadağa qoysa, Rusiya bununla bağlı bir neçə variant üzərində işləyir”. (azadliq.org)