ABŞ-ın dünyaca məşhur Harvard Universiteti Azərbaycanın tarixçisi professoru Cəmil Həsənlinin “Xruşşov mülayimləşməsi və Sovet Azərbaycanında milli özünü dərk, 1954-1959” (Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959) adlı yeni monoqrafiyası nəşr edilib. Əsər Universitetə uzun illərdir aid olan “Harvard Soyuq Müharibə Araşdırmaları Kitab Seriyası (The Harvard Cold War Studies Book Series) çərçivəsində çap edilib. Seriyanın redaktoru tanınmış alim professor Mark Kramerdir.
Kitab Stalinin ölümündən sonra Sovet Azərbaycanında cərəyan edən siyasi prosesləri özündə əks etdirir. Xruşşov reformaları, Sovet Kommunist partiyasının XX qurultayının qərarları, Kreml rəhbərliyində baş verən siyasi çəkişmələr milli respublikalarda, o cümlədən Sovet Azərbaycanında necə qarşılanırdı? Professor Həsənlinin ABŞ-ın ən böyük elm və təhsil mərkəzində nəşr edilən yeni əsəri bütün bunlar barədə Qərb oxucularına son dərəcə maraqlı məlumatlar verir. Məhz, bu monoqrafiyadan aydın olur ki, SSRİ müdafiə naziri marşal Jukovun azərbaycanlıların ali hərbi akademiyalara qəbul olunmasını qadağan edən gizli əmri olub. SSRİ Müdafiə Nazirliyinin gizli təlimatları əsasında ötən əsrin 50-ci illərinin ortalarında xaricdə dislokasiya edilən Sovet ordu hissələrində və desant ordusunda yalnız rus, ukrayna və belorus millətindən olan çağrışçılar xidmət edə bilərdi. Digər Sovet millətlərindən olan gənclər, o cümlədən azərbaycanlı hərbi çağrışçılar üçün bu ordu hissələrində xitmət etmək qadağan olunmuşdu.
Kitab Azərbaycan dilinin dövlət dili olması, 1956-cı ildə respublika konstitusiyasına “Dövlət dili” haqqında xüsusi maddə ələvə edilməsinin maraqlı bir hekayəsini Qərb oxucularına çatdırır. Müəllif haqlı olaraq bu nəticəyə gəlir ki, məhz, dil haqqında qanun qəbul edildikdən sonra azərbaycanlılar mənəvi cəhətdən özlərini respublikanın sahibi kimi hiss etməyə başladılar. Xruşşov islahatları gedişində siyasi, ictimai, mədəni, milli və mənəvi cəhətdən respublikada cərəyan edən hadisələrin Amerika oxucularına belə peşakar təqdimatı Qərbdə Azərbaycan və azərbaycanlılar haqqında doğru və düzgün rəyin formalaşmasına kömək edir.
Kitabın üz qabığının arxa hissəsində tanınmış Amerika alimlərinin əsər və onun müəllifi haqqında fikir və mülahizələri yer alıb.
Massaçüsettes Amherst Universitetinin professor, tanınmış azərbaycanşünas professor Audrey Alstadt yazır: “Həsəlinin yeni kitabə Azərbaycan tarixinin az işlənmiş lakin mühüm bir dövrünə işıq salır. Stalinin ölümündən sonra 1950-ci illərdə siyasi həyatda və milli düşüncədə bir canlanma hiss edilirdi. Doktor Həsənli bu canlanmanı təsvir edir, ədəbiyyat və incəsənət sahəsində Stalin qurbanlarına münasibətdə Kommunist partiyası daxilində gedən siyasi müzakirələri tədqiq edir. Bu kitab milli sarsılmazlıq haqqında tutumlu bir tarix hekayəsidir: ayrı-ayrı personalların şəxsi hekayəsi, var olmaq, xəyanət və itkilər, siyasi döyüşlər hekayəsi. Həsənli öz arqumentləri ilə Azərbaycanı siyasətin Sovet kontekstində milli siyasətlə məşğul olan sovet alimləri arasında daha çox populyar “milli quruculuq” tezisinə qarşı qoymuşdur”.
Kitab haqqında öz ürək sözlərini ifadə edən məşhur qafqazşünas alim, Vaşinqtondakı Karneqi fondunun baş elmi işçisi Thomas de Waal qeyd edir: “Dəqiqliyi ilə desək, Cəmil Həsənli Azərbaycanın çox ünlü bir tarixçisidir. Bax biz yenidən onun arxiv mənbələri ilə zəngin orjinal və cəlbedici bir işinin şahidiyik. Bu dəfə onun kitabı Xruşşov yumşalması dövründə Azərbaycan tarixşünaslığında boş qalmış yeri doldurur . Xruşşov yumuşalması və Sovet Azərbaycanında milli özünüdərk, 1954-1959: kim Qafqazın XX əsr tarixi ilə maraqlanırsa onların hamısı tərəfindən hökmən oxunmalıdır”.
Prinston Universitetinin Qafqaz və Osmanlı tarixi üzrə çox maraqlı tədqiqatların müəllifi Maykl Reynolds professor Cəmil Həsənlinin monoqrafiyası barədə öz fikirlərini belə ifadə edir: “Xruşşov yumşalması və Sovet Azərbaycanında milli özünüdərk, 1954-1959” kitabında Azərbaycanın aparıcı tarixçisi Həsənli tarixin donmuş hesab edildiyi bir yerdə və bir vaxtda onun cazibədarlığına diqqəti cəlb edir. Həsənlinin yenilik gətirən işi Stalindən sonra Sovet hüdudlarında siyasətin sualtı axınlarını açır və bu kitab sözün geniş mənasında Sovet tarixini, Qafqazı, sosializm və millətçiliyi öyrənmək istəyən tələbələrin böyük marağına səbəb olacaqdır”.
“Rowman&Littlefield Publishers” qrupuna daxil olan “Lexington Books” nəşriyyatında yayınlanan kitab Birləşmiş Ştatların Lanham, Boulder, New York şəhərləri ilə yanaşı Londonda da nəşr edilib. Harvard Universitetinin Soyuq Müharibə seriyasında çıxan bu kitab müəllifin həmin seriyada üçüncü, Birləşmiş Ştatlarda dördüncü, Azərbaycandan xaricdə rus, türk, ingilis, alman, fars dillərində nəşr olunmuş 17-ci elmi monoqrafiyasıdır. Kitaba maraq göstərənlər onu bu link üzərindən sifariş verə bilərlər: https://rowman.com/ISBN/9781498508148