Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Fransaya səfəri ərəfəsində bu ölkənin prezidenti Fransua Ollanda çoxsaylı məktublar göndərilmişdi. Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinara Yunusova, Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı və digərlərinə göndərdiyi məktublarda Ollanddan Əliyevlə görüş zamanı Azərbaycandakı son repressiyalar, o cümlədən siyasi məhbuslarla bağlı məsələni müzakirə etmək xahiş olunurdu.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun Fransanın Fəxri Legion ordeni ilə mükafatlandırıldığını nəzərə alaraq, Əliyevdən onun azadlığa buraxılmasının istənilməsinin vacibliyi vurğulanırdı.
“Associated Press” agentliyinin adının çəkilməsini istəməyən diplomata istinadən yaydığı məlumata görə, Yelisey sarayında Ilham Əliyevlə Fransua Ollandın təkbətək görüşündə Azərbaycanda insan haqlarının getdikcə pisləşən durumu, o cümlədən son repressiyalar, hüquq müdafiəçilərinin həbsi məsələsi müzakirə olunub. Leyla Yunusun həbsi, onun səhhətindəki problemlərlə bağlı məsələyə ayrıca toxunulub. Ilham Əliyev də öz növbəsində Leyla Yunusun taleyilə maraqlanacağı haqda Ollanda söz verib.
Diplomat eyni zamanda, bunun həssas məsələ olduğunu vurğulayaraq, bu haqda geniş danışmaq istəməyib.
İnformasiya şöbəsi