Hakimiyyət bütün vasitələrlə xalqların uğuruna kölgə salmaq istəyir
Azərbaycanda avtoritarizm hökm sürdüyü üçün, dünyada gedən demokratik dəyişikliklərlə bağlı əks təbliğat aparılır. Yəni, bütün vasitələrlə daxili auditoriyaya sübut etməyə çalışırlar ki, hakimiyyət dəyişikliyi bəla gətirir.
Təbii ki, heç kim istəməz ki, ölkəsində təlatümlər olsun, qanlı inqilab baş versin və bütün sahələrdə geriləmə müşahidə olunsun. Məhz buna görə də “seçki” anlayışı var və hakimiyyətlərin dinc şəkildə dəyişilməsi bu yolla təmin olunur. Ancaq, qeyri-demokratik hakimiyyətlər seçki yolu ilə getmək istəmirlər və cəmiyyətdə qanunsuzluğu, repressiyaları gücləndirirlər. Bütün bunlar isə, xalqın etirazı və diktatorların məğlubiyyəti ilə yekunlaşır.
Azərbaycan hakimiyyəti də avtoritar zehniyyətin daşıyıcısı olduğuna görə xalqın iradəsini uzun illərdi zorlayır və kölə ruhlu cəmiyyətin yetişməsində maraqlıdır. Buna görə də Ərəb inqilablarından başlamış, Ukraynada baş verənlərə qədər, bütün dəyişikliklərə faciəvi fon verməyə çalışırlar. Belə ki, hökumətimizin səyyar kameraları inqilab olmuş ölkələrdə “peyda” olur və vətəndaşlar arasında sorğu keçirirlər. Dəyişikliklərdən narazı olanları ümumiləşdirib, Azərbaycan ictimaiyyətinə göstərmək istəyirlər ki, inqilablar “qorxulu yuxu”dur.
Son dövrlər isə Ukraynada yaranmış vəziyyət hakimiyyət üçün pis nümunəyə çevrilib və bu nümunəni gözdən salmaq üçün ənənəvi addımları təkrar edirlər.
Ancaq, hakimiyyətin bu “təbliğat”ı iflasa uğradı. Çünki, Ukraynada dəyişikliyi xalq etdi və Rusiyanın yaratdığı problemlərə baxmayaraq cəmiyyət öz arzusundan geri çəkilmədi. Azərbaycandakı saxta seçkilərdən fərqli olaraq Ukraynada seçkilər keçirilir və insanlar öz iradələrini ifadə edirlər. Azərbaycan hakimiyyəti isə xalqların iradəsinə, müstəqil seçim etməsinə, demokratik ab-havaya nifrət etdiyinə görə, Ukrayna xalqının bu görünən uğuruna da kölgə salmaqdan çəkinmir.
Qeyd edək ki, oktyabrın 26-da axşam saatlarında ölkənin on milli televiziyası ilə çıxış edən prezident bildirib ki, seçicilərin 75 faizindən çoxu “Ukraynanın Avropa yoluna güclü dəstək” verib.
Bəli, Ukrayna xalqı avtoritar idareətməyə qalib gəldi və bugünlərdə öz seçimini edir. Tezliklə koalisyon hökumət formalaşacaq və ölkənin Qərbə inteqrasiyası davam etdiriləcək.
Azərbaycan hakimiyyəti isə daha çox talamaq üçün, talançıların “dəstə”sinə qoşulmaqda israrlıdır. Təbii ki, talançılar üçün Ukrayna nümunəsi arzuolunmazdır
Akif