Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı “Yeni Azərbaycan” və dövlət qəzeti “Azərbaycan”da ABŞ-ın ünvanına kəskin tənqidlər yer alan məqalə dərc edilib. Məqalədən bəzi hissələri təqdim edirik: “Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ özlərini dünyada ”demokratiyanın beşiyi”, “demokratik idealların qoruyucusu” kimi təqdim edir, beynəlxalq münasibətlərdə demokratiya məsələlərinə xüsusi önəm verdiklərini iddia edirlər.
Lakin Avropa imperializminin dünyanın bir çox xalqlarının başına açdığı oyunlar tarixdən yaxşı məlumdur. Orta əsrlərdən başlayaraq dünyanın bölüşdürülməsi və talanması siyasəti nəticəsində Afrika, Asiya və Amerika xalqlarına vurulan maddi və mənəvi yaraların yeri yəqin heç vaxt sağalmayacaqdır! Yüzminlərlə afrikalının, asiyalının soyqırımı və əsrlər boyu talanan maddi sərvətlər bugünkü Avropanın bəzi dövlətlərinin sürətli inkişafının səbəbləridir.
ABŞ-a gəldikdə, hazırda demokratiya carçısı olan bu dövlət yaranandan bəri yerli əhaliyə qarşı dəfələrlə soyqırımı törədib və nəticədə 3 milyondan çox hindu öldürülüb. XIX əsrə qədər ABŞ-a Afrikadan 12 milyondan çox kölə gətirilib. Düzdür, köləlik ABŞ-da rəsmən 1865-ci ildə qadağan edilib. Lakin irqi və dini, o cümlədən dini ayrı-seçkilik və dözümsüzlük bu ölkədə müasir dövrümüzdə də davam edir. Nyu Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir! Bu ölkədə 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda, ya da istintaq təcridxanasındadır!
Ikinci dünya müharibəsi başa çatdığı ərəfədə, Yaponiyanın məğlubiyyətinin labüd olduğu bilinsə də, Xirosimaya və Naqasakiyə atom bombalarının atılmasının, Vyetnamda baş verənlərin, Koreyanın bölünməsinin və digər bu kimi tarixdə izi qalan qanlı proseslərin müəllifi də məhz ABŞ-dır. Yaponiyaya atılan atom bombaları nəticəsində 100 min nəfərə qədər mülki yapon vətəndaş öldürülmüş və yüzminlərlə insan şikəst olmuşdur…
…ABŞ-ın Əfqanıstana və Iraqa bundan sonra edilən müdaxiləsi hələ də bu iki ölkəni böyük xaos mənbəyinə çevirib. Xüsusən, 2003-cü ildən Iraq dövlətinin işğalı ABŞ-ın imperialist və işğalçı siyasətini bir daha çılpaqlığı ilə ortaya qoydu. 2003-cü ilin yazından bu ərəb dövləti qan çanağını xatırladır. Səddam Hüseynin vaxtında sabit dövlət olan Iraqda xüsusən dini ədavət Qərb tərəfindən qızışdırıldı. Digər tərəfdən, ABŞ işğalına qarşı baş qaldıran müqavimət indiyədək yüz minlərlə Iraq vətəndaşının həyatına son qoyub…
…Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, “IŞID”in əsas ilhamvericisi də məhz ABŞ sayılır. Çünki bu qruplaşma Suriyada Bəşər Əsəd hakimiyyəti əleyhinə mübarizə apardığından ABŞ-dan da hərbi yardımlar alıb”.