“ABŞ-ın bəyanatı təkcə diplomatik üslubun sərtləşməsi deyil”
ABŞ Dövlət Departamentinin Azərbaycan hökumətinə son çağrışı iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunun göstəricisi sayıla bilər. Hüquq müdafiəçisi Leyla Yunus başda olmaqla, siyasi məhbusları azad etməyə çağıran ABŞ Azərbaycandan demokratik prinsiplərə hörmət etməyi tələb edir. Departamentin sözçüsü Cen Psaki deyib ki, rəsmi Vaşinqton insani hisslərdən çıxış edərək, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaradılmasına, onun təhlükəsizliyini təmin olunması və durumunun yaxşılaşdırılmasına təkid edir.
Azərbaycan tərəfinin ABŞ-a cavabı özünə məxsus formada olub. Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin açıqlamasına cavab verib. Hikmət Hacıyev bildirib ki, ABŞ-ın davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir. Açıqlamasında ABŞ-ın ünvanına bir sıra sərt ifadələr səsləndirən H.Hacıyev vurğulayıb ki, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub.
Fuad Qəhrəmanlı: “Azərbaycan XİN-in ABŞ-ı ölkənin daxili işlərinə qarşımaqda ittiham etməsi iki ölkə arasında siyasi qarşıdurmanın yaşandığını göstərir”
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı ABŞ Dövlət Departamentinin Azərbaycanda siyasi məhbusları azad etməyə çağıran bəyanatını və Azərbaycan Xarici İşlər Nazirliyinin buna cavabını şərh edib. F.Qəhrəmanlı hesab edir ki, bu, iki ölkə arasında siyasi qarşıdurmadan xəbər verir. O, fikirlərini facebook səhifəsində paylaşıb. «Əvvələr Dövlət Departamenti demokratiya, insan haqları kimi məsələlərə münasibət bildirəndə adətən narahatıq ifdəsəi işlədilirdi və hökumət siyasi məhbusları ədalətli məhkəmədə mühakimə etməyə çağırılırdı. Ancaq bu dəfə fərqli üslub seçilib. Siyasi məhbuslara ədalətli məhkəmə çağrışı yerinə, onları dərhal azad etmək tələbi təkid şəkilndə ifadə olunub.
Bu bəyanatdakı ifadə fərqi təkcə diplomatik üslubun sərtləşməsi deyil, həm də açıq şəkildə Azərbaycan hakimiyyətinə, onun hüquq mühafizə sisteminə inamsızlığın nəzərə çarpdırılmasıdır», deyə F.Qəhrəmanlı vurğulayıb.
F.Qəhrəmanlının yazdığına görə, ABŞ Dövlət Departamentinin bu şəkildə Azərbaycana xitab etməsi iki ölkə arasında demokratiya və insan haqlarına görə siyasi gərginliyin artdığını və dialoq imkanının aradan qalxdığını göstərir: «Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanata görə ABŞ-ı ölkənin daxili işlərinə qarşımaqda ittiham etməsi də iki ölkə arasında artıq dilaoq mühitinin olmadığını və siyasi qarşıdurmanın yaşandığını göstərir”.
Gültəkin Hacıbəyli: «Azərbaycanın starteji müttəfiqinə qarşı bu cür yanaşmanın sərgilənməsi yolverilməzdir»
Azərbaycan tərəfinin Dövlət Departamentinin sərgilədiyi mövqeyə göstərdiyi münasibət üzündən təəssüfləndiyini deyən Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, hakimiyyətin bu istiqamətdə atdığı addımlar yanlışdır. Azərbaycanın starteji müttəfiqinə qarşı bu cür yanaşmanın sərgilənməsinin yolverilməz olduğunu deyən G.Hacıbəyli bildirdi ki, bu siyasət Azərbaycanın suveren inkişafına qarant ola biləcək dünyanın super gücünün dəstəyindən məhrum olmaq deməkdir: «Dövlətinin gələcəyini düşünən bir insan kimi hakimiyyətin ritorikası məni də narahat edir. ABŞ Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham olunur. Hüquq haqqında elementar təsəvvürləri olan hər kəs bilir ki, ABŞ-dan gələn bəyanatlar insan haqları ilə bağlıdır. İnsan haqları heç bir dövlətin daxili işi sayıla bilməz. İnsan haqları universal bir dəyərdir. Ona görə ABŞ-ın bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaq demək deyil. Dövlət Departamentinin təmsilçisi Azərbaycanda insan haqlarının pozuntusu ilə bağlı hakimiyyətə çağrış edib. Bu çağrışlar Azərbaycan vətəndaşlarına repressiyaların dayandırılması ilə bağlıdır».
G.Hacıbəylinin fikrincə, vətəndaşlarımızın taleyi ilə bağlı məsələ ABŞ DD-ni deyil, Azərbaycan hakimiyyətini narahat etməlidir. Çünki ədalətsiz məhkəmə hökmləri ilə həbs olunanlar Azərbaycan vətəndaşlarıdır: «Azərbaycanın strateji, iqtisadi, enerji tərəfdaşı olan bir ölkə ilə münasibətlərin bu səviyyəyə gətirilməsindən təəssüflənirəm. Bu proses özü də o zaman baş verir ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri ölkəmizin Avrasiya İttifaqına getəmsinin maraqlarımıza uyğunluğu barədə açıqlamalar verirlər. Bu çox təhlükəli tendensiyadır. Xüsusilə də Rusiya gəmilərinin Bakı buxtasına daxil olduğu bir vaxtda ABŞ-la münasibətlərin bu səviyyədə gərginləşməsi sözsüz ki, Azərbaycanın mənafelərinə uyğun deyil».
Xəyal