“Hakimiyyət onları qəsdən ora göndərmişdi ki, aksiyanı hörmətdən salsınlar, ancaq alınmadı”
Milli Şuranın 12 oktyabr mitinqində təxribata cəhd olduğu barədə xəbər vermişidik. Belə ki, mitinqdə iştirakçılardan olmayan naməlum şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının bayrağını qaldırmağa cəhd ediblər, lakin iştirakçılar onları zərərsizləşdirib, polisə təhvil veriblər. Bu hal meydanda bir neçə dəfə təkrarlanıb. Bu baxımdan təşkilatçılar həmin adamların hakimiyyət orqanları tərəfindən göndərildiyini iddia edirlər.
Mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün facebook səhifəsində yazır ki, aksiyanın mühafizə dəstəsi İŞİD bayrağını qaldıramağa cəhd göstərənləri 5 dəfə anındaca saxlayıb meydandan çıxardılar və polisə təhvil verdilər. Ancaq mühafizəçilərin meydandan çıxardığı 1 “işidçi”ni polis ikinci dəfə sərbəst buraxıb, meydana yenidən daxil olmasına şərait yaradıb. “Demək, bu bayrağı qaldıranlar heç də gerçək İŞİD üzvləri deyildilər, hakimiyyət onları qəsdən ora göndərmişdi ki, aksiyanı hörmətdən salsınlar. Ancaq alınmadı”, – deyə Qəhramanlı qeyd edib.