«Sendviç» kimi əzilənlər Jirinovskinin bələdçisi rolunda
Ölkədə baş verən proseslər və bu proseslərin nəticələri Azərbaycan hakimiyyətinin mahiyyətini bir daha aşkara çıxarır və hakim komandanın hansı dəyərlərin daşıyıcısı olduğunu göstərir.
Təbii ki, hər bir ölkənin daxili və xarici siyasəti birinci şəxsin iradəsi əsasında formalaşır və hakimiyyət sözçüləri də müəyyənləşmiş siyasi xəttin təbliğatına xidmət edirlər.
Ancaq, heç kimə sirr deyil ki, hakimiyət daxilində Rusiyanın 5-cu kalonu həmişə fəaliyyət göstərib və zaman-zaman bu adamlar öz mövqelərini ifadə ediblər. Hətta, ölkələr arasındakı münasibətlərdə gərginlik yarananda da Ramiz Mehdiyevin, Yaqub Eyyubovun, bəzi deputatların Rusiyaya qarşı münasibəti dəyişməz olub.
Digər bir qrup adamlar da olub ki, hər zaman Qərbyönlü kimi tanınıblar və daha çox Qərblə körpülərin qurulmasına xidmət ediblər. Səməd Seyidov, Asim Mollazadə və digərlərini bu siyahıya aid etmək olar. Hətta, xatırlayırıq ki, bu adamlar Avropanı, Amerikanı gəzib Rusiyanın əleyhinə danışırdılar, Azərbaycanın “sendviç”kimi əzildiyini bildirirdilər.
Bir sözlə, bu “qərb heyəti” Şimal qonşumuzu “kozır” kimi istifadə edərək, Qərbin qarşısınıda Azərbaycana imic düzəltməklə məşğul idilər.
Təbii ki, bu bölgü məşhur “balans” siyasətinin əsas istiqaməti olub və ölkə başçısı səviyyəsində razılaşdırılmış siyasətdir.
Indi isə, fərqli bir siyasətin şahidi oluruq. Yəni, “qərb əsgər”ləri, şimal cəbhəsində döyüşməyə başlayıb. Dünənə qədər Qərb təmsilçisi rolunu oynayan Səməd Seyidov, indi Rusiyanın önəmindən danışır. Yaxud, Avropanın sakininə çevrilmiş Asim Mollazadə anti-Avropa bəyanatları səsləndirir. Hakimiyyət “qərb körpü”lərini, “şimal pilləkəni”nə çeviriblər.
Jirinovskinin Bakı səfərində bu təzad daha qabarıq şəkildə ifadə olundu. Təsəvvür edin, Rusiya tərəfindən “sendviç” kimi əzildiyini söyləyən Səməd Seyidov, Rusiyadan gələn Jirinovskinin bələdçisi rolunda çıxış edirdi. Əslində, bu bələdçiliyi başqaları da həyata keçirə bilərdi. Ancaq, bu vəzifənin Səməd Seyidova həvalə edilməsi, balansın həqiqətən də pozulmasından xəbər verir.
Bu mənzərəyə tamaşa edəndə o qənaətə gəlmək olur ki, bu günə qədər olan bütün hadisələr tamaşa imiş. Indi isə, qrimlər silinir və hər kəs öz şəklində görünməyə başlayır.
Bu hadisələr həm də hakimiyyətin öz komandasına münasibətini ifadə etdi. Yəni, hakimiyyət üçün hansısa komanda üzvünün deşifrə olunması, imicinin korlanması əhəmiyyət kəsb etmir. Istənilən vaxt, istənilən komanda üzvünü qurban verməyə, öz əleyhinə fəaliyyət göstərməyə məcbur etməyə hazıdılar.
Bir sözlə, Rusiya seçiminin və Rusiya sevgisinin sübutu üçün, “qərb desant”larını da “sındırdı”lar.
Akif