Rusiyada “Facebook”, “Twitter”, “Gmail” e-poçt xidməti servisləri bağlanır
Rusiyada qəbul edilən yeni internet qanununa əsasən sosial şəbəkələr “qara siyahı”ya salına bilər. Bu isə ən çox istifadə edilən sosial şəbəkələrə zərbə vura bilər. Belə ki, yeni qanun ölkədə senzuranın gətiriləcəyini göstərir. Yüksək vəzifəli nümayəndələrdən biri bu qanunla, “Facebook” və “Twitter” sosial şəbəkə saytlarının, eləcə də “Gmail” e-poçt xidməti servisinin bağlana biləcəyini açıqlayıb.
Rusiya prezidenti Vladimr Putin təsdiqlədiyi yeni qanun çərçivəsində hər üç şirkətə yanvara qədər Rusiyanın rabitə və informasiya texnologiyalarının izlənməsi qurumuna müraciət etmələri üçün vaxt verib. “İzvestiya” qəzetinə müsahibəsində “Roskomnadzor”un sədr müavini Maksim Ksenov internet yasaqlarını belə dəyərləndirib: “Twitter, Facebook və Gmail qərar verməlidir. Hökumət onları ölkədən çıxarmaq istəyir və imzalanmış qanunu həyata keçirmək fikrindədir”.
Məsələnin Azərbaycan üçün maraqlı tərəfi ondan ibarətdir ki, iqtidar bir qayda olaraq Rusiya hakimiyyətinin tətbiq etdiyi neqativ təcrübədən yararlanır. Bu baxımdan istisna deyil ki, Rusiyadakı bu «yenilik» Azərbaycan hakimiyyəti tərəfindən tətbiq ediləcək. Onu da nəzərə almaq lazımdır ki, hakimiyyət təmsilçiləri sosial şəbəkələrlə bağlı məhdudiyyətlərin tətbiqi barədə artıq açıqlamalarla çıxış ediblər.
Mehman Əliyev: «Azərbaycan hakimiyyətinin də bir müddət sonra oxşar qadağa ilə çıxış etməsini gözləmək olar»
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Rusiya MDB məkanında aparıcı avtoritar, korrupsioner, kriminal dövlətdir. Rusiyanın ətrafında ona bənzər rejimlərin formalaşmasında maraqlı olduğunu deyən M.Əliyev vurğuladı ki, Rusiya məhz bu yol ilə MDB məkanında idarəetməni həyata keçirir: «Avtoritar rejimlər azad informasiyadan, insanların fikir mübadiləsindən həmişə qorxublar. Ona görə bu tip qadağalar tətbiq olunur. Rusiya hazırda Ukraynaya qarşı ciddi təbliğat aparır. Rusiyada daxili narazılıqlar artır. Rusiya həm iqtisadi, həm də siyasi böhran ərəfəsindədir. Əgər bir ay əvvəl Moskvada Putinə qarşı 20 nəfərin iştirakı ilə aksiya keçirmək mümkün deyildisə, hazırda situasiya tam dəyişib».
M.Əliyev hesab edir ki, Putin yürütdüyü siyasətin dövləti iflasa apardığını gözəl bilir, ona görə də azad mətbuat və sosial şəbəkələrlə bağlı qadağalar tətbiq edir. Azərbaycan hakimiyyətinin də oxşar niyyətlərdən hərəkət etdiyini deyə M.Əliyev vurğuladı ki, Azərbaycan hakimiyyətinin də bir müddət sonra oxşar qadağa tətbiqi niyyətiylə çıxış etməsini gözləmək olar.
Xəyal