Ə bə qardaş, hardasan, gəl çıx da bə….
İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli
Günlərin bir günü məmləkətə hay düşdü ki, bəs Jirinovski gəlir. Qəzetlər yazdı, televiziyalar danışdı. Müzakirələr başladı. Hərə bir şey deyirdi; biri deyirdi gəlsin, biri deyirdi gəlməsin. Beləcə söz-söhbət uzanırdı. Kişinin gəlişi lap naçalnik gəlişinə dönmüşdü… Budu gəlir, odu gəlir, amma zalımoğlu gəlib çıxmaq bilmirdi. Əhli-bütün qulağı səsdə, gözü yolda qalmışdı. Ə bə, qardaş, harda qaldın, gəl çıx da bə, gözləməkdən gözümüzün kökü saraldı, axı. Uzun sürən çək-çevirdən sonra, axır ki, MUJİK Jirinovski cənabları təşrif gətirdi. Xoş qədəmlərini məmləkətin baş kəndinə qoyub əhli-bütü feyziyab etdi. Şükür, Vladimir Volfoviç, min şükür, böyüklüyünə… qulağımızı səsdən, gözümüzü yoldan yığdın, bizi intizardan qurtardın! Qüsura baxmayın, hadisənin əhəmiyyətini nəzərə alıb, fəxri qonağın gəlişinə dair qısa bir tarixi arayış vermək zorundayam. Fil qulağında yatıb, dünyanın gəldi-gedərindən, gəc-rəftarından bixəbər olan kəslərin qulluğuna ərz edim ki, Rusiyanın sayılıb-seçilən MUJİKlərindən biri, cənab Vladimir Volfoviç Jirinovskinin məmləkətimizə təşrif buyurması elə-belə sıradan bir məsələ deyil, bu, tarixi, siyasi bir hadisədir. Ki hər əsrdə bir dəfə olur. Ozü də hər kəsə, hər millətə qismət olmur. Bu, Allah-taalanın bir lütvüdür ki, yalnız və yalnız bizə nəsib olub. Aynes demişkən bu, bir alın yazısıdır. Amma bu yazını bu millətin taleyinə kim yazıb, niyə yazıb: Allahmı yazıb, Şeytanmı yazıb?! Bilən yoxdu, düz iki əsrdən üzü bəri məmləkətin başbilənləri bu suala cavab axtarır, amma tapa bilmir. Allah Mirzə Cəlilə rəhmət etsin.
Tarixi hadisələr əsrdə bir dəfə olur…
Rəvi rəvayət edir ki, ötən əsrdə şəhri Mazandarandan bir Seyx təyğiri-libas olub şəhri Naxçıvana təşrif gətirir. Gəlməzdən əvvəl bir namə yazıb göndərir şəhər əhlinə ki, bəs mən övliyayam, Allah tala mənə ölü diriltmək kimi bir müqqədəs hökm əta edib. Bu günlərdə sizin bir yerlinizi mazandaran eşşəklərinə mehdərlik edən eşşəkçi Məmişi eşşək şıllaq atıb, vurub öldürmüşdü. Eləmədim tənbəllik, fitri istedadımdan istifadə edib, onu diriltdim. İndi də gəlirəm onun dədə-babasını diriltməyə. Hərgah siz də ölənlərinizi diriltmək istəyirsinizsə o zaman hazırlaşıb, çıxın pişvazıma. Xoş-beş, on beşdən sonra Şeyx başlayır ölüləri diriltməyə… İşin şirin yerində şəhər əhli qəbiristanlıqdan çıxıb hərə bir tərəfə fikirləşməyə gedir. Çəddinə qurban olduğum da fürsətdən istifadə edib, gündə bir toyuq beçəsi yeyib, üstundən üzüm şirəsi içib feyziyab olurdu. Bir gün belə, iki gün belə Seyx görür ki, adamlar fikirləşdikcə ayılır, duyuq düşənlər var. Odur ki, fürsət tapan kimi şələ-şüləsini də yığışdırıb aradan çıxır. Rəvi rəvayət edir ki, qəfildən zühr elədiyi kimi qəfildən də qeybə çəkilən Şeyxdən sonra dirilmək üçün növbəyə duran ölülərin o gündən bu günə hələ də qulağı səsdə gözü yolda qalıb.
Jirinovski gəlib ki, ölülərin qulağlnı səsdən, gözünü yoldan yığsın…
Bəs kimdir bu, Vladimir Volfoviç Jirinovski? Kllasik, tipik rus MUJİKİdir, bizim bu Məşədi İbad, bağışlayın, Jirinovski. Bir suyu da müqqədəs Rasputinə oxşayır. Bəzi mülhaizələrə görə, guya Rasputin öləndən sonra ruhu Jirinovskdə təcəllə edib. Zəruri bir qeyd: Bəzi dini mühaizələrə görə isə insan öləndən sonra onun ruhu heyvana keçir. Jirinovski sıradan biri deyil, rəsmi şəxsdir. O, Dövlət Dumasının vitse-spikeridir. Amma işi-gücü Dumada onun-bunun bostanına daş atıb, gəvəzə-gəvəzə danışmaq olub. Günlərin bir günü isə ulu öndərin haqqında danışıb, özü də necə danışıb. Deyib ki, bəs, Heydər Əliyev dünyanın ən varlı adamıdır, çünki onun 8 milyon qoyunu var. Təbii ki, bu sözlərdən sonra susmaq olmazdı, ən azı parlament səviyyəsində, vitse-sipikerin simasında cavab verilməliydi. Və insafən verildi də.
“Jirinovskiyə siyasi təlxək deyirlər, bu təlxək sözü doğrudu, amma natamamdı, çünki o, həm də siyasi cəhətdən xəstə təlxəkdir”. Bunu parlamentin vitse-sipikeri Ziyafət Əgərov deyib. “Bir adam ki, öz milliyyətini dana beləsindən bundan artıq nə gözləmək olar?!”. Bunu da müzakirələrin yekununda Milli Məclisin sədri Oktay Əsədov deyib. Digər millət vəkilləri sadəcə Jirinovskiyə cavab verməyi özlərinə yaraşdırmayıblar. Öz aləmlərində, guya onu insan yerinə qoymayıblar. Adama deyərlər insan yerinə qoymamağın hara fəxri qonaq kimi dəvət edib yuxarı başada oturtmağın hara?!
Jirinovskini fəxri qonaq kimi qəbul etmək tarixin ironiyasıdı…
İlham Əliyev onu fəxri və rəsmi qonaq kimi qəbul etdi. Dövlət başçısı kimi Heydər Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təhqir edən bir adama bu sayaq münasibət haradan kimdən və nədən qaynaqlanır, görəsən?! Bəs, harda qaldı bu millətin şərəf və ləyaqəti.?! Milləti başa düşdük sevmirsiniz. Bəs, ulu öndər Heydər Əliyevi necə başa düşək, əfəndilər, onu ki sevirsiniz?! Bu nə sayqı, bu nə qayğı?! Bu nə hizmət, bu nə xidmət?! Siz deyildiniz, indi Bakının küçələrini gəzdiyiniz kimi bir zamanlar Vaşinqtonun ofislərini qapı-qapı gəzib deyən ki, ay aman, qoymayın, “Rusiya və Iran bizi sendviç kimi əzir” deyən?! Indi bəs, nə baş verib ki, dünən millətini sendeviç kimi əzib təhqir edən bir məxluqu bu gün yanınıza salıb gəzdirirsiniz?!
Deməli, mayanız batıb, bazarınız bağlanıb, qələminiz qırılıb, kitabınızi daha oxuyan yoxdur?! Ki, daxildə Hafiz Hacıyevə, xaricdə Vladimir Jirinovskiyə möhtac olmusunuz…