Razi Nurullayev: «Obama Ərdoğanı inandırmağa çalışacaq ki, anti-terror koalisiyasında yer almaq Türkiyənin maraqlarına da uyğundur»
Amerika Birləşmiş Ştatlarında səfərdə olan Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb. Nyu-Yorkda keçirilən BMT-nin Iqlim Zirvəsində iştirak edən görüşdə Ərdoğan və Obama Suriya münaqişəsi də daxil olmaqla bölgədəki bir sıra məsələləri müzakirə ediblər.
Ərdoğanın həmçinin Nyu-Yorkda ABŞ-ın vitse prezidenti Co Baydenlə görüşəcəyi bildirilir. Bu görüşdə əsasən Suriya münaqişəsinin müzakirə ediləcəyi deyilir.
Qeyd edək ki, son dövrlər Türkiyə-ABŞ münasibətlərində müəyyən soyuqluq yaranmışdı və bunun səbəblərindən biri də Türkiyənin IŞID-ə qarşı əməliyyatda iştirakdan imtina etməsi idi. Bir neçə gün öncə isə Ərdoğan açıqlama vermişdi ki, Türkiyə IŞID-ə qarşı hərbi əməliyyatlarda ABŞ və koalisiya ölkələrinə hərbi dəstək verməyə hazırdır.
Verilən məlumata görə, Barak Obama ilə görüşdə Ərdoğan Pensilvaniyaya sığınan nurçuların lideri Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib və Barak Obamaya ciddi mesajlar verib: “Obamaya dedik ki, sizin bizdən istədiyiniz terrorçuları biz sizə verdiyimiz kimi, siz də bizim təhlükəsizliyimizi təhdid edən adamı ölkədən çıxarın”- deyə Ərdoğan ABŞ-ın Xarici Işlər Şurasındakı çıxışında bildirib.
Bəzi ekspertlər hesab edir ki, Ərdoğan IŞID məsələsində ABŞ-ın siyasətinə dəstək vermək qarşılığında, Fətullah Güləni təhvil almaq istəyir. Ancaq ekspertlər hesab edir ki, ABŞ Fətullah Güləni Türkiyəyə qaytarmayacaq. Əvvəla ona görə ki, bundan əvvəl də Türkiyənin bu istiqamətdə çabaları olub və ABŞ konkret etiraz edib. Digər tərəfdən, Fətullah Gülənin Türkiyəyə verilməsi ABŞ-ın imicinə mənfi təsir edə bilər və etibarlılığını itirər.
Bəzi ekspertlər isə hesab edir ki, Ərdoğan öz çirkli əməllərini ört-basdır etmək üçün Fətullah Güləndən istifadə edir və ailəsi ilə bağlı rüşvət qalmaqalını bu adamın törətdiyini sübuta yetirməyə çalışır.
Bütün bunlardan sonra, Ərdoğan və Obama hansı məsələlərdə anlaşa bilər?
Siyasi ekspert Razi Nurullayev hesab edir ki, ABŞ heç vaxt Fətullah Güləni Türkiyəyə təhvil elməz. Ancaq bəzi məsələlərdə tərəflər arasında razılıq əldə oluna bilər: “Yəqin ki, ”hizmət” hərəkatı haqqında, paralel dövlətin fəaliyyəti ilə bağlı Ərdoğan Obamaya müəyyən məlumatlar verib və bununla da Güləni Obamanın gözündən salmağa çalışıb. Ancaq hansısa bazarlıq qarşısında Fətullah Güləni ABŞ-dan tələb etmək qeyri-ciddi olardı. Ərdoğan kifayət qədər güclü siyasətçidir və düşünmürəm ki, birbaşa görüşdə prezidentə yaraşmayan mövqe sərgiləsin. Əvvəla, ABŞ Fətullah Güləni təhvil verməz. Digər tərəfdən isə, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi və həbs olunması növbəti skandala səbəb ola bilər”.
Tərəflər arasında razılığa gəlincə, ekspert hesab edir ki, bu razılaşma IŞID və Suriya məsələsində əldə oluna bilər: “Obama Ərdoğanı inandırmağa çalışacaq ki, anti-terror koalisiyasında yer almaq Türkiyənin maraqları üçün də uyğundur. Eyni zamanda IŞID-in tamam məhv edilməsi üçün planlar hazırlanır və Ərdoğan praqmatik bir siyasətçi kimi uduzan tərəfin yanında olmaq istəməz. Daha sonra Suriyadakı məsələ həll ediləcək və Yaxın Şərqdə yeni bir düzən yaranacaq. Bu ərazinin mühüm dövlətinə çevrilmək də, Türkiyənin geosiyasi maraqlarına uyğundur. Ona görə də Türkiyə yeni koalisiyaya qoşulacaq və ABŞ-la ciddi əməkdaşlıq edəcək”.
Akif