Avropa Parlamentinin qətnaməsi Azərbaycanla bağlı dəyişən siyasətinin konturlarını müəyyən etdi
Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qəbul olunan qətnamə bir sıra özəlliyi ilə fərqlənir. Avropa Parlamenti Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlər hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırmaqla yanaşı, tövsiyyələrə əməl olunmayacağı təqdirdə hansı addımların da atılacağını bəyan edib. Hətta əvvəlki illərdən fərqli olaraq bir qədər də irəliyə gedilərək Azərbaycanda insan haqları sahəsindəki pozuntular nəzərə alınaraq, Avropa Komissiyasına vəziyyət dəyişməyənə qədər Yaxın Qonşuluq Siyasəti çərçivəsində Azərbaycana ayrılan maliyyəni dayandırmaq tapşırığı verilib.
Daha bir maraqlı detal qəbul olunan qətnamənin kompleks xarakter daşımasıdır. Sənəddə Avropa Parlamentinin prezidentinə tövsiyə edilib ki, qətnaməni Azərbaycan prezidentinə, hökumətinə və parlamentinə, Avropa Birliyi Xarici Əlaqələr Komitəsinə, Avropa Birliyi Şurasına, Avropa Komissiyasına və Avropa Şurasına göndərsin.
Növbəti maraqlı məqamlara gəlincə isə onlar AB üzvü olan ölkələrin Azərbaycanla bağlı fəaliyyətinin koordinə edilməsi və ölkəmizlə bağlı durumun müntəzəm olaraq AP-ya hesabat formasında təqdim olunmasıyla bağlıdır. Bu sənəd Avropa Birliyinin Azərbaycana dəyişən siyasətinin konturlarını müəyyən etməklə yanaşı, gələcək fəaliyyət planına da aydınlıq gətirir. Qətnamədə altı cızılan məqamları nəzərə alsaq onu demək olar ki, artıq Avropa Birlyinin Azərbaycanla bağlı siyasətində loyalıq gözləməyə dəyməz. Əksinə hakimiyyətin siyasətində ciddi dəyişiklik olmayacağı təqdirdə Azərbaycan hakimiyyətini ciddi tədbirlər gözləyir.
Siyasi şərhçilər hesab edir ki, Azərbaycan hakimiyyətinin son dövrlərdə görünməmiş miqyasda repressiyalar aparması Avropa Birliyini prosesi dayandırmaq üçün ciddi addımlar atmağa məcbur etdi. Avropa Parlamentində qətnamə qəbul olunmamışdan əvvəl Avropa Birliyi rəsmilərinin aparılan repressiyalarla bağlı Azərbaycan hakimiyyətinə müraciətlərinin nəticəsiz qalması daha sərt addımların atılmasını zəruri etdi. Avropa strukturları vəziyyətin qorxulu hal almasını nəzərə alaraq bundan sonra daha açıq və sərt mövqe ifadə olunmasını vacib hesab etdi. Əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif strukturlar səviyyəsində fəaliyyət göstərmək qərarı verdilər. Qətnamədə açıq və birmənalı şəkildə bildirilir ki, Avropa Birliyi xarici əlaqələr xidməti Azərbaycanda hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Avropa Parlamentinə müntəzəm hesabatlar təqdim etməlidir. Eyni zamanda Avropa Birliyinin Bakı ofisindən ilk növbədə hüquq müdafiəçiləri müntəzəm əlaqələr saxlamaq və açıq şəkildə demokratik qüvvələrə dəstək vermək tapşırığı verildi. Mühüm əhəmiyyət kəsb edən amil həm də ondan ibarətdir ki, Avropa Birliyinin Bakı ofisi bu istiqamətdə fəaliyyətini AB-ya daxil olan ölkələrin səfirlikləri ilə sıx koordinasiya etməlidir. Bütün bunlar o deməkdir ki, Avropa Birliyi Azərbaycanda demokratiya və insan hüquqları səviyyəsində vəziyyəti dəyişdirmək üçün çox ciddi səylər göstərmək üçün Azərbaycanla təşkilat arasında əlaqələrin siyasi və iqtisadi mənada böyük əhəmiyyət daşıdığını rəsmi Bakı nəzərə alaraq zəruri addımlar atmalıdır.
Xəyal