İcra başçısının bələdiyyə sədri ilə dalaşdığı bildirilir
Sentyabrın 10-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafayev barəsində Göygöl rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“bizimyol.info”nun əldə etdiyi məlumata görə, M.Mustafayev hələ icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb. Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı Baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə Prezidentə məruzə olunduqdan dərhal sonra M. Mustafayev tutduğu vəzifədən azad olunub. Hazırda Göygöl rayon Prokurorluğunda onun barəsində araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “virtualaz.org”un sorğusuna cavabda məlumatı təsdiqləyib.