ABŞ-ın gələcək səfiri Azərbaycanda demokratlara dəstək olacağını bildirir
«Vaşinqton iki ölkə arasındakı mürəkkəb durumda Azərbaycanda ümumi maraqlara və demokratiyaya sadiqdir». Bu sözləri Senat Komitəsindəki dinləmələr zamanı ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfiri Robert Sekuta bildirib. Xarici əlaqələr komitəsinin üzvləri qarşısında çıxış edən Sekuta qeyd edib ki, ABŞ Azərbaycanla üç mühüm istiqamət üzrə əməkdaşlıq edir: təhlükəsizlik, energetika və demokratiya. Sonuncu ölkənin Avroatlantik birliyinə inteqrasiyası üçün mühüm şərtdir. “Əgər məni təsdiqləsələr mən Azərbaycanda davamlı demokratiya və diversifikasiya edilmiş iqtisadiyyata malik güclü və müasir dövlət quruculuğuna yardım edəcəyəm”, – Sekuta vurğulayıb və əlavə edib ki, ikitərəfli mübasibətləri “ümumi maraqlar və dəyərlər əsasında” qurmağa çalışacaq.
Təhlükəsizliyin və energetikanın vacibliyini qeyd edən Sekuta demokratik institutların və qanunun aliliyinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. “Bu, uzunmüddətli sabitliyin təminatı və Azərbaycanın öz potensialını reallaşdırması üçün vacibdir”, – o qeyd edib.
“Biz başa düşürük ki, Azərbaycan çox mürəkkəb regionda yerləşir və öz təhlükəsizliyini, sabitliyini təmin etməlidir ki, bu da ABŞ tərəfindən qəti şəkildə dəstəklənir. Lakin biz onu da başa düşürük ki, Azərbaycanın istədiyi təhlükəsizlik, sabitlik və çiçəklənmə demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara sadiq olmadan mümkün deyil”, – diplomat vurğulayıb.
Bəzi ekspertlərin fikrincə, son dövrlərdə ikitərəfli münasibətlərin gərginləşməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılması, Amerika QHT-lərinin ölkədə fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Sekutanın dəstək qazanması elə də asan olmayacaq.
Dinləmələr zamanı komitə rəhbəri Kris Merfi həbs olunmuş Arif və Leyla Yunusların, həmçinin ümumilikdə siyasi məhbuslar məsələsini qaldırıb. Sekuta deyib ki, əgər təsdiqlənərsə bu sahə onun gələcək fəaliyyəti zamanı diqqət yetirəcəyi ən mühüm sahələrdən biri olacaq.
Müzakirələrdə Qarabağ nizamlanmasına da toxunulub. Sekuta məsələ ilə bağlı bildirib ki, sülhə nail olunması üçün ABŞ administrasiyasının və amerikalı həmsədr Ceyms Uorlikin səylərini dəstəkləyəcək
Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı mühüm bəyanatlar verən təyin olunacaq səfirdən gözləntilər nədən ibarətdir?
Fuad Qəhrəmanlı: «Bu bəyanat onun anonsudur ki, yeni gələn demokratik missiyanın əsas hədəfi Azərbaycanın demokratikləşməsinə nail olmaqdır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, səfirin açıqlamasından görünür ki, ABŞ-ın yeni təyin olunacaq səfirinin fəaliyyətində prioritet istiqamət Azərbaycanda demokratik institutların inkişafına, qanunun aliliyinin təmin olunmasına, demokratik islahatların keçirilməsinə yardım etməyə yönələcək. F.Qəhrəmanlının fikrincə, təhlükəsizlik və energetika məsələləri ilə bağlı sıralamada bu dəfə prioritetin demokratiyanın inkişafına verilməsi təsadüfi qiymətləndirilməməlidir: «Səfir açıq şəkildə bildirir ki, demokratik cəmiyyət qurulmadan, qanunun aliliyi təmin olunmadan sabitliyə nail olunması mümkün deyil. Bu isə o deməkdir ki, Azərbaycanla həm enerji, həm təhlükəsizlik sahəsində əməkdaşlıqda məhz demokratiyaya münasibət aparıcı rol oynayacaq və demokratik islahatların önünün açılması çıxış nöqtəsi olacaq».
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyət bir qayda olaraq demokratiyanı arxa plana keçirməklə təhlükəsizlik və enerji maraqlarını önə çəkməyə çalışır. Bu baxımdan hakimiyyətin siyasəti əsasən Qərbin Azərbaycanda baş verənlərə loyal yanaşmasına, bir çox məsələləri görməzlikdən gəlməyə nail olmağa yönəlib. Amma F.Qəhrəmanlı hesab edir ki, səfirin açıqlaması onu deməyə əsas verir ki, bu mərhələ artıq arxada qalıb və Azərbaycanla münasibətlərin konkret prinsipləri müəyyən edilir: «Bəyan olunur ki, Azərbaycan demokratikləşmədən, insan hüquqlarının qorunmasına nail olmadan ABŞ-la münasibətləri inkişaf etdirmək mümkün deyil. Eyni zamanda vurğulanır ki, demokratiya problem olaraq qalacaqsa, bu strateji inkişafın qarşısını alacaq. Bu həm də o deməkdir ki, demokratiyanın, qanunun aliliyinin təmin olunması üçün ABŞ Azərbaycanda vətəndaş cəmiyyətini daha fəal dəstəkləmək mövqeyi tutacaq. Son hadisələr də göstərdi ki, hakimiyyətin ciddi cəhdlərinə baxmayaraq Qərb Azərbaycanda insan hüquqları, demokratiya məsələsini qurban vermək fikrində deyil. Bu baxımdan səfirin çıxışı iki ölkə arasındakı münasibətlərin ruhuna xarakterinə uyğundur. Azərbaycan hökuməti də bu yeni münasibətlərə hazır olmalıdır. İndiyə qədər işlənmiş şantaj və digər üsullar effekt verməyib. Bundan əvvəlki ABŞ səfiri Azərbaycanda insan haqlarının, mətbuat azadlığının məhdudlaşdırılmasını qabartdığına görə hakimiyyətin təbliğat kampaniyası ilə üzləşmişdi. Bu bəyanat həm də onun anonsudur bu cür addımlar nəticə vermir və yeni gələn demokratik missiyanın əsas hədəfi Azərbaycanın demokratikləşməsinə nail olmaqdır».
Xəyal