Türkiyənin “Todays Zaman” qəzetinin NATO-nun Azərbaycanda yeni hərbi bazalar yaratmaq planı barədə məlumat yaydığı barədə informasiya vermişdik. Məlumatda bildirilirdi ki, Ukrayna və Rusiya arasında gərginliyin artması, həmçinin regiondakı qeyri-stabillik Xəzər dənizinin neft resurslarının, eləcə də çox əhəmiyyətli neft-qaz marşrutlarının təhlükəsizliyini təhdid altında qoyur.
Beləliklə, regiondakı təhlükənin iki aspekti var: neft daşımaları marşrutlarına və regiondakı rəqib güclərin gələcəyinə təhlükə yaranır. Bununla əlaqədar Cənubi Qafqazda Rusiya ilə Qərb arasında rəqabətin güclənməsi Azərbaycanın təhlükəsizliyi baxımından daha bir mühüm aspektdir.
İndi əsas məsələ odur ki, regiondakı təhlükəsizlik vakuumunu kim dolduracaq. Bir sıra ekspertlər hesab edir ki, Rusiya və Ukrayna arasındakı konflikt NATO-nun Azərbaycanda yeni hərbi bazalarının yaradılması ilə nəticələnə bilər. Əlbəttə Azərbaycanda NATO-nun belə bir bazasının yerləşdirilməsi Rusiyanın regiondakı maraqlarına zərbə vurmaqla yanaşı, qüvvələr nisbətini Qərbin xeyrinə dəyişə bilərdi.
Amma NATO-nun Rusiyaya qarşı addımları bununla məhdudlaşmır. Əgər Azərbaycanda hərbi bazanın yerləşdirilə biləcəyi rəsmi mənbələrdən təsdiqini tapmasa da, NATO rəhbərliyinin Rusiyanı növbəti dəfə sərt hədələməsi bir reallıqdır. «Bundan sonra NATO məxfi və qeyri-rəsmi müdaxilələri müharibənin dəlili kimi qəbul edəcək». Bu barədə alyansın Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, general Filipp Bridlav bəyan edib. O, bildirib ki, Rusiyanın Krımdakı ssenarini NATO üzvü olan ölkələrə həmsərhəd dövlətlərdə reallaşdırmağa çalışsa sərt reaksiya ilə üzləşəcək. Münasibətini öyrəndiyimiz ekspertlər öncə NATO bazalarının Azərbaycanda yerləşdirilməsinin mümkünlüyünə toxundular.
Vəfa Quluzadə: «1995-ci ildə Pentaqonda mənə demişdilər ki, NATO Azərbaycanda hərbi bazalar yerləşdirəcək»
Politoloq Vəfa Quluzadə bildirdi ki, NATO bazalarının Azərbaycanda yerləşdirilməsi üçün bütün imkanlar mövcuddur. Azərbaycanla ABŞ arasında olan hərbi əməkdaşlıq nəticəsində ölkəmizin hərbi hava limanlarının NATO səviyyəsinə çatdırıldığını deyən V.Quluzadə hesab edir ki, lazım olarsa qısa müddətə tamamlama işləri aparıla bilər: «Amma mən hazırkı dönəmdə ABŞ-ın Azərbaycanda əsgəri baza yerləşdirmək arzusuna düşəcəyinə inanmıram. Hazırda ABŞ-ın Rusiya ilə əsas cəbhəsi Ukraynadadır. ABŞ-ın daha bir cəbhəsi İŞİD-ə qarşıdır. Amerika bu təşkilatı məhv etməyi qarşısına məqsəd qoyub. Ona görə hələlik Amerikanın gündəmində Azərbaycanda NATO hərbi bazalarının yerləşdirilməsi yoxdur. Amma vaxtı ilə 1995-ci ildə Pentaqonda mənə demişdilər ki, NATO Azərbaycanda hərbi bazalar yerləşdirəcək. Amma bu hələ gələcəyin işidir. Ona görə bazaların gələcəkdə yerləşdirilməsini istisna etmək olmaz. NATO bazalarının Azərbaycanda yerləşdirilməsi həm Amerikanın, həm də ölkəmizin maraqlarına uyğun gələrsə o zaman bu layihənin gerçəkləşməsi qısa zamanda mümkün olacaq».
NATO rəhbərliyinin Rusiyaya etdiyi xəbərdarlığa gəlincə isə, V.Quluzadə bildirdi ki, bu olduqca ciddi bəyanatdır. Bu bir daha təsdiq edir ki, Qərb artıq Rusiyanın şiltaqlıqlarına dözmək niyyətində deyil: «Putinin siyasəti Rusiyanın təcrid olunmasına gətirib çıxardı. Putinin millətçilər arasında nüfuzu artsa da, baş verənlər dövlətə yaxşı heç nə vəd etmir. Bir çox ekspertlər bəayn edir ki, hazırda Dördüncü Dünya Müharibəsi getməkdədir. Üçüncü Dünya Müharibəsin – «soyuq savaşı» Rusiya uduzub. Hazırkı müharibədə də Rusiya təklənib və müttəfiqsizdir. Hətta Çinin Rusiyaya qarşı ərazi iddiaları var».
Zahid Oruc: «MDB ölkələrinin NATO-ya üzvlüyü hələ ki, xəyaldır»
Millət vəkili Zahid Oruc bildirdi ki, dünyada baş verən proseslərin fonunda bu cür məlumatların gündəmə gəlməsi təsadüfi deyil: «NATO bazalarının ölkəmizdə yerləşdirilməsi ilə bağlı dövlətin fərqli mövqeyi ola bilər. Amma mənim fikrimcə, NATO bazalarının Azərbaycanda yerləşdirilməsi real məsələ deyil. Siyasi elitada təmsil olunanlar gözəl bilirlər ki, MDB ölkələrinin NATO-ya üzvlüyü hələ ki, xəyaldır. Bu məsələ məlum məsələlərdən çox böyük konfrantasiyalar doğurur».
Xəyal