Hüquq müdafiəçisinin durumu Rüstəm Usubov və Ombudsmanla müzakirə olunub
Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan vicdan məhbusu, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusa verilən fiziki və psixoloji işgəncələr son vaxtlar daha da güclənib. Bu barədə hüquq müdafiəçisinin vəkili Əlayif Həsənov məlumat verib.
Vəkil istintaq təcridxanasında Leyla Yunusla, eləcə də digər vicdan məhbusu Intiqam Əliyevlə görüşüb. Əlayif Həsənovun sözlərinə görə, görüş zamanı məlum olub ki, Leyla Yunus dözülməz şəraitdə saxlanılır.
“Leyla xanımın olduğu kameraya yeni dustaq göndərilib. Siqaret çəkməklə Nuriyyə Hüseynova (Leyla Yunusa kamerada hücum edən, onu ölümlə hədələyən residivist-red.) ilə duet təşkil edir. Leyla xanımın onsuz da havasızlıqdan məruz qaldığı işgəncəni bir qədər də ağırlaşdırırlar. Hər ikisi hazırkı siyasi hakimiyyəti ağız dolusu tərifləyir, Leyla xanıma necə deyərlər, ”siyasi dərs” keçirlər. Elmlər doktoruna cinayətkarlar hakimiyyətin müdrik siyasətindən danışıb təbliğat aparır, “beynini yuyurlar”. Adam bilmir bu hakimiyyətə acısın, yoxsa ürəkdən gülsün…”, – deyə vəkil qeyd edib.
Bu arada, Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Leyla Yunusa qarşı təzyiqləri pisləyib. O, “Turan”a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl həmkarı Mirvari Qəhrəmanlı ilə birlikdə baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Həmin görüş zamanı Rüstəm Usubovdan Leyla Yunus barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
Bundan başqa, Novella Cəfəroğlu özünün də daxil olduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun digər üzvləri ilə birlikdə Ombudsman Elmira Süleymanova ilə görüşüb. Onlar həmin görüşdə də Leyla Yunusun başqa kameraya köçürülməsinə yardımçı olmağı xahiş ediblər. Görüşdə Ombudsmanın diqqətinə çatdırılıb ki, Leyla Yunusun dəfələrlə cinayət törətmiş şəxslərlə eyni kamerada saxlanılması yolverilməzdir. Həmçinin zərurət varsa, Leyla Yunusun xəstəxanaya yerləşdirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Ombudsmandan Milli Preventiv Qrupun nümayəndələrini Leyla Yunusa baş çəkməyə göndərməyi xahiş ediblər.
Ombudsman Elmira Süleymanova da öz növbəsində qaldırılan məsələləri ədliyyə naziri Fikrət Məmmədova çatdıracağını vəd edib.
Qeyd edək ki, sentyabrın 24-25-də hüquq müdafiəçiləri parlament, icra hakimiyyəti nümayəndələri və xarici ekspertlərin iştirakı ilə insan hüquqları üzrə beynəlxalq konfrans keçirmək niyyətindədir. Bu konfransda hüquq müdafiəçiləri Qurban bayramı münasibətilə əfv fərmanı imzalamaq və bütün siyasi məhbusları, o cümlədən Leyla Yunusu həbsdən azad etmək çağırışı ilə dövlət başçısı Ilham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət qəbul etmək niyyətindədir.
İnformasiya şöbəsi