Azərbaycanda məhkəməyə qədər həbsdə saxlama və müstəntiq tərəfindən ibtidai araşdırmanın müddəti artırılır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinin 158.1, 159.7 və 218-ci maddələrinə dəyişikliklər təklif edilir.
Maddə 158.1-ə təklif edilən dəyişikliyə görə, icraata qədər istintaq müddəti üçün nəzərdə tutulan həbs qətimkan tədbirlərinin müddəti cinayət törədilməsinə görə 2 ay, az ağır cinayət törədilməsinə görə 3 ay, ağır və xüsusilə ağır cinayətlər üzrə isə 4 ay müəyyən edilib.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törətməsinə görə isə 3 (üç) ay həddində müəyyən edir.
Maddə 159.7.-yə təklif olunan dəyişikliyə görə, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin hər bir halda həbsdə saxlanılmasının son müddəti də artırılır.
Belə ki, az ağır cinayətlər üzrə müddətin 6 aydan 7 aya, ağır cinayətlər üzrə 9 aydan 10 aya, xüsusilə ağır cinayətlər üzrə isə 12 aydan 13 aya qədər artırılması təklif olunur.
Məcəllənin 218.7-ci maddəsinə təklif edilən dəyişikliyə görə isə müstəntiq tərəfindən ibtidai araşdırmanın müddəti xüsusilə ağır cinayətlər üzrə 4 aydan 5 aya, ağır cinayətlərə görə 2 aydan 3 aya qədər artırılır.
218.10.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən isə qeyd olunan hallar üzrə ən son müddət az ağır cinayətlər üzrə ittihama görə 9 aydan 10 aya, ağır cinayətlərə üzrə ittihama görə 12 aydan 13 aya və xüsusilə ağır cinayətlərin törədilməsi ittihamına görə isə 18 aydan 19 aya qədər artırılır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (APA)