«The New York Times» Türkiyənin IŞID-lə neft alverindən yazır
ABŞ-ın daha bir ciddi nəşri – “The New York Times” qəzeti Amerika hökumətinin “Iraq Şam Islam Dövləti”nin (IŞID) maliyyə mənbələrini məhv etməsinə Türkiyənin maneə yaratdığını iddia edir.
Bu barədə qəzetin yaydığı xəbərdə bildirilir ki, IŞID-ın qara bazarda satdığı neftin ən böyük alıcısı Türkiyədir. IŞID-in ucuz neft ticarəti üçün Türkiyənin cənubu əhəmiyyətli bazar rolunu oynayır. Hətta bu çirkli bazarlıqdan bəzi hökumət mənsublarının da mənfəət əldə etdiyi iddia olunur.
Müəllif yazır ki, Qərb kəşfiyyatıÿ Iraq və Suriyadan Türkiyənin cənubundakı sərhəd bölgələrinə neft daşınmasının izini müəyyənləşdirib. Hazırda bu daşınmanı həyata keçirən neft tankerlərinin vurulub-vurulmaması məsələsi ətrafında ABŞ Müdafiə Nazirliyində (Pentaqon) qızğın müzakirə gedir.
Türkiyənin IŞID-ə qarşı mübarizədə ABŞ-a yardım göstərməkdən imtina etməsini şərh edən xarici siyasət üzrə ekspert Juan Zarate bunuÿbaş verənləri “böyük xəyal qırıqlığı” kimi qiymətləndirib.
“Türkiyə öndə gedən bir NATO müttəfiqidir. Amma bu ölkənin IŞID-ə gedən pulu, döyüşçüləri və digər formada dəstəyi kəsməyə niyyətinin olub-olmadığı məlum deyil”, – deyə ekspert bildirib.
ABŞ mütəxəssislərinin sözlərinə görə, Iraqda təkcə IŞID-in hökm etdiyi bölgədə gündə 25-40 min barrel neft çıxarılır. Bunun da dəyəri qara bazarda 1.2 milyon dollar edir. Bu məbləğin əhəmiyyətli hissəsi də Türkiyə vasitəsi ilə reallaşır.
“Bəlkə də Türkiyə hökumətinin səlahiyyətliləri də işin içindədir. Türklər görməzlikdən gəlir, çünki ucuz qiymət işlərinə yarayır. Heç şübhə yoxdur ki, bu işdən pul qazanan türklərin sayı da az deyil. Hətta bu sıraya hökumət səlahiyyətliləri də daxil ola bilər”, – deyə baş verənləri “The New York Times”a şərh edən ekspert bildirib.
Məqalədə bir nəfər Qərb diplomatının fikirləri də yer alıb. O deyib ki, uzun müddətdir ABŞ bu qaçaqmalçı, cinayətkar şəbəkəni hədəfə alıb məhv etmək üçün Türkiyəni razı sala bilmir.
Informasiya şöbəsi